Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 9-da doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 10-da isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin iyunun 11-15-də namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılması həyata keçirilib.
Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1293 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.
Əlli beş nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.
Xatırladaq ki, DİM-ə xarici dil üzrə qüvvədə olan müvafiq beynəlxalq dil sertifikatını təqdim etmiş 254 nəfər namizəd xarici dil imtahanından azad olunub.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal isə 30-dur (bloklar üzrə 2 bal məhdudiyyəti nəzərə alınmaqla).
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər iyulun 1-2-də saat 10:00 dan 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
www.anews.az