EN

“Tələskənliyin” şifrəsi açıldı...

Zəngəzur dəhlizi aktiv formada gündəmə gəlir

Cənubi Qafqazda sülh situasiyası inkişaf etdikcə vəziyyət daha da aydınlaşır. Ermənistanın sülhdən başqa yolunun qalmadığını dərk etməsi və irəli sürülən şərtlər əsasında bölgənin təhlükəsizlik formulu ilə razılaşması bu seqment üzərindən manipulyasiyaya yer qoymur - artıq həm İrəvan, həm də bu və ya digər şəkildə onu dəstəkləyən qüvvələr anlayır ki, prosesin qarşısını almaq mümkün deyil. Azərbaycanın bölgədə yaratdığı siyasi mənzərə iqtisadi-ticari imkanlar ilə proporsiya təşkil edir - başqa sözlə, siyasi maraqlar iqtisadi-ticari maraqların arxasına keçmək məcburiyyətində qalır. Beləliklə, bölgənin iqtisadi imkanları digər oyunçular üçün də mühüm dividend kimi əhəmiyyət daşıyır. Əslində bu fakt hər zaman mövcud olub - sadəcə, iqtisadi hərəkət imkanlarını özlərinin siyasi ambisiyalarının arxa planına keçirmək istəyənlər bu məsələdə bir sıra spekulyasiyalar apararaq Ermənistan üzərində daha çox “nəzarətçilik” funksiyası qazanmaq istəyirdi. Proseslərin gedişi isə göstərdi ki, Azərbaycan bölgədə bərabərhüquqlu, bərabərtərəfli və milli maraqlara istinad edən əməkdaşlığın qurulmasını təmin edir. 

Yeni sülh situasiyası...

Qeyd edək ki, Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı kifayət qədər əhəmiyyətli proqres var. “Açıq qalan məsələlərin sayı əhəmiyyətli dərəcədə azalıb”, - nazir əlavə edib.

Ceyhun Bayramov Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qaldığını qeyd edib: “Ermənistanın əsas qanununda - konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır. Bu, bizim tərəfimizdən prosesin başa çatdırılmasında ən ciddi əngəl kimi görünür”. Nazir əlavə edib ki, bu, Ermənistanın özü üçün də çox xoşagəlməz hal kimi qəbul edilməlidir. “Bu istiqamətdə müvafiq addımların atılmasını gözləyirik”, - nazir deyib.

Ermənistanın XİN rəhbəri də sülhlə bağlı bəzi fikirlər səsləndirib - Ararat Mirzoyan estoniyalı həmkarı Maqnus Tsakhna ilə Tallində birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni demək olar ki, yekunlaşıb. “Azərbaycanla münasibətlərə gəlincə, biz danışıqlar prosesini davam etdiririk. Sülh müqaviləsi layihəsinin mətnini demək olar ki, yekunlaşdırmışıq. Ermənistan bir ay içərisində mətni tamamilə yekunlaşdırmağa və Azərbaycanla sülh sazişini imzalamağa hazırdır”, - nazir vurğulayıb.

Prosesin nəticələnməsinə, sülhün əldə olunmasına zaman etibarı ilə yaxın bir məsafədə olduğumuz ortadadır. Burada əsas məqamlardan biri isə beynəlxalq aləmin də sülhlə bağlı mövqeyində nəzərə çarpan irəliləyişlərdir. 

ABŞ-ın xüsusi marağı...

Beləliklə, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması tək Cənubi Qafqaz üçün deyil, bütövlükdə böyük bir coğrafiya üçün mühüm yeniliklərə yol açacaq. Bunun nəticəsidir ki, sülhlə bağlı proses həm beynəlxalq miqyasda nəinki diqqətlə izlənir, artıq israrla tələsdirilir. Xüsusilə ABŞ-ın bu istiqamətdəki səyləri diqqəti cəlb edir. Rəsmi Vaşinqtonun son dövrlərdə Orta Dəhliz, Zəngəzur dəhlizi, iqtisadi əməkdaşlıqların inkişaf etdirilməsi ilə bağlı açıqlamalarının kifayət qədər artması düşündürücüdür - təsadüfi deyil ki, bir müddət öncə ABŞ Dövlət Departamentinin yayılan açıqlamasında bildirilirdi ki, Vaşinqton Şərq-Qərb marşrutu üzrə ticarəti gücləndirmək üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır. Qeyd olunurdu ki, Azərbaycan Qərb bazarlarını Mərkəzi Asiya ölkələri ilə əlaqələndirərək bu ölkələrin qlobal bazarlara çıxışını təmin edəcək potensiala sahib olan şərq-qərb ticarət yolunun mühüm hissəsidir.

Bu açıqlamanın şifrəsində Zəngəzur dəhlizinin açılması məsələsinin beynəlxalq gündəlikdə diqqətlə izlənilməsi faktının növbəti sübutunu görürük. Sirr deyil ki, Azərbaycanın təşəbbüsü ilə meydana çıxan Zəngəzur dəhlizinin açılması məsələsi özündə mühüm siyasi-iqtisadi əsasları əks etdirir. ABŞ-ın hazırki israrçı mövqeyi isə həm də bəzi siyasi amillərlə  bağlı ola bilər. 

Zəngəzur dəhlizinin perspektivi və üstünlükləri...

Zəngəzur dəhlizinin ticari-iqtisadi üstünlükləri bütün beynəlxalq oyunçular tərəfindən etiraf edilir. Bu təklif post-müharibə dövründə regional inkişafın əsas ünsürlərindən birinə çevrilməklə yanaşı, Şərq-Qərb logistik ticarət və yükdaşıma yolu kimi böyük əhəmiyyətə malikdir. Dəhlizin elementləri, keçid məntəqələri və marşrutlarına diqqət yetirdikdə bir daha şahidi olmaq mümkündür ki:

- Zəngəzur dəhlizi Şərq-Qərb marşurutu üzərində ən qısa yol kimi əhəmiyyətə daşıyır;

- Xüsusi vurğulanası məqam: bu yol istər qərb, istərsə də şərq kontingentindən olacaq tərəfdaşlar üçün effektiv xarakter daşıyır;

- Dəhlizin coğrafi imkanları olduqca genişdir. Başqa sözlə, dəhliz yeni iqtisadi münasibətlər sisteminin əsas təməllərindən birinə çevrilmə potensialına malikdir;

- İnfrastruktur baxımından da Zəngəzur dəhilizi olduqca əlverişlidir. Dəhlizin Azərbaycandan keçən hissəsində işlər tam hazırdır;

- Zəngəzur dəhlizinin ən mühüm üstünlüklərindən biri Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar. 

Beləliklə, siyasi analitiklərin gəldikləri qənaət bundan ibarətdir ki, Zəngəzur dəhlizi yeni dövrdə ticari üstünlüklərin əsas meyarına çevriləcək. Aralarında rəqabət olan böyük güclərin bu dəhlizə can atması, xüsusilə ABŞ-ın həm sülhlə bağlı tələskənlik nümayiş etdirməsi, həm də Ermənistana  “siyasi yaxınlıq” göstərmək bahasına belə olsa da öz mövqeyini açıq etməsi buradan qaynaqlanır. 

Təhlükəsizlik amili...

Vurğulandığı kimi, Zəngəzur dəhlizinin keçid marşrutunun coğrafiyası həm mühüm stansiyalar, həm də yeni dünya düzəni üçün əsas siyasi mahiyyət daşıyacaq ünvanlarla əhatə olunub. Mərkəzi Asiya, Cənubi Qafqaz, Kiçik Asiya, hətta Yaxın Orta Şərq və ərəb dünyasının iştirakı ilə formalaşacaq ticari həlqədə mühüm üstünlük vəd edən Zəngəzur dəhlizi ABŞ üçün həm də o baxımdan önəmli sayılır ki, Vaşinqton özünün iqtisadi rəqiblərindən üstünlüyünü formalaşdırmaq üçün yeni iqtisadi mərhələ başlatmağa niyyətlənib. Bu gün İrəvana yönəlik “strateji dialoq” siyasəti aparan Vaşinqton üçün öz rəqiblərini qabaqlamaq prioritet sayılır. Vaşinqton anlayır ki, Azərbaycanın bölgədə yaratdığı yeni siyasi-iqtisadi nizam bir sıra xüsusiyyətləri, ən əsası da təhlükəsizliyin təmini ilə seçilir. Dəhliz ən təhlükəsiz marşrutlardan birinə çevrilmə perspektivinə malikdir. Dəhliz ətrafında formalaşacaq əməkdaşlıq platformalarında demək olar ki, bütün bölgə iştirak edəcək. Bu mənada, bütün regional faktorların bu dəhlizin təhlükəsizliyinə qarant olacağına ümid də böyükdür. Beləliklə, dəhlizlə bağlı yeni gündəmin formalaşdırılması istiqamətində bütün predmetlər ortadadır - dəhlizin rentabelliyindən tutmuş təhlükəsizliyinə qədər bütün detallar hərtərəfli şəkildə araşdırılır. Hətta bu dəhlizin transformasiyası məsələsi də artıq aktuallaşıb - belə ki, Zəngəzur dəhlizi qısa bir müddətdə Orta Dəhlizin ən əsas elementinə çevrilmə potensialına malikdir. 

P.İSMAYILOV 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources