EN

Onuncu sonuncu olacaqmı?

Ermənistan sülh müqaviləsinin imzalanmasını istəyirsə Azərbaycanın təkliflərini qəbul etməlidir

Azərbaycan Ermənistanla sülh müqaviləsi layihəsinin sonuncu variantını baxılmaq üçün rəsmi İrəvana təqdim edib. Sayca onuncu olan bu layihə variantındakı əksər bəndlərinin daha əvvəldən razılaşdırıldığı məlumdur. Ancaq müzakirəsi davam etdirilən müddəalar da az deyil. Buna qədər tərəflərin ortaq məxrəcə gələ bilmədikləri həmin prinsipial məsələlərdə razılığın əldə edilməsi sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Hər halda, dayanıqlı sülhün əldə olunması üçün real imkan mövcuddur və görünür təkcə Ermənistan və Azərbaycan deyil, bir sıra xarici aktorlar da yaranmış imkandan istifadə edilməsi üçün səy göstərirlər. Son vaxtlar istər Ermənistanın siyasi rəhbərliyi, istərsə də dünyanın bir sıra böyük dövlətləri Azərbaycanın sülh təşəbbüslərinə daha konstruktiv yanaşma nümayiş etdirirlər ki, bu da sülh müqaviləsinin imzalanması istiqamətində konkret addımların atılmasına olan ümidləri artırır. Bəs müqavilənin onuncu variantı sonuncu ola bilərmi? Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh nə qədər əlçatandır?

Ermənistan hakimiyyəti tərəfindən Qazax rayonunun işğal altındakı qeyri-anklav Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin Azərbaycana qaytarılmasından və bu istiqamətdə iki dövlət arasında sərhədin delimitasiyasına start verilməsindən dərhal sonra baş nazir Nikol Paşinyan əleyhinə başladılan etiraz aksiyalarının səngiməsi, birləşmiş müxalifətin uğursuzluqla üzləşməsi erməni ictimaiyyətinin də sülhə qarşı olmadığını göstərir. Bu, Paşinyana öz mövqeyini möhkəmləndiməklə yanaşı, “Azərbaycanla münasibətləri düzəltmək” istiqamətində daha cəsarətli addımlar atmaq imkanı verir. Rəsmi İrəvanın son günlər nümayiş etdirdiyi mövqe də deməyə əsas verir ki, Nikol artıq hakimiyyəti üçün daxili təhdidləri sığortalaya bilib və kənar güclərin, xüsusilə ABŞ-ın da təzyiqi ilə sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtlərini qəbul etmək niyyətindədir. Bu ehtimalı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iyunun 27-də Tallində estoniyalı həmkarı Marqus Tsaxna ilə birgə mətbuat konfransında dedikləri də təsdiq edir. O, bildirib ki, Ermənistan bir ay ərzində Azərbaycanla sülh sazişinin yekun mətnini hazırlayaraq imzalamağa hazırdır: “Səmimi qəlbdən inanıram ki, bizim Cənubi Qafqazdakı münaqişə ilə bağlı səhifəni bağlamaq və regionumuzda sülhü bərqərar etmək imkanımız var. Bu sülh regionun bütün xalqlarına və ölkələrinə xeyir verəcək.”

Mirzoyan, həmçinin Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı tanınması və 1991-ci il Almatı Bəyannaməsi əsasında dövlət sərhədinin müəyyən edilməsi əsasında münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. Bu mənada sülh gündəmi istiqamətindəki irəliləyişlər, həmçinin Ermənistan hakimiyyətinin əvvəlki illərlə müqayisədə daha konstruktiv mövqe nümayiş etdirməsi, əlbəttə ki, müsbət hal kimi qiymətləndirilməlidir. Ancaq problemin tam həlli və sülhün uzunmüddətli olması üçün rəsmi İrəvanın atmalı olduğu addımlar hələ də qalır. Söhbət Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsindən gedir. İyunun 27-də Gürcüstanda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Tbilisidə gürcü həmkarı İlya Darçiaşvili ilə keçirdiyi brifinqdə bu məsələyə toxunaraq bildirib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana ərazi iddiası ilə bağlı bənd var: “Bu da sülh üçün ən böyük əngəllərdən biridir. Bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik.”

Ceyhun Bayramov müsbət xəbərlərin də anonsunu verərək qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində işlər davam etdirilir: “Müsbət istiqamətdə irəliləyişlər əldə edilib. Delimitasiya komissiyaları arasında işlər davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlərin şahidi olacağıq.”

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını aktual edən digər amillər beynəlxalq aktorların Cənubi Qafqaz maraqları ilə bağlıdır. Sirr deyil ki, son günlər ABŞ Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün bütün səylərini səfərbər edib. Bu isə Azərbaycanın uzun müddətdir diktə etdiyi sülh gündəminin beynəlxalq müstəvidə də qəbul edilməsinə şərait yaradır. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın bir müddət əvvəl İrəvana, iyunun 28-də isə Bakıya səfəri göstərir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olunması hazırda ABŞ-ın xarici siyasətinin prioritetlərindəndir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən  O’Brayn ölkəsinin regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu bildirib. Rəsmi məlumatda qəbul zamanı Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrin strateji səviyyədə daha da inkişaf etdirilməsi məsələlərinin vacibliyinin qeyd edildiyi, bu xüsusda regional əməkdaşlıq, Orta Dəhliz və digər məsələlərin müzakirə olunduğu bildirilir.

Xarici KİV-in məlumatına görə, Azərbaycana səfəri oncəsi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxışı zamanı Dövlət katibinin köməkçisi ABŞ-ın məqsədinin Orta Asiyadan malların ixracının Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçməsini təmin etmək olduğunu bildirib. O, qeyd edib ki, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac hazırda yalnız Çin və Rusiya ərazisi vasitəsilə həyata keçirilir və problemi həll etmək üçün onlar Azərbaycanla əməkdaşlıq etməlidirlər: “Bir yol Gürcüstandan Qara dəniz vasitəsilə keçir, lakin digər, bəlkə də daha böyük yol Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək. Bu mülahizələrə əsaslanaraq, bizə Azərbaycan və Ermənistan arasında sülh sazişi lazımdır.”

Göründüyü kimi, Cənubi Qafqazda dayanıqlı sülh imkanı birmənalı olaraq Azərbaycanın yaratdığı reallıqlardan sonra formalaşıb və İkinci Qarabağ müharibəsinin, həmçinin 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilmiş lokal antiterror tədbirlərinin nəticələri Azərbaycanın təkcə regionda deyil, dünyadakı mövqelərini onun xeyrinə dəyişib. Üstəlik, Orta Dəhlizin fəaliyyətinin genişləndirilməsinə yaranan tələb Azərbaycanın “əlini” daha da gücləndirir. Bu mənada, həm Ermənistan rəhbərliyinin son konstruktiv davranışları, həm də ABŞ-ın regionda sülh gündəminə münasibəti bir daha təsdiq edir ki, bütün tərəflər Azərbaycanın liderliyini qəbul edirlər. Bu isə tamamilə normaldır. Çünki Azərbaycan artıq çoxdan regionda və dünyada proseslərin inkişafına istiqamət verən və bu zaman öz maraqlarını diktə edən güclü oyunçuya çevrilib.

Mahir Rəsuloğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
ikisahil.az

1Sources