EN

ABŞ Azərbaycan siyasətində düzəlişlər edir...

Image

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın ölkəmizə səfəri fonunda Azərbaycan-Amerika münasibətləri yenidən xüsusi diqqət mərkəzindədir. 

Qeyd edək ki, ötən həftə rəsmi Vaşinqton Bakını yenilənmiş və daha möhkəm ikitərəfli əməkdaşlığa çağırıb. ABŞ-ın dövlət katibi Entoni Blinken bu barədə Azərbaycan prezidenti İlham Əliyevlə son telefon danışığında danışıb.

Öz növbəsində prezident İlham Əliyev də Azərbaycanın ABŞ-la əlaqələrə əhəmiyyət verdiyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını dəstəklədiyini bildirib. Daha əvvəlsə ABŞ prezidenti Co Bayden də Bakı ilə güclü ikitərəfli münasibətlərin bərpa olunması imkanı yaranmasını təqdir edib. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ-a rəsmi səfəri isə bütün bunlardan az əvvələ təsadüf edib. Bu səfər ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli dərəcədə təsir edib. Xatırladaq ki, ötən ilin payızında Azərbaycanın Qarabağda antiterror tədbirləri aparmasından sonra Vaşinqton Bakı ilə yüksək səviyyəli ikitərəfli görüş və danışıqları ləğv etdiyini demişdi. Bundan sonra Bakı da buna qarşılıq vermişdi. Yaranmış gərginlikdə hətta tərəflər bir-birinin rəsmilərinin qarşılıqlı səfərlərini bir müddət qadağan da etmişdilər. Sonradan isə hər iki tərəfin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri bərpa olundu. Ötən ay ABŞ-da yüksək səviyyədə müzakirələr aparan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ikitərəfli əməkdaşlığın və əlaqələrin gələcək inkişaf perspektivlərini yenidən nəzərdən keçirildiyini bildirib. Onu da qeyd edək ki, bəzi sferalarda, məsələn enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, sərhəd əməkdaşlığı və hərbi əməkdaşlıq kimi məsələlərdə Azərbaycan və ABŞ-ın maraqları bir çox baxımdan üst-üstə düşdüyündən, bu sahələrdə iki ölkə arasında oturuşmuş əməkdaşlıq modeli mövcuddur. Özü də bu sferalar ABŞ-daki administrasiyaların dəyişməsindən asılı hala düşmür. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov iki ölkə arasında son aylardakı səfərləri normal münasibətlərinə qayıdış kimi qiymətləndirir: “ABŞ, adətən, seçkiqabağı dövrdə xarici siyasətdə, əsasən strateji müttəfiqlərinin rolunu artırır. Burada Türkiyə ilə yaxınlaşmanı da müşahidə edirik. Bunun fonunda Azərbaycan ilə də müəyyən dərəcədə normallaşma baş verir”. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi şərhçisi Vasif Hüseynov isə BBC-yə bildirib ki, hazırda Bakı ilə Vaşinqton arasında münasibətlər qənaətbəxş səviyyədədir. Siyasi şərhçinin fikrincə, ABŞ-ın Bakı üçün həssas  məsələlərə məhəl qoymaması münasibətlərin korlanmasına səbəb olur: “Ölkəmizin 20 faiz torpağının uzun illər işğalda olması rəsmi Bakının xarici əlaqələrdə bu məqama çox həssaslıqla yanaşmasına səbəb olub. Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilməsi və hansısa separatist qüvvələrə bu və ya digər yolla dəstək verilməməsi rəsmi Bakı üçün prinsipial məqamdır. 2023-cü ildə ABŞ-da bəzi siyasi dairələr tərəfindən ölkəmizə qarşı böhtan xarakterli bəyanatların səsləndirilməsi, separatizmə dəstək ifadə edilməsi və bədnam 907-cü düzəlişin yenidən qüvvəyə minməsi ikitərəfli əlaqələrdə gərginlik yaratdı”. Azərbaycan-ABŞ münasibətləri çərçivəsində müzakirə edilən başqa bir mövzu isə ABŞ konqresində bu ilin aprel ayında Nümayəndələr Palatasının üzvü konqresmen Dina Titusun Azərbaycanın 44 yüksək rütbəli məmurlarına və hərbçilərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan “Azərbaycanda Sanksiyalara Baxış Aktı” adlı sənədi konqresə təqdim etməsi olub. Qanun layihəsi keçən ay təqdim edildikdən sonra Konqres Xarici Əlaqələr və Məhkəmə Komitələrinə göndərilib, lakin bugünə qədər heç bir əlavə tədbir görülməyib. 

Amma ekspertlər bildirir ki, ABŞ Konqresinin təqdim etdiyi bu siyahının sanksiyalar siyahısına çevriləcəyini gözləmək lazım deyil. Çünki bu məsələdə erməni lobbisi əsas rol oynayır. Amma ABŞ üçün Azərbaycan daha önəmli ölkə olduğundan, bu, Bakıya qarşı hansısa ciddi addıma səbəb olmayacaq. Çünki ABŞ-in siyasətində praqmatik xətt hər zaman üstünlük təşkil edir və əsas diqqət əməkdaşlıq imkanlarına yönəldilir. Bu durumda Azərbaycanın ABŞ-dan əsas gözləntisi ərazi bütövlüyünə açıq dəstək ifadə edilməsidir. Bundan başqa, Fərhad Məmmədvonun sözlərinə görə, Azərbaycanı ABŞ-la münasibətlərində narahat edən əsas məsələlərdən biri iki ölkə arasındakı münasibətlərə Azərbaycanın üçüncü ölkə ilə münasibəti kontekstində baxılmasıdır: “Buna misal olaraq, Azərbaycan-Ermənistan normallaşma prosesini, Azərbaycan-Rusiya münasibətlərini, ABŞ-ın Azərbaycanın İran ərazisindən keçən dəmir yolunu çəkməsinə qarşı çıxmasını göstərmək olar”. O qeyd edir  ki, ABŞ ilə Azərbaycan arasında yaranan soyuq münasibətlərə baxmayaraq, strateji layihələrin fəaliyyəti hər zaman fasiləsiz olaraq davam edib. İndi ABŞ üçün əsas məqsədlərdən biri Azərbaycan və Ermənistan arasında sülh imzalanması, regional kommunikasiyaların bərpasıdır.  Ceyms O’Brayn da qeyd edir ki, Mərkəzi Asiyadan məhsullar hazırda yalnız Rusiya və Çin vasitəsilə nəql edilə bilər və bu regiondan malların alternativ yollardan, o cümlədən Azərbaycandan keçməklə tədarükü üçün Bakı ilə İrəvan arasında sülh vacibdir. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri məhsullarını dünya bazarlarına çıxarmaq üçün Azərbaycanla əməkdaşlıq etməlidir: “Belə marşrutlardan biri Gürcüstan vasitəsilə Qara dənizə qədər uzanır. Digəri - potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçə bilər. Bütün bunlara görə bizə Azərbaycan və Ermənistan arasında 1990-cı illərdən bəri davam edən müharibəyə və dəhşətli münaqişəyə son qoyacaq sülh sazişi lazımdır”. Qeyd edək ki, Ceyms O’Brayn iyunun 11-13-də İrəvanda səfərdə olmuş, açıqlamaları ilə diqqət çəkmişdi. O, indi səsləndirdiklərini Ermənistanda da dilə gətirmişdi: “Bizim fikrimizcə, Mərkəzi Asiyadan Aralıq dənizi istiqamətində ticarət dəhlizi inşa etmək üçün bir neçə nəsildən bir üzə çıxan fürsət yaranıb. Bu, yalnız Azərbaycan və Ermənistan arasında sülh olduğu təqdirdə mümkün ola bilər. Bu, bütün dəhliz boyunca yeni sənaye istiqamətləri yaradacaq. Bu, indi baş verə bilər. Bir neçə il sonra indiki qədər əhəmiyyətli olmaya bilər... Ona görə də indi bunu etməyin zamanıdır”.

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources