EN

Azərbaycan- Ermənistan sülh müqaviləsi imzalanarsa... - ABŞ istəyir ki...

Azərbaycan və Ermənistan arasında sülhün imzalanması həm bütövlükdə region, həm də Mərkəzi Asiya üçün önəmli məsələdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri öz məhsullarını dünya bazarına ya Rusiya, ya da Çin vasitəsilə ixrac edirlər. Amerika rəsmisinin sözlərinə görə, onların alternativ üçün Azərbaycanla işləməyə ehtiyacı var:

"Bir yol Gürcüstan və Qara dənizdən keçir, digər yol, yəni potensial olaraq daha böyük yol Azərbaycan, Ermənistan və Türkiyədən keçir. Bu mənada müharibəyə son qoymaq və 1990-cı ildən bəri mövcud olan bu dəhşətli münaqişənin başa çatması üçün bizim Ermənistan və Azərbaycan arasında sülh sazişinə ehtiyacımız var. Bizim mesajımız budur: artıq sülh zamanıdır!”.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülhə önəm verdiyini təsdiqləyir.

Ekspertin sözlərinə görə, Vaşinqton inanır ki, Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalanarsa, İrəvan Gümrüdəki hərbi bazasını çıxaracaq:

"Həmçinin, hava və quru sərhədlərini Rusiyanın əlindən alaraq özü nəzarət edəcək. ABŞ istəyir ki, Rusiya Ermənistana, Cənubi Qafqaza nəzarəti tamamilə itirsin. Ermənistan-Azərbaycan arasında sülh Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına şərait yaradacaq. Bu da imkan verəcək ki, Azərbaycan və Ermənistan üzərindən Türkiyəni Mərkəzi Asiya ilə bağlayan infrastruktur inşa edilsin. Mərkəzi Asiya ölkələrinin Çin və Rusiyanın iqtisadi asıllığından qurtulmasının yeganə yolu Azərbaycandır. Belə demək mümkündürsə, Azərbaycan "enerji butulkasının tıxacı" rolunu oynayır. Azərbaycan olmadan Mərkəzi Asiyanın enerji resurslarını, neft və qazını hansısa şəkildə ondan istifadə etmək mümkün deyil”.

Turab Rzayev: Sülh Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına şərait yaradacaq

Müsahibimiz qeyd edib ki, son dönəmlər Mərkəzi Asiya regionuna artan marağı görürük. T.Rzayev bildirib ki, həm Avropa ölkələri, həm də ABŞ (5+1) formatında Mərkəzi Asiya ölkələri ilə görüşlər keçirirlər. Çalışırlar ki, Mərkəzi Asiyanın enerji resursları Azərbaycan üzərindən, yəni Orta dəhliz vasitəsilə Qərbə ixrac olunsun. Bunun üçün əlbəttə ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması əsas şərtlərdəndir.

Analitik vurğulayıb ki, Gürcüstandan keçən yol daha uzun və təhlükəlidir:

"Gürcüstandan keçən yol istənilən anda Rusiyanın təzyiqinə məruz qala, təsir altına düşə bilər. Ona görə də ABŞ Azərbaycan-Ermənistan-Türkiyə marşrutuna üstünlük verir. Ağ Evin İrəvana təzyiq göstərməsi, Bakını sülhə həvəsləndirməsi də bununla bağlıdır".

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources