EN

Əfsanəyə dönən qəhrəmanlar…

1990-cı ilin əvvəllərindən başlayaraq xayin qonşu Ermənistanın torpaqlarımıza qarşı məkirli niyyətlərini reallaşdırmaq üçün kənd və qəsəbələrimizə hücumlar edib, ətrafı atəşə tuturdular. Bu vəziyyətdə, vətənin dar anında ayağa qalxan qeyrətli oğullar sinələrini yurd üçün çəpər edib, düşmənlə qeyri-bərabər ölüm-dirim savaşına qatıldılar. Belə oğullarımızdan olan Zaur Sarıyev və Ənvər Fərəcov torpaqlarımızın müdafiə olunmasında və müstəqilliyimizin qorunmasında igidlik göstərərək Azərbaycanın milli qəhrəmanları adını qazandılar.



Qeyd edək ki, bu gün, ömür yollarını vətənə, xalqa həsr edən qəhrəmanlarımızın doğum günüdür. Onların həyat və döyüş yoluna nəzər salaq.
Zaur Sarıyev 1974-cü il iyunun 28-də Şəmkir rayonunun Qaralar kəndində dünyaya göz açıb. Burada orta təhsilini başa vuran qəhrəmanımız 1993-cü il iyulun 6-da hərbi xidmətə çağırılır. Onun döyüş yolu Tərtər rayonundan başlayır. Qorxmaz və cəsur əsgər olan Zaur tezliklə bir neçə uğurlu əməliyyatlarda iştirak edərək komandirlərinin rəğbətini qazanır. Qəhrəmanımız daha sonra Füzuli, Ağdam və Kəlbəcər uğrunda döyüşlərə qatılıb düşmən hücumlarının qarşısının alınmasında igidlik göstərir. Gənc əsgərin ən çətin döyüşü Murov uğrunda olur. Güclü müqavimət göstərən qəhrəman döyüşçülərimiz uğur qazanaraq düşmənə zərbələr endirib xeyli sayda hərbi sursat ələ keçirirlər. Bu döyüşlərin birində düşmən mühasirəsinə düşən Zaur 13 gün düşmənə ciddi müqavimət göstərir. Mühasirəni yarmağı bacaran qəhrəmanımız ağır yaralandığı üçün 2 ay hosbitalda müalicə olunur. Sağlığına qovuşan Zaur Sarıyev yenidən hərbi hissəyə qayıdaraq xidmətinə davam edir. Hərbi xidmətində fəqlənən qəhrəmanımız çavuş rütbəsinə yüksələrək qrup komandiri təyin edilir. 1995-ci il mart hadisələri zamanı bir qrup dövlət çevrilişinə cəhd edən qiyamçıların qarşısının alınmasında vətəndaşlıq borcunu yerinə yetirən Zaur Sarıyev qarşı tərəfin açdığı atəş nəticəsində ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəlir.
Vətən qarşısında misilsiz xidmətləri olan Sarıyev Zaur Rəşid oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülür.
Növbəti yazımın qəhrəmanı vətən torpaqlarının bütövlüyü uğrunda mərdliklə vuruşub Azərbaycanın Milli Qəhrəmanı adını qazanan Ənvər Səyyad oğlu Fərəcovdur.
Qəhrəmanımız 1952-ci il 28 iyunda Goranboy rayonunun Sarov kəndində anadan olub. Orta təhsil illərində idmana maraq göstərən Ənvər bir neçə dəfə idman yarışlarında iştirak edərək qalib olubdur. Orta təhsilini başa vuran vətənin igid oğlu Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olaraq təhsilini davam etdirir. Akademiyanın mexanizasiya fakültəsini bitirdikdən sonra Ənvər Fərəcov Goranboy rayonunun "Azərbaycan" kolxozunda baş mühəndis vəzifəsinə təyin edilir. Qəhrəmanımız 1981-ci ildən daxili işlər orqanlarında əmək fəaliyyətinə başlayır. Bir müddət sonra Türkmənistan Respublikasının Bezmin şəhərinə gələn Ənvər burada xüsusi komendaturanın müəssisədənkənar mühafizə şöbəsinə növbətçi olaraq işə qəbul olur. Daha sonra sahə müvəkkili vəzifəsinə təyin edilir. Qəhrəmanımız buradan Özbəkistan Milis Akademiyasına daxil olub təhsil alır. 1990-cı ildə təhsilini başa vuran vətənin igid oğlu Azərbaycan DİN-in Sərəncamına göndərilir. Qəhrəmanımız Gəncə şəhər DİŞ-də rəis köməkçisi vəzifəsinə təyin olunur. Uzun müddət doğma rayonundan ayrı qalan Ənvər Fərəcov 1991-ci ildə yurduna geri qayıdaraq burada Todan Polis bölməsinin rəisi təyin edilir.
Cəbhə bölgəsində vəziyyətin çətinləşməsindən xəbər alan vətənin igid oğlu 1991-ci il 18 avqustunda düşmən mühasirəsinə düşən yoldaşlarını xilas etmək üçün düşmənlə qeyri-bərabər döyüşə qatılaraq düşməni geri çəkilməyə məcbur edir. Apardığı əməliyyatların uğurlu nəticələnməsi və yoldaşlarının xilas olmasına görə Ənvər Fərəcov DİN tərəfindən mükafatlandırılır.
Goranboy rayonunda döyüşlərdə iştirak edən qəhrəmanımız düşmənə öz gücü və döyüş bacarığını göstərərək igidcəsinə Vətən torpağının müdafiəsində dayanır. Apardığı uğurlu əməliyyatlarda qəhrəmanımızın sayıqlığı nəticəsində düşmənin 5 nəfər canlı qüvvəsi əsir götürülərək xeyli hərbi sursat ələ keçirilir. Sentyabr 11-də Goranboyda qızğın döyüşlər zamanı quldur düşmən böyük qüvvə ilə Erkəç, Mənəşli, Buzluq kəndlərinə hücum edir. Qeyri-bərabər döyüşdə sayca çox olan düşmənə dəfələrlə az sayda olan Azərbaycan polisi mübarizə aparır və düşmən önündən geri çəkilmirdi. Böyük mübarizəyə tab gətirə bilməyən düşmən xeyli itki verdiyi üçün geri çəkilməyə məcbur olur. Bu döyüşdə qələbə qazanılsa da, qəhrəmanımız ağır yaralanaraq ali məqama yüksəlir. O, Goranboy rayonunda dəfn edilir.
Bildirək ki, Vətən torpağı uğrunda mərdliklə vuruşub bu yolda canını qurban verən qəhrəmanımız Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülür. Qəhrəmanımızın xatirəsinə Goranboy rayonunda büstü qoyulub.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı
 








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
nuhcixan.az

1Sources