EN

Şəhid leytenant Ətraf Qənimətovun atası:“Füzulidə şəhid oldu...”

Image

Oktay Qənimətov: “Şəhid olandan sonra 17 gün Ətrafın nəşini axtardıq, 17 gün nəşi neytral ərazidə qaldı”

Şəhidlik müqəddəs yoldur. Bu yolun yolçuları seçilmişlər olur, onları Tanrı seçir, Tanrı yönləndirir bu yola. Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən hər bir Vətən oğlu sanki bir atanın, bir ananın övladlarıdır, çünki hamısı bir-birinə çox bənzəyir. 

Bu dəfə barəsində söhbət açacağımız Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının leytenantı, Vətən müharibəsinin şəhidi Ətraf Oktay oğlu Qənimətov, müsahibimiz isə qəhrəman Ətrafın atası Oktay Qənimətovdur. 

Qənimət Ətrafov  20 mart 1997-ci ildə Şəki şəhəri Dəmiryol köçkünlər qəsəbəsində anadan olub. Qəhrəmanlığı və cəsurluğu ilə gənc nəslə örnək olan şəhid leytenant Ətraf Qənimətov əslən Laçın rayon Vəlibəyli kəndindəndir. Ətraf Qənimətov 2003-cü il Şəki şəhər “Çələbixan” qəsəbə köçkünlər tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2012-2013-cü tədris ilinin yekununa görə, “Təlim və tərbiyə”də əldə etdiyi nailiyyətlərə görə “Fəxri Fərmanla” təltif edilib.  2014-cü ildə həmin məktəbi bitirib, Sumqayıt Dövlət Üniversitetinin "Tarix və Coğrafiya" fakültəsinin "Tarix müəllimliyi" ixtisasına qəbul olub. 2015-ci ildə "Bakı 2015" İlk Avropa Oyunlarında iştirakına görə "Təşəkkürnamə" ilə təltif olunub.  2015-ci ildə  Bakıda keçirilmiş "1-ci Avropa Oyunları"nda Mərasim İştirakçısı olaraq möhtəşəm töhfəsinə görə "Sertifikat"la təltif edilib. Ətraf Qənimətov 17-19 iyun 2016-cı ildə "FORMULA 1 GRAND PRİX OF EUROPE"da könüllü olduğu üçün "Sertifikatla" təltif olunub. 2017-ci il may ayının 12-dən 22-dək keçirilən "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarında da iştirak edib.
 Müharibəyə qədər Ətraf Qənimətov çox böyük və uğurlu yol keçib.
 Azərbaycan Ordusunun Quru Qoşunlarının leytenantı olan Ətraf Qənimətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində fəal iştirak edib. Leytenant oktyabrın 13-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
 Şəki rayonunda Şəhidlər Xiyabanında dəfn olunub.
 Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ətraf Qənimətov "Vətən Uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

“Biz şəhid valideynləri ağac kimi qurumuşuq” 

Şəkidə yaradıcılıq ezamiyyətində olduqda şəhid leytenant Ətraf Qənimətovun atası Oktay Qənimətovla da görüşdüm. “Ətraf Sumqayıt Dövlət Universitetini bitirmişdi, tarix müəllimi idi. Naxçıvanda əsgərliyini çəkib gələndən sonra üç aylıq zabitlik kurs keçdi. Üç aydan sonra Qazaxa getdi, üç ay idi də orada işləyirdi. Ordan da Füzuliyə “Ohanyan” postuna getdi...

Biz əslən Laçın rayonunun Vəlibəyli kəndindənik, Şəkiyə məcburi köçkün olaraq gəlmişdik. Mən özüm Birinci Qarabağ müharibəsində döyüşmüşəm. Qardaşım da müharibə veteranıdr, qazidir. İkinci oğlum Rahib Qənimətov da 2023-cü ilin sentyabrında lokal antiterror tədbirlərində iştirak edib və Prezidentin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib. O da zabitdir. 

Mən özüm Şəkidə ailə qurdum. Ətraf 1997-ci ildə Şəkildə doğuldu. Uşaqlarımı çox çətinliklə dolandırmışam. Qaçqınçılıq özü çox ağır bir həyatdır, çətinliklərimiz çox olub. Mən o vaxt oğlumu “Araz” kurslarına göndərdim, üç il ora getdi, iki il müəllim tutdum. O da əməyimizi itirmədi, ali məktəbə qəbul oldu. Mən o vaxt böyük çətinliklə ona hər ay pul göndərirdim, amma evdə dolanışıq imkanım olmurdu. Uşaqlarımı çox çətinliklə böyütmüşəm”. 

Şəhid atası bildirdi ki, oğlunun ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması olub və öz canını da bu yolda fəda edib. 

Ətrafın nişanlı olduğunu deyən ata bildirdi ki, oğlunun toyuna hazırlaşırmışlar, amma o günü görmək qismət olmayıb. “Ətraf nişanlı idi, toy edəsiydik. Nişanlısı ilə universitetdə oxuyarkən bir-birini sevmişdilər və mən də razılıq verdim ki, ailə qursunlar, nişan taxdıq. Nişanlanandan sonra əsgərliyə getdi və qayıtdıqdan sonra toyunu etməyə hazırlaşdırdıq. Amma Ətrafa toy etmək qismət olmadı. Oğlumun şəhid olması bir ata kimi mənə çox ağırdır. Düzdür, şəhdiliyin qüruru da var. Amma ağrıları da çoxdur. Ən böyük ağrı da odur ki, şəhid olandan sonra 17 gün Ətrafın nəşini axtardıq, 17 gün nəşi neytral ərazidə qaldı. Oktyabrın 13-də şəhid oldu və nəşini oktyabrın 29-da dəfn etdik. Oradakı şəhidlərin hamsını bir-bir görmüşəm. Ətraf tağım komandiri idi, onun əsgərlərini, MAXE-lərini tapdım, hamısı ilə görüşmüşəm, şəhid olan əsgərlərinin hamısının evinə getmişəm. Asim Quliyev vardı, Ətrafın komandiri idi. O dedi ki, oradan dörd günə sürünə-sürünə çıxıb. Bu da qismətdir. Buradakı şəhid ailələrinin də hamsına baş çəkmişəm.  

Övladının şəhid olması valideyn üçün çox ağırdır. Övladı böyüt, ərsəyə çatdır, amma onun barını yemə, bu çətindir. Biz şəhid valideynləri ağac kimi qurumuşuq. 

Amma bir təsəllimiz var ki, övladımız Vətən uğrunda şəhid olub. Övladlarımızın xatirəsini yad edən, onlardan kitab yazan, məqalələr hazırlayan hər kəsə təşəkkür edirik. Xatirə Kitabı Redaksiyası şəhidlərin xatirəsini əbədiləşdirir, sağ olsunlar. Bu kitablar gələcək nəslə bizim övladlarımızı tanıdacaq”-deyə bildirən şəhid atası qeyd etdi ki, oğulları şəhid olsa da, onların qəhrəmanlığı tarixdə yaşayacaq və gələcək nəsillər onları qürurla xatırlayacaq.

İradə SARIYEVA
Şəki-Bakı






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources