EN

İrəvanla sülhə əsas əngəlin aşılacağı gün - Bakının səbri bitir...

Ermənistan konstitusiyası bölgədə potensial müharibə mənbəyi olaraq qalır; analitik: “İrəvan Bakının tələbinin yerinə yetirilməsini sonrakı illərə saxlamaq istəyir”

“Oğru elə bağırdı ...” Son vaxtlar Ermənistan rəsmilərinin sülh sənədi ilə bağlı Azərbaycanı tez-tez ittiham etməsi bu məşhur deyimi xatırladır. Belə görünür ki, kapitulyant ölkə 44 günlük müharibədəki acınacaqlı məğlubiyyət və fiaskodan hələ də lazımınca dərs götürməyib. 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son cəfəng açıqlamaları bu iddiaları bir daha təsdiqlədi. Tarixdən dərs almayanlar isə onu təkrar yaşamalı olurlar. Hər halda qonşularla sülh içində yaşamaq istəyən ölkənin ritorikası, xarici siyasəti belə olmur. Ya beynəlxalq hüquqa hörmət edirsən, ya da etmirsən. İlk növbədə Ermənistan konstitusiyasını nəzərdə tuturuq. Az öncə xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiyanın xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbulu zamanı deyib ki, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialar proses çərçivəsində əsas maneədir. 

Bayramov eyni fikri iyunun 27-də Tiflis səfəri çərçivəsində gürcü həmkarı İliya Darçiaşvili ilə birgə keçirdiyi mətbuat konfransında da səsləndirib: “Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı kifayət qədər əhəmiyyətli inkişaf var. Açıq qalan məsələlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Lakin Ermənistanın əsas qanununda - konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır. Bu, bizim tərəfimizdən prosesin başa çatdırılmasında ən ciddi əngəl kimi görünür. Bu, Ermənistanın özü üçün də çox xoşagəlməz hal kimi qəbul edilməlidir. Bu istiqamətdə müvafiq addımların atılmasını gözləyirik”. 

İyunun 27-də isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenə bildirib ki, İrəvan Bakı ilə bir ay ərzində sülh sazişinin yekun mətnini hazırlayaraq imzalamağa hazırdır. O, Türkiyə ilə sərhədlərin açılmasına da hazır olduqlarını vurğulayıb. İrəvan kimi aldadır? Qeyd edək ki, bu, artıq Bakının sülhlə bağlı ən yüksək - Prezident səviyyəsində qətiləşmiş və prinsipial mövqeyidir. İrəvan isə bu haqlı irad və tələbi abırsızcasına hələ də “öz daxili işlərinə qarışmaq” kimi qiymətləndirir. Halbuki heç bir “daxili məsələ”dən söhbət gedə bilməz. Çünki Ermənistan həmin konstitusiya əsasında qonşu Azərbaycanın bir hissəsi özünə “birləşdirib”. Bu necə onun daxili məsələsi ola bilər? Üstəgəl, eyni səbəbdən Ermənistan konstitusiyası bölgədə potensial müharibə mənbəyi olaraq qalır. Bakı bundan narahat olmalı deyil ki? Deməli, onun tezliklə dəyişdirilib beynəlxalq hüquqa uyğunlaşdırılması ən əvvəl elə qonşularla sülh istədiyini iddia edən erməni xalqının marağında olmalıdır.    

Təəssüf ki, bu xüsusda İrəvanı daha destruktiv mövqeyə kökləyən xarici elementlər də az deyil. Məsələn, de-fakto mövcud olmayan ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik hesab edir ki, Ermənistan konstitusiyasına düzəlişlər Bakı və İrəvan arasında çərçivə sülh sazişinin imzalanması üçün ilkin şərt olmamalıdır. “Gələcəkdə nə vaxtsa, bəli, konstitusiya dəyişdirilməli olacaq. Amma məncə, hamı bilir ki, Ermənistanda bunu etmək asan deyil. Belə bir şərt müqavilənin bağlanmasına mane olacaq”, - deyə o qeyd edib.

Sual yaranır: konstitusiyaya müvafiq dəyişiklik edilmədən sülh sənədinin hansı qüvvəsi, dəyəri olacaq, əgər onu Ermənistanın Konstitusiya Məhkəməsi qanunsuz elan edəcəksə? Ermənistanın sülhə əsas əngəli nə vaxt, necə aradan qaldırılacaq? Axı Bakının səbri sonsuz deyil. Bu arada Azərbaycan sülh sənədi variantını 10-cu redaktədə Ermənistana göndərib. Bəs diplomatik məktublaşma nə zaman bitəcək? 10-cu məktub sonuncu ola bilərmi? 

Elxan

 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğluya görə, Ceyms Obraynın Bakıya səfəri ərəfəsində Azərbaycan Xarici İşlər Nazirliyi sülh sazişi ilə bağlı növbəti təkliflərini İrəvana göndərib, əgər İrəvan Bakının təkliflərini qəbul edərsə, məsələnin qısa müddətdə həlli mümkündür. Onun fikrincə, ancaq İrəvan Bakının “Konstitusiyanızda Azərbaycana ərazi iddialarını ehtiva edən bəndləri çıxarın” tələbinin yerinə yetirilməsini sonrakı illərə saxlamaq istəyir. Politoloq hesab edir ki, Vaşinqton rəsmi Bakının tələbindən xəbərdardır, buna baxmayaraq, ABŞ Dövlət Departamenti Ermənistan Konstitusiyası ilə bağlı bugünə qədər mövqe bildirməyib: “Vaşinqtonun çox çalışdığı sülh sazişinə əsas əngəl budur. Amerikalı diplomatlar Azərbaycanla Ermənistan arasında qısa müddətdə sülh sazişininin imzalanmasını və Ceyms Obraynın Konqresdə söylədiyi kimi, Ermənistanın Azərbaycandan keçən Orta Dəhliz layihəsinə qoşulmasını istəyirlərsə, əsas izahat işini İrəvanda aparmalıdırlar”.

Asif

 Asif Nərimanlı

Siyasi icmalçı Asif Nərimanlının qənaətinə əsasən, Bakı-İrəvan sülh danışıqlarında Vaşinqtonun “tələskənliyə” bənzər aktivliyi müşahidə edilir: “Bu kontekstdə son iki həftədə baş verən hadisələrin xronologiyası xüsusilə əhəmiyyətlidir: Vaşinqton Ankara ilə danışıqların gündəliyinə Bakı və İrəvanın sülh sazişini də daxil edib, Blinken NATO toplantısında Fidanla Qəzzada baş verənlərlə yanaşı, Cənubi Qafqazda ”sülhün və rifahın dəstəklənməsini" də müzakirə edib, ardınca Baydenin müşaviri Ceyk Sallivanla Ərdoğanın müşaviri Akif Cağatay telefon söhbətində Qəzzadan, Ukraynadan və Azərbaycan-Ermənisan sülh sazişindən danışıblar; ABŞ-ın tələsməsi Orta dəhliz üzərindəki planının Cənubi Qafqaz mərhələsini tamamlamaq istəyindən irəli gəlir. Daha əvvəl də yazmışdıq: Vaşinqton Mərkəzi Asiyadan Avropaya uzanan coğrafiyada Çinin və Rusiyanın iştirakı olmadan dəhliz yaratmaq və nəzarət etmək istəyir". Təhlilçinin fikrincə, Vaşinqton Bakını razı salaraq, sülh sazişi ilə bağlı tezliklə - ilkin sənədin imzalanacağı gözləntisinin olduğu COP29 tədbirindən öncə irəliləyiş əldə etməyə, yaxud noyabrda gözlənilən sənədin mətnini indidən öz planına uyğun razılaşdırmağa çalışır: “Çünki noyabrda ABŞ-da prezident seçkiləridir, sənədin imzalanması həmin vaxta qədər uzanarsa, yaxud amerikalıların istədiyi mətn hazır olmasa, Vaşinqton prosesdən kənarda qala biləcəyindən narahatdır”.  

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
0
musavat.com

1Sources