EN

Keniyada etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb

Keniyada

Bakı, 29 iyun, AZƏRTAC

Keniyada vergilərin artırılması ilə bağlı qanun layihəsinə qarşı keçirilən aksiyalar zamanı azı 30 etirazçı həlak olub, 40 polis əməkdaşı isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, “Human Rights Watch” insan hüquqları təşkilatı bu barədə şahid ifadələrinə, ictimaiyyətə açıq olan məlumatlara və xəstəxana hesabatlarına istinadla məlumat yayıb.

Təşkilatın məlumatına görə, iyunun 25-də təhlükəsizlik qüvvələri nümayişçiləri birbaşa atəşə tutub.

Keniyada etirazların yeni dalğasına hökumətin bir sıra mallara və xidmətlərə vergiləri artırmaq planları səbəb olub. Bununla bağlı etirazlar iyunun 18-də başlayıb. İyunun 20-də nümayişlər ölkənin bütün ərazisinə, o cümlədən Kilifi, Kisumu, Nakuru, Nyeri, Mombasa, Eldoret kimi iri şəhərlərə yayılıb. Etirazçılar bu qərarın iqtisadiyyata zərər vuracağını və onsuz da dolanmaqda çətinlik çəkən əhalinin yaşayış xərclərini artıracağını deyirlər.

Miqyaslı aksiyalar fonunda büdcə layihəsinə bəzi düzəlişlər edilib, həmçinin çörək alışına, şəkərin daşınmasına, mobil və maliyyə xidmətlərindən istifadəyə, xarici ölkələrlə valyuta əməliyyatlarına görə tətbiq edilən 16 faizlik əlavə dəyər vergisi və bir sıra digər vergilər ləğv olunub.

Keniya prezidenti Uilyam Ruto hökumətin etirazçılarla dialoqa başlamağa hazır olduğunu və ölkədə geniş etirazlar doğuran büdcə layihəsini imzalamayacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
1
azertag.az

1Sources