EN

Təsbehini çevir, Mikels! – REPLİKA

“Sabah”ın sosial şəbəkə hesabında qeyd olunduğu kimi, bakılı balası qayıtdı.

Bəli, söhbət Coy-Lens Mikelsdən gedir. Klubun futbolçuyla bağlı yayınladığı treyler də yetərincə maraqlıdı. Bakılı kişilərin geyiminə bürünən oyunçunun masası üzərində təsbehi də var. Hələ xoruzquyruğu çayı demirik. Bununla belə, Mikels oturacağa əyləşərkən papağını başına qoyur və “come back!” deyir. Çox pakizə. Elə bil ötən mövsümün sonunda “Sabah”ı güclü “Partizan” qarşısında yalqız qoyaraq Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandırmasına seyirçi olan, müqavilə müddəti davam etdiyi halda Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna üz tutan mənəm! Yox əşi, mən nə futbolçuyam ki, özümdən şübhələnim, nə də xain...

Mikelsin azarkeş tərəfindən sevilməsinin əsas səbəbi “Sabah”ın tarixində ən çox qol vuran futbolçu olmasıdı (69 oyun, 33 qol). Onun bacarıqlarını görməzdən gəlmək insafsızlıq olar. Adam xarüqələr yaratmağı bacarır. Özü də artıqlamasıyla. “Sabah”ın növbəti mövsüm üçün hədəflərini, başlıcası, Konfrans Liqasında “Makkabi” kimi güclü komanda ilə qarşılaşacağını, həmçinin, avrokuboklarda bir neçə mərhələ adlamaq niyyətində olduğunu nəzərə alsaq, Mikels ideal seçimdi. Yəni “Sabah” məhz oyunçu seçimi baxımından doğru addım atdı. Bəs başqa nüanslar? Görəsən, almaniyalı “Sabah”ın mərhəmətinə layiq davranacaqmı? Vaxtilə “bayquşlar”ın heyətində göstərdiyi performansı təkrarlaya biləcəkmi?

Əlbəttə, bu suallara zaman cavab verəcək. Hələ qoy Mikels “Makkabi”yə qarşı oynasın, komandanın Konfrans Liqasında irəliləyə bilməsi üçün vəfa borcunu ödəsin, sonrasına baxarıq. Görünür, hər şey geridə qaldı. Əsas odu ki, bakılı balası bundan sonra addım atarkən papağını masada qarşısına qoyub uzun-uzun düşünməli, təsbehini çevirməli olacaq.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources