EN

TDT-nin azad ticarət hədəfləri 

Məqsəd 45 milyard dollar həcmində ticarət dövriyyəsini bir neçə dəfə artırmaqdır

Türk Dövlətləri Təşkilatı (TDT) üzv ölkələr arasında iqtisadi inkişaf və ticarətin artırılması üçün daha əlverişli iqtisadi imkanların yaradılması, ticarət rejimlərinin asanlaşdırılması istiqamətində yeni tədbirlər planı hazırlayıb. Tədbirlər planı üzrə əsas prioritetlər yerüstü nəqliyyatla bağlı tətbiq olunan rüsumların, o cümlədən çəki, ölçü, xüsusi icazələrin alınması, təhlükəli yüklərin daşınması və s. barədə tələblər üzrə məlumatların elektron mübadiləsi, qeyri-tarif maneələri barədə araşdırmaların aparılması və təhlil sənədinin hazırlanması, səlahiyyətli iqtisadi operatorların qarşılıqlı tanınması barədə sazişlərin imzalanması və Türkiyədə tətbiq olunan Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi təcrübəsinin bütün üzv ölkələrdə tətbiqindən ibarətdir. Həmçinin, üzv ölkələr Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması Sazişinin müddəalarının tətbiqi barədə ortaq məxrəcə gəlib. 

T?T-nin üzv ölkələrinin bu təşəbbüsləri dəstəkləməkdə başlıca məqsədi iqtisadi-ticarət əlaqələrin təşviqi və mal mübadiləsinin həcmlərinin artırılmasıdır. Hazırda ölkələr arasında iqtisadi layihələrdə təmsilçiliyin artması və son 4-5 ildə qarşılıqlı ticarət dövriyyəsinin yüksəlməsi bu tələbləri meydana çıxarıb. Təkcə, ötən il TDT ölkələri arasında əmtəə dövriyyəsi 30 faizə yaxın artıb ki, bu da plan və hədəflərə doğru uğurlu kursun davam etməsi deməkdir. 

Qeyd edək ki, Azərbaycanın TDT üzvləri ilə 2023-cü ildə ticarət dövriyyəsinin həcmi 9 milyard dollarından çox olub, 2022-ci illə müqayisədə təqribən 25 faiz artım qeydə alınıb. İxracın həcmi ötən il 5,65 milyard, idxalın həcmi isə 3,37 milyard dollar təşkil edib. Azərbaycanla TDT-yə üzv və müşahidəçi dövlətlərdən Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla sərbəst ticarət sazişləri qüvvədədir ki, bu da həmin ölkələrlə idxal gömrük rüsumlarının qarşılıqlı ləğvini nəzərdə tutur. 

Ölkələr arasında iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması isə azad ticarət, güzəştli gömrük rejimlərinin yaradılması istiqamətində səylərin daha da gücləndirilməsini labüd edir. İndiyə qədər bu sahədə bir sıra sazişlər imzalanıb ki, bunu mühüm platforma yaradıcılığında ilk addımlar kimi səciyyələndirmək olar. Məsələn, Türkiyə ilə 2020-ci ildə imzalanmış Preferensial Ticarət Sazişi və 2023-cü ilin aprel ayında isə sazişin əhatə etdiyi məhsul siyahısının genişləndirilməsini nəzərdə tutur. Hər iki ölkə hazırda sazişə əlavə protokol sənədi daxil etməklə ikitərəfli ticarət həcminin artırılması, xarici ticarətlə bağlı xərclərin azaldılması və gömrük əməliyyatlarının sürətləndirilməsi məqsədilə ticarətin asanlaşdırılması üzrə ortaq işçi qrupun yaradılmasına qərar verib. 

Digər bir layihə - Transxəzər Gömrük Tranzit Portalı xidmətləri asan və şəffaf bir pəncərədə birləşdirən sistemdir. Orta Dəhliz ölkələrinin gömrük orqanları tərəfindən elektron şəkildə təqdim edilən sənəd və məlumatların öncədən emalı hesabına yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında multimodal daşınmalar üçün səmərəli nəzarətə şərait yaradan, yaşıl mühitə töhfə verən rəqəmsal qovşaqdır. Bu sistem gömrük nəzarətinin müasir formulu kimi  optimal nəzarət formasını təmin edir, könüllü riayətetmə mədəniyyəti formalaşdırır, sahibkarlar, daşıyıcılar və digər iqtisadi operatorların gömrük yüklülüyünü onların üzərindən götürür. Yəni, onların logistik işini asanlaşdırır, bununla yanaşı, vaxt itkisinin qarşısını alır, xərcləri azaldır. 

Türk Dövlətləri Təşkilatının (TDT) Ticarətin Asanlaşdırılması üzrə Strategiya sənədi üzrə yaradılmış “Beynəlxalq ticarət” işçi qrupu da hazırda bu istiqamətdə təkliflər hazırlayır ki, bu da ticarətin asanlaşdırılmasını nəzərdə tutur. Bu, türkdilli ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi və səfərbər olunması, xarici ticarət rejiminin asanlaşdırılması, bu coğrafiyanın beynəlxalq mühitə inteqrasiyasının təşkili, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasını da hədəfləyir. 

Bütün bu səylər türk dövlətlərinin iqtisadi gündəliyinin bir parçasıdır və Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Şimali Kipr kimi ölkələrdə keçirilməsi planlaşdırılmaqla daha böyük bir coğrafi iqtisadi xəritənin inkişafına imkan yaradacaq. Hazırda Türk Dövlətləri Təşkilatına daxil olan müstəqil türk dövlətləri 155 milyon əhaliyə sahib olmaqla 4,5 milyon kvadratmetr coğrafi ərazini əhatə edir 1,5 trilyon dollara yaxın nominal ÜDM-ə sahib olmaqla dünyada 13-cü yerdə qərarlaşır. Alıcılıq qabiliyyəti pariteti üzrə isə türk dövlətlərinin real ÜDM-nin həcmi 4,7 trilyon dollara yaxındır. Türk dövlətlərini vahid dövlət strukturu kimi götürsək, ÜDM-in həcminə görə dünyada 7-ci ən böyük ölkə hesab olunardı. Bu potensial Türk dünyasının iqtisadi gücünün real dəyəridir. İmkanlar isə daha böyükdür, nəqliyyat-tranzit imkanları, “yaşıl enerji”, turizm və digər potensiallarla birlikdə bu coğrafiyanın üzvlərinin iqtisadi gücü daha da artmış olacaq.

Hazırda türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi təxminən 45 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 4 faizə yaxını deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Bu məqsədlə türk ölkələri ticarətin asanlaşdırılması, azad gömrük ittifaqının yaradılması, preferensial ticarət rejimin yaradılması istiqamətində səylərini birləşdirib.

Beləliklə, bu addımlar gələcəkdə təkcə Türkiyə ilə deyil, həm də Azərbaycanın digər üzv dövlətlərlə ticarət dövriyyəsinin həcminin artmasına və dolayısı ilə iqtisadi aktivliyin yüksəlməsinə şərait yaradacaq.

ELBRUS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources