EN

Söyüş debatı

Amerika Birləşmiş Ştatlarında (ABŞ) noyabrda keçiriləcək seçkilər yaxınlaşdıqca ehtiraslar daha da qızışır. Seçkiöncəsi bu ölkənin 81 yaşlı hazırkı prezidenti Co Baydenlə 78 yaşlı sabiq prezidenti Donald Tramp arasında ilk debat keçirilib. Onlar CNN-in Atlantadakı baş qərargahında üz-üzə gəliblər. Teledebat formatında keçirilən və 90 dəqiqə çəkən tədbirin moderatorları  Ceyk Tapper və Dana Baş olublar. Co Baydenin çıxışı ilə başlayan debat Donald Trampın son sözü ilə yekunlaşıb. ABŞ-ın keçmiş prezidentləri Con Kennedi və Riçard Niksonun debatından bu yana ilk dəfə müzakirə tamaşaçısız təşkil olunub. 

Debat tərəflərinə yanlarında yalnız su, qələm və boş bloknot saxlamağa icazə verilib. Bir-birinə mane olmamaları üçün tərəflərdən biri çıxış edərkən digərinin mikrofonu bağlı olub. CNN-in apardığı auditoriya sorğusuna əsasən, debatın qalibi 67 faiz səslə Tramp olub. 2020-ci ildə keçirilən  seçki kampaniyasının debatlarında isə Bayden hər dəfə qalib gəlib.

Verilən məlumata görə, növbəti debat sentyabrın 10-da ABC kanalında təşkil olunacaq.

ABŞ iqtisadiyyatının vəziyyəti - Bayden nikbin danışıb, Tramp narazılığını bildirib

Gözlənildiyi kimi, teledebatda ABŞ-ın sabiq və hazırkı prezidentləri ölkə və qlobal gündəliklə bağlı fərqli fikirlər səsləndiriblər. Onlar əksər mövzularda öz mövqelərini və yanaşmalarını əks arqumentlərlə əsaslandırmağa çalışıblar. 

Teledebat ABŞ iqtisadiyyatının hazırkı durumu ətrafında müzakirələrlə başlayıb. Səsləndirilən fikirlərdən bəlli olur ki, sabiq və hazırkı prezidentlər milli iqtisadiyyatın indiki vəziyyətini müxtəlif cür dəyərləndirirlər. Xüsusilə də tərəflər inflyasiya, iş yerləri və vergi siyasəti ilə bağlı danışıblar. Ağ ev rəhbəri prezidentliyi dövründə iqtisadi uğur hesab etdiyi addımları sadalayıb. O ABŞ-ın hazırkı iqtisadi uğurlarına heyran olduğunu, Trampın komandasının isə ölkəni fəlakətə sürüklədiyini deyib. Tramp isə ölkədəki inflyasiyanın pisləşən vəziyyəti barədə fikirlərini bölüşüb. “Biz bu gün uğursuz millətik və bu, Baydenə görədir”, - deyə sabiq prezident vurğulayıb.

Milli iqtisadiyyatla bağlı müzakirələr zamanı tərəflər miqrasiya və digər daxili sosial məsələlər barədə də fikirlər səsləndiriblər.

Trampdan 3-cü dünya müharibəsi anonsu

Debatda dünyadakı hazırkı geosiyasi vəziyyət və ABŞ-ın xarici siyasəti əsas müzakirə mövzularından biri olub. Bu mövzuda da Trampın sərt tənqidləri, Baydenin Ağ Evin apardığı siyasətdən məmnunluğu diqqət çəkib. Bu mövzuda danışan Bayden ABŞ-ın İsraili xilas etdiyini deyib. O, Ukraynada gedən müharibənin bütün dünyanı əhatə etmək təhlükəsini xatırladıb. Qəzzadakı vəziyyətlə bağlı çıxışlar zamanı Bayden israilli və fələstinli girovların mübadiləsi və atəşkəslə bağlı planın müzakirə olunduğunu vurğulayıb. Bayden özünü ABŞ-ın bir əsr ərzində əsgərlərinin ölkə hüdudlarından kənarda ölmədiyi ilk prezidenti adlandırıb. (Əfqanıstanı yaddan çıxıb - red.). “Mən hələ belə axmaqlıqlar eşitməmişəm - o, (Tramp nəzərdə tutulur - red.) ABŞ-ı NATO-dan çıxarmaq istəyir”, - deyə Bayden vurğulayıb.

Sabiq prezident Tramp isə Bayden komandasının xarici siyasət kursunu kəskin tənqid edib. O bildirib ki, Moskvanın Ukrayna münaqişəsinin dayandırılması üçün irəli sürdüyü şərtlər qəbuledilməzdir. Trampın sözlərinə görə, Ukrayna münaqişədə məğlub olur, bu müharibə başlamamalı idi, ona artıq çox pul xərclənib. Sabiq prezident Ukraynadakı müharibəyə görə Baydeni təqsirkar hesab edib. O, yenə də prezident seçiləcəyi təqdirdə Ukrayna böhranının həllini tapacağı vədini təkrarlayıb. Sabiq prezidentin sözlərinə görə, ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxarması ölkənin tarixində ən utancverici gündür. Tramp Baydenin buraxdığı səhvlər səbəbindən davam edən müharibələrin heç zaman başa çatmayacağını bildirib.  “O, bizi III Dünya müharibəsinə sürükləyəcək. III Dünya müharibəsi heç kəsin təsəvvür edə bilməyəcəyi dərəcədə yaxındır. Şimali Koreyanın rəhbəri Kim Çen In, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin onu ciddi qəbul etmir, ondan qorxmurlar”, - deyə Tramp əlavə edib.

Qarşılıqlı təhqirlər, demokratların məyusluğu, xalqın narazılığı

Əslində, cari prezident seçkiləri marafonunda ilk dəfə baş tutan debatı söyüş debatı kimi səciyyələndirmək daha doğru olardı. Çünki debat boyunca sabiq və indiki prezidentlər auditoriyanı nəzərə almadan bir-birinin ünvanına təhqiredici ifadələr işlətməkdən çəkinməyiblər. Tramp ədalətli olduğu təqdirdə 2024-cü il seçkilərinin nəticələrini qəbul edəcəyini deyib, lakin sonra 2020-ci il seçkilərində yol verilən saxtakarlıqla bağlı iddiaları təkrarlayıb. “Artıq bizə hörmət edilmir” deyən Tramp Baydeni günahlandırıb. Tramp əqli bacarıqlar üzrə iki testdən keçdiyini, Baydenin isə birindən belə keçmədiyini auditoriyanı diqqətinə çatdırıb. Bayden isə bir anda Trampa baxaraq “Bu, Amerika tarixindəki ən pis prezidentdir. Bu adamın Amerika demokratiyasına dair anlayışı yoxdur” cavabını verib. O, Trampı “uğursuz və məğlub olmuş”, həmçinin “qışqıran” prezident adlandırıb. 

Bu arada debat zamanı prezident Co Baydenin çıxışının onun tərəfdarlarını ümidsizliyə düçar etdiyi barədə xəbərlər yayılıb. CNN teleradio kompaniyasının yaydığı xəbərdə bildirilir ki, demokratlar artıq prezident seçkilərində öz namizədlərini dəyişmək barədə düşünməyə başlayıblar. Baydenin titrəyən səslə və rabitəsiz danışdığı, fikrini tamamlamaq üçün xeyli səy göstərdiyi bildirilir.

Analitiklərin fikrincə, Demokratlar Partiyası hələ də noyabrda keçiriləcək prezident seçkilərində Co Baydenin yerinə layiqli namizəd tapa bilər. Telekanalın məlumatına görə, partiya Kaliforniya qubernatoru Qevin Nyusom və Miçiqan qubernatoru Qrethen Uitmarın namizədliyini nəzərdən keçirir.

ABŞ vətəndaşlarının əksəriyyəti isə prezidentliyə namizədlərin heç birindən - nə hazırkı dövlət başçısı, demokrat Co Baydendən, nə də onun sələfi, respublikaçı Donald Trampdan razı deyil.

Bu barədə məlumat “New York Times” qəzetinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində öz əksini tapıb. Respondentlərin 61 faizi Demokratlar Partiyasının, 54 faizi isə Respublikaçılar Partiyasının başqa namizədlər irəli sürməli olduqlarını bildirib.

Sorğu namizədlərin ilk debatından öncə, 20-25 iyun tarixlərində 1226 seçici arasında aparılıb. Həmçinin rəy sorğusunda iştirak edən respondentlərin 77 faizi Co Bayden və Donald Tramp arasında keçiriləcək debatları izləyəcəklərini, 19 faizi isə bununla maraqlanmadıqlarını bildiriblər.

Debatdan sonra yaşanan kuryoz hadisə

Bayden prezidentliyi dönəmində bir neçə dəfə səhhətində yaranan problemlərlə və ictimai yerlərdə adekvat olmayan hərəkətləri ilə gündəmə gəlib. Onun təyyarə trapında büdrəməsi, auditoriya qarşısında yıxılması, açıq havada keçirilən tədbirdə mikrafon önündə çıxışı zamanı oturmağa cəhd göstərməsi və digər belə davranışları uzun müddət ABŞ prezidentinin səhhəti ilə bağlı müzakirələrə yol açıb. 

Bu baxımdan teledebat da istisnalıq təşkil etməyib. Belə ki, debatın sonunda kuryoz hadisə yaşanıb - Co Bayden tərəddüd içində olub, nə edəcəyinin, hara gedəcəyinin  qərarını verməkdə çətinlik çəkib. Onun köməyinə yenə də həyat yoldaşı Cill Bayden gəlib. O, Ağ Ev rəhbərinə səhnədən düşməyə kömək göstərib. 

Mübariz FEYİZLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources