EN

“Nəzəri baxımdan “Makkabi” nisbətən öndədi” – Aslan Kərimovun rəyi

Bəli, Avropa arenasında ölkəmizi təmsil edəcək komandalarbu yay yola “Qarabağ”, “Zirə”, “Sabah” və “Sumqayıt”dı.

Bəs bizimkilərin rəqiblərini mübarizədən kənarlaşdırmaq potansialı varmı? Püşkdə bəxtimizə düşənləri asan rəqib saymaq olarmı? Bu mövzuyla bağlı təcrübəli mütəxəssis Aslan Kərimova tribuna verməyi lazım bildik. Onun “football-plus.az”a söylədikləri:
“Öncəliklə hər bir təmsilçimizə Avropa arenasında uğurlar arzulayıram. Ancaq komandalarımızın rəqibləriylə arasındakı nisbəti götürsək, təkcə “Qarabağ” üçün düşə biləcək rəqiblərin arasından ən asanı düşüb. Rəqibi deyəndə, “Hamrun Spartans” – “Linkoln” cütünün qalibi olacaq komandanı nəzərdə tuturam. Həm “Qarabağ”ın heyəti və təcrübəsi, reytinqi birinci mərhələyə görə narahat olmamağı diqtə edir. Düşünürəm ki, “köhlən atlar” növbəti mərhələyə adlamaq yolunda böyük çətinlik çəkməyəcək. Lakin qalan bütün klublarımıza yetərincə ciddi rəqiblər düşdü. “Makkabi”yə gəlincə, hesab edirəm ki, “Xəzər-Lənkəran”la mübarizə aparan komandayla indiki “Makkabi” arasında yerlə göy qədər fərq var. Həmin dövrdən indiyə qədər çox şey dəyişilib. Yəni tanış rəqib olması heç nə demək deyil. Yalnız həmin adı tanıyırıq ki, onlarla bir dəfə qarşılaşmışıq. Doğrusu, İsrail təmsilçisinin oyunlarını izləməmişəm. Bu üzdən hansısa söz demək mənim üçün çətindi. Ancaq müqayisə etməli olsaq, “Sabah”la müqayisədə, təbii ki, “Makkabi” da təcrübəlidi. İstər-istəməz bu da belə oyunlarda həlledici ola bilir. Bundan başqa, “Sabah”ın hansı transferlər edəcəyiylə də bağlı xəbərimiz yoxdu. Hesab edirəm ki, nəzəri baxımdan “Makkabi” nisbətən öndədi. Mərhələni keçmək baxımından, şansları təqribən 55-in 45-ə rəqibin xeyrinə sayıram. Amma birinci görüşdən sonra bu barədə konkret fikir bildirmək olacaq. Yəni komandaların heyətlərini, oyun üslublarını görməmiş hansısa fikir bildirmək çətindi. Bu üzdən nəzəri baxımdan fikir söyləyə bilərəm. “Zirə” ilə “Sumqayıt”a da çox çətin rəqiblər düşdü. Xüsusən də “Zirə”nin rəqibi “Şerif”lə heç də asan keçməyəcək bir qarşılaşma olacaq. Çempionlar Liqasının qrupunda oynamış bir kollektivin təcrübəsi, təbii ki, “Zirə”dən daha artıqdı. Həmçinin heyətlərinə baxdıqda, demək olar ki, moldovalı futbolçular yox səviyyəsindədi. Komandanın 70-80 faizi legionerlərdən qurulub. Eyni zamanda, büdcələri də yetərincə yaxşıdı. “Sumqayıt”ın rəqibi “Fehervar” haqda elə də zəngin bilgimiz yoxdu. Yalnız onu demək mümkündü ki, Macarıstan təmsilçiləri özlərini Avropa arenasında yaxşı tərəfdən göstərə bilir. Elə “Qarabağ”ın “Ferentsvaroş”la mübarizədə nə qədər çətinliklə mərhələ adladığı yadımızdadı. Hesab edirəm ki, belə çempionatda çıxış edən və yuxarı pillədə qərarlaşan komanda da zəif olmayacaq. Buna görə də “kimyaçılar”ın işi çətindi. Eyni zamanda, təmsilçimizin təcrübəsi də yoxdu. Yəni komandanın heyətində, ümumiyyətlə, Avropada oynamayan və ilk dəfə çıxış edəcək futbolçular var. Bütün bunların fonunda qeyd etmək lazımdı ki, hər üç klubumuzu çətin sınaq gözləyir. Əlbəttə, hər birinə transferlər lazımdı. Elə hər üçü üçün də ən önəmli mövqe hücumdu. Bilmirəm “Sumqayıt” bu transfer dönəmində hücumçu mövqeyi barədə nə düşünür, amma ən azı bəlli bir forvardı var idi. Estoniya millisinin üzvü Erik Sorqa həmin mövqedə çıxış edirdi. “Zirə” və “Sabah” üçün sözügedən mövqedə oynaya biləcək futbolçu lazımdı. Kəsəsi, bu üç komandanı qarşıda həddən artıq çətin oyunlar gözləyir”.


KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources