EN

UEFA-nın tor ədalətsizliyi: İngiltərənin finala yolu açıqdı!

Avropa çempionatında pley-off toruna baxsaq, iki qütb yaranıb.

Torun sol tərəfi pələng yuvasını xatırladır. Təsəvvür edin ki, artıq 1/8 finalda Fransa ilə Belçika qarşılaşacaq və bu cütün qalibi 1/4 finalda Portuqaliya – Sloveniya cütünün qalibi ilə üz-üzə gələcək. Torun bu hissəsində 1/4 finalda Portuqaliya – Fransa və İspaniya – Almaniya cütlərini görməyimiz tam realdı. Belə çıxır ki, qələbəyə əsas iddialılar finaldan xeyli əvvəl münasibətlərinə aydınlıq gətirəcək.

İndi isə torun sağ tərəfinə baxaq. İlk baxışdan burda da güclü komandalar kifayət qədərdi. İtaliya son Avropa çempionu, Avstriya turnirin kəşfi, Niderland zəngin ənənələrə, İngiltərə isə qeyri-adi potensiala malik komandadı. İspaniya və Xorvatiya ilə oyunlarda bərbad təsir bağışlayan İtaliya son anda pley-offa vəsiqə qazandı, çempion heyətdən, demək olar ki, heç kim qalmayıb, “skuadra adzurra” indi yalnız dəbdəbəli addı, real təhlükə deyil. Bu komandanın 1/8 finalda İsveçrəni keçməsi belə çətin görünür.
Niderland yığması da təxminən eyni durumdadı. Hücumda komanda yoldaşlarını arxasınca apara biləcək ulduz yoxdu. “Narıncılar”, yəqin ki, Rumıniyanı adlayacaq, ancaq sonrakı irəliləmə çətin görünür. Avstriya qeyri-sabit Türkiyəni keçsə belə, medallar uğrunda mübarizə aparması inandırıcı deyil.

Deməli, torun bu hissəsində kim qalır? Bəli-bəli, İngiltərə! “Üç şir” Slovakiya ilə oyunda çətinlik çəkməməlidi. 1/4 finalda isə İsveçrə də bu komandanın “dişinə görədi”, İtaliya da. Yarımfinalda Niderlanddan güclü komanda ilə qarşılaşmayacaqlar. Berlindəki final görüşü isə tam başqa tarixçədi. Bir sözlə, Qaret Sautqeyt qorxaqlıqdan əl çəksə, futbolçularının potensialını aça bilsə, İngiltərə, ötən turnirdə olduğu kimi, yenə də finalda olacaq.

1/8 final
İsveçrə - İtaliya
Almaniya – Danimarka
İngiltərə - Slovakiya
İspaniya – Gürcüstan
Fransa – Belçika
Portuqaliya – Sloveniya
Rumıniya – Niderland
Avstriya – Türkiyə

1/4 final
İspaniya/Gürcüstan cütünün qalibi – Almaniya/Danimarka cütünün qalibi
Portuqaliya/Sloveniya cütünün qalibi – Fransa/Belçika cütünün qalibi
İngiltərə/Slovakiya cütünün qalibi – İsveçrə/İtaliya cütünün qalibi
Rumıniya/Niderland cütünün qalibi – Avstriya/Türkiyə cütünün qalibi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources