EN

AÇ-2024 1/8 final: Gürcüstan üçün tarixi matç - YENİLƏNİR

Almaniyada təşkil olunan AÇ-2024-də bu gün 1/8 final mərhələsinin daha iki matçı baş tutacaq.

“Football-plus.az” xəbər verir ki, qarşılaşmalar “İTV”də canlı yayınlanacaq.

30 iyun
İngiltərə - Slovakiya

Hakim: Xəlil Umut Mələr (Türkiyə)
Cəzalı: yoxdu
Stadion: “Arena AufŞalke” (Helzenkirhen)
Əvvəlki oyunlarının balansı: +5=1-0

Qrupdan birinci yerlə çıxmasına baxmayaraq, İngiltərə hələ ki bu turnirdə oyun və məhsuldarlıq baxımından qətiyyən ümidləri doğrultmur. Qaret Sautqeyt və komandası bu baxımdan böyük təzyiq altındadı. Çünki heyəti ulduzlarla zəngin olan və hələ də turnirin əsas favoriti sayılan ingilislərdən hər kəs darıxdırıcı yox, gözəl, baxımlı və məhsuldar oyun gözləyir. Amma vəziyyəti düzəltmək hələ də gec deyil. İngiltərə bu mərhələdən etibarən inamlı qələbələrlə həlledici oyuna qədər gedib çıxsa, komandanın qrupda zəif təsir bağışladığını artıq heç kim xatırlamayacaq. İngiltərə qapısına yol tapa bilmədiyi Sloveniyanın ardından bu dəfə Slovakiyanı sınağa çəkəcək. Slovakiya AÇ tarixinin ən qəribə qrupunu 3-cü pillədə tamamlayaraq pley-offa çıxdı. Maraqlıdı ki, İngiltərənin Sloveniyaya qarşı oyundan öncə göstəricisi (6 oyun, 5 qələbə, 1 heç-heçə) necə idisə, Slovakiyaya qarşı göstəricisi də eynidi. Özü də Sloveniya kimi Slovakiya da ingilislərə qarşı uduzmadığı yeganə oyunu 2016-da keçirib. Söhbət AÇ-2016-nın qrup mərhələsinə təsadüf edən və qolsuz bitən görüşdən gedir. Slovakların qrupda Belçika kimi komandanı qol buraxmadan məğlub etməsi onu deməyə əsas verir ki, İngiltərənin bu dəfə də işi asan olmayacaq.

İspaniya – Gürcüstan
Hakim: Fransua Letesye (Fransa)
Cəzalı: yoxdu/Mekvabişvili
Stadion: “ReynEnergiŞtadion” (Köln)
Əvvəlki oyunlarının balansı: +6=0-1

Portuqaliya üzərində qələbə qazanmaqla bütün Avropanı mat-məəttəl qoyan gürcülərin nağılının hara qədər davam edəcəyi böyük maraq doğurur. Bir çoxları Gürcüstanın həmin tarixi qələbəsini yalnız Portuqaliyanın motivasiyasızlığı ilə əlaqələndirir. Amma eitraf edək ki, gürcülər həm Türkiyə, həm də Çexiya ilə oyunlarda qələbəyə həsrət qalmalarına baxmayaraq, yetərincə böyük potensiala malik olduqlarını göstərmişdilər. İstənilən halda Gürcüstanın iddiasına və əsl gücünə əzəmətli ispanlarla oyunda aydınlıq gələcək. Turnirdən öncə bu fikir bəlkə də utopiya kimi səslənərdi. Amma indi reallıq məhz belədi. Özü də Gürcüstanın bu rəqiblə öz haqq-hesabı var. Bu komandalar bu turnirin seçmə mərhələsində eyni qrupa düşmüşdülər. Cəmi 9 ay öncə İspaniya Tbilisidə 7:1 hesabı ilə qalib gələrək Gürcüstanın bu heyətini azarkeşləri önündə rüsvay etmişdi. Maraqlıdı ki, Gürcüstanın artıq İspaniya üzərində bir qələbəsi var. Yaxın keçmişdə, daha dəqiq desək, 2016-nın iyununda gürcülər yoldaşlıq oyununda ispanları minimal hesabla məğlub etmişdilər. Özü də Madriddə!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources