EN

"Azərbaycan vətəndaşları səslərin verilməsinə və sayılmasına ciddi nəzarət etmək əzmindədirlər" - RƏY

Vətəndaşların cəmiyyətin ictimai həyatında və dövlət işlərində iştirakının kütləvi forması olan seçkilər siyası mədəniyyətin, hüquq şüurunun və mədəniyyətin formalaşmasında, xalqın iradəsinin milli maraqlar ətrafında birləşməsində mühüm əhəmiyyətə malikdir. Vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi dövlətin ali məqsədidir. Ölkəmizdə keçirilmiş seçkilərin hər biri əvvəlkinə nisbətən bu prosesin beynəlxalq standartlara çatdırlması yolunda irəliyə atılmış addım kimi qiymətləndirirlir. Bu, ilk növbədə dövlətin seçkinin demokratikliyinin təmin edilməsi üzrə siyasi iradəsinin olması və təkmil seçki qanunvericiliyinin formalaşdırılması amilləri ilə sıx əlaqəlidir. 

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər çaldıqdan sonra torpaqlarını işğaldan azad etməklə yanaşı Azərbaycan tarixində yeni dövrün başlanğıcı kimi yadda qalıb.

 

“Azərbaycan artıq məğlubiyyət sindromunu tamamilə qıraraq zəfər çalmış bir dövlət obrazını formalaşdırdı. Azərbaycan dövlətinin əsas qayəsi vətəndaşların sosial rifahının yaxşılaşdırılması və vətəndaşlarının gələcəyə olan inamının artırılması, birliyi, vəhdəti yaratmaq idi. Məhz bu zəfər sadaladığımız bütün şərtləri bir növ reallaşdırmış oldu. Müharibədən sonrakı dövrdə mərhələli şəkildə digər torpaqların da üzərindəki nəzarəti bərpa etmək məqsədilə 2023-cü ildə sentyabr anti-terror tədbirləri ilə faktiki suverenliyimiz tam bərpa olundu. Azərbaycan öz tarixində ən güclü dövrünü yaşamaqdadır. Cənab Prezidentin də qeyd etdiyi kimi, yeni dövrdə yeni seçkilərin keçirilməsi şərt idi. 2024-cü ildə keçirilən prezident seçkilərində Azərbaycan vətəndaşlarının seçkidə necə fəal, aktiv iştirakının şahidi olduq. Hər bir səs uğrunda vətəndaşların sonuna qədər mübarizə apardıqları və seçki məntəqələrində uzun növbələrin yarandığı bu seçki Azərbaycanın seçki tarixində yenilik idi. Zəfərin gətirdiyi bu uğur nəticə etibarilə yeni dövrdə keçirilən ilk prezident seçkilərində də göstərdi. Azərbaycan xalqı yenidən Prezident İlham Əliyevə etimad göstərdi. Bu həm də Yeni Azərbaycan Partiyasının növbəti qələbəsi idi. Bütün bunlarla yanaşı, hazırda proseslərin davamı olaraq parlament seçkiləri zəfərdən irəli gələn yeni dövrün çağırışlarıdır. Bu günə qədər parlamentin üzərinə düşmüş missiyanın daha uğurlu həyata keçirilməsi üçün əla fürsət olacaq. Parlamentimiz daha da güclənəcək. Azərbaycan dövlətinin növbəti dövrlər üçün güclənməsi, inkişaf etməsi, əldə etdiyi uğurları qoruyub-saxlaması üçün parlamentin gücündən və parlament diplomatiyasından daha aktiv istifadə etmək mümkün olacaq. Necə ki prezident seçkilərində insanlar çox aktiv iştirak etdilər və hər kəs öz səsinin verilməsi, doğru yerə istiqamətlənməsi üçün sonuna qədər mübarizə apardı, məhz parlament seçkilərində də seçicilərin aktiv iştirakına şahidlik edəcəyik. Nəticə etibarilə, dövlət quruculuğunun inkişafı və vətəndaş cəmiyyətinin güclənməsi üçün növbəti addıma hər kəs şahidlik edəcək. Qarşıdan gələn seçkilərdə Azərbaycan xalqına və bütün namizədlərə, Yeni Azərbaycan Partiyasına uğurlar arzulayıram”. 

 

Siyasi şərhçi Abutalıb Səmədov deyib ki, azərbaycanlıların seçki fəallığının artması və seçkilərdə daha həvəslə iştirak etməyə səy göstərmələri heç kimə sirr deyil: 

 

“Bu, özünü ilk növbədə sonuncu prezident seçkilərində göstərdi. Səbəb aydındır. İlk dəfə Azərbaycanın bütün ərazisində vətəndaşlarımız səs vermək imkanı qazanmışdılar. Əvvəlki vaxtlardan fərqli olaraq Zəngilanda, Laçında, Şuşada - azad olunmuş torpaqlarımızda qeydiyyatda olan insanlar respublikanın başqa yerlərində deyil, öz doğma ata-baba yurdlarında yaradılmış seçki məntəqələrində çox böyük qürur hissi ilə səs verdilər. Biz uzun illər Azərbaycanın bütöv ərazisində suverenliyimizin təmin olunmasını gözlədik. İnanırdıq ki, nə vaxtsa Qarabağda və işğal altında olan rayonlarımızda da seçkilər keçiriləcək. Düşünürdük ki, Xankəndidə keçirilən seçkilərdə, yəqin, ermənilər seçiləcəklər və onlar parlamentdə təmsil olunacaqlar. Hətta bu barədə Milli Məclisdə müəyyən söhbətlər də olurdu. Ermənilər parlamentdə necə təmsil olunacaqlar, necə çıxış edəcəklər... Ancaq heç kimin gözləmədiyi halda 2023-cü ilin 19-20 sentyabr anti-terror əməliyyatı bütün problemləri kökündən həll etdi. Silahlılar tərk-silah olundu, erməni hərbçiləri ərazidən çıxarıldı. Görünür, onlara güvənən mülki vətəndaşlar da artıq Qarabağda yaşamağın mümkünsüz olduğunu başa düşüb, Azərbaycan ərazisini tərk etdilər. Hazırda ərazi bütövlüyümüz təmin olunub. Bu, xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Artıq bütün Azərbaycan ərazisində hər bir vətəndaşın səsi dövlətin idarə olunmasına öz təsirini göstərir. Qarşıda parlament seçkiləri gəlir və bu fəallıq artıq əhali arasında hiss olunur. İstədikləri namizədin deputat seçilməsi üçün yaxın günlərdə hər bir vətəndaşımızın əlindən gələni edəcəyi şübhə doğurmur. Açıq-aşkar hiss olunur ki, hər bir vətəndaş öz səsinin arxasında durmaq əzmindədir. Məntəqə seçki komissiyalarının işinə nəzarət etmək arzusunda olan şəxslər kifayət qədərdir. Onlar indiyə qədər bu işi həvəslə görüblər, bundan sonra da səslərin verilməsinə və sayılmasına ciddi nəzarət etmək əzmindədirlər. Hər bir vətəndaş verdiyi səsin qorunması üçün çalışır. Bu, parlament seçkilərində də özünü daha aydın göstərəcək. Yeni formalaşacaq parlamentə maraq həddindən artıq böyükdür. Vətəndaşlarımız daha gənc, enerjili, savadlı, Azərbaycana nüfuz, hörmət gətirəcək insanların seçilməsində maraqlıdır. Şübhə yoxdur ki, həm öz namizədlərinin seçilməsi üçün, həm də verilən səslərin düzgün sayılması, heç bir pozuntuya yol verilməməsi üçün əllərindən gələni edəcəklər. Hamımızın məmnunluqla izlədiyimiz parlament seçiləcək və arzuladığımız qanunları, sənədləri qəbul edəcək”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub. 

 

Aytəkin Qardaşova 

Tarix: 29 İyun 2024, 16:47   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
pravda.az

1Sources