EN

“Özü də iclasda iştirak edən Azərbaycan rəhbəri Qarabağdakı ermənilərin bu qərarının qəbulunun qarşısını ala bilmədi...” 

“Ermənistan xüsusi nümayəndənin himayəsi altında Dağlıq Qarabağda fəaliyyətini genişləndirdi, o cümlədən, Şuşa yaxınlığındakı Topxana meşəsində qanunsuz tikinti işlərinə başladı...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
İkinci Azərbaycan-Ermənistan müharibəsi: başlanması, gedişi və ilkin nəticələri...- XXXXVII mövzu
 
 
 İkinci Azərbaycan-Ermənistan müharibəsi ermənilərin azərbaycanlılara qarşı növbəti ərazi iddiası, Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin ələ keçirilməsi cəhdi, Ermənistanın hərbi təcavüzü ilə başlandı. Bu müharibə tarixi ədəbiyyatda “Qarabağ müharibəsi”, “Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi”, “Vətən müharibəsi” adları ilə də təqdim olunur. Müharibə üç əsas mərhələdən ibarət olmuşdur. Birinci mərhələ 1988-1991-ci illər, ikinci mərhələ 1991-1994-cü illər, üçüncü mərhələ 27 sentyabr-10 noyabr 2020-ci ildən ibarət dövrləri əhatə edir. Atəşkəs dövrü adlandırılan 1994-2020-ci illər ərzində də vaxtaşırı atışmalar, bəzən kiçik həcmli lokal döyüşlər baş verirdi.
 
Birinci mərhələ Sovet imperiyasının hələ mövcud olduğu şəraitdə, imperiyanın 2 subyekti arasında baş verdi. Ermənistan gizli və ya açıq şəkildə Azərbaycan ərazilərinə müdaxilə edirdi. SSRİ hakimiyyəti faktiki olaraq müharibədə “üçüncü tərəf” kimi çıxış edir, üzdə münaqişənin qarşısını almağa cəhd etdiyini göstərir, əslində , Ermənistanın tərəfini saxlayırdı.
 
Ermənistan tərəfi SSRİ-də özünü artıq aydın şəkildə göstərən siyasi böhran şəraitindən isitfadə edərək, 1985-ci ildə İrəvan və Xankəndində Azərbaycana qarşı müdaxilə üçün hazırlıq işlərinə başladı.
 
Həmin il Ermənistanda və bəzi başqa ölkələrdə qondarma “erməni soyqırmı”nın 70 illiyi ilə bağlı Türkiyə və Azərbaycana qarşı tədbirlər keçirildi, ərazi iddiaları irəli sürüldü [8, s.30]. Ermənilərin ilk mütəşəkkil qrupu da 1985-ci ildə yarandı. İrəvanda elmi tədqiqat institutlarından birinin əməkdaşı İqor Muradyan əsasən gənc alimlərdən ibarət qrup yaratdı. Bu qrup Moskvadakı erməni əsilli elm adamları, vəzifəli şəxslərlə, o cümlədən, Abel Aqanbekyan, Sergey Mikoyan və digərləri  ilə əlaqələr yaradır, SSRİ rəhbəri M.Qorbaçovun və ətrafının dəstəyini qazanmağa çalışırdı. O dövrün tanınmış adamlarından Zori Balayan, Silva Kaputikyan da onlara qoşuldu. Bir az sonra, 1986-cı ildə İrəvan ermənilərinin tapşırığı ilə Dağlıq Qarabağda, Hadrut qəsəbəsində də təxribatçı qrup yaradıldı. Emil Abramyanının rəhbərlik etdiyi “Hadrut qrupu” əsasən Moskvaya, siyasi rəhbərliyə Dağlıq Qarabağın Ermənistana verilməsinin vacibliyi ilə bağlı məktublar, teleqramlar göndərməklə məşğul idi. Bu məqsədlə Xankəndidə yaradılan digər qrupa Arkadi Karapetyan rəhbərlik edirdi. İki qrup 1987-ci ildə birgə fəaliyyət göstərməyə başladı. 1987-ci ildə  İ.Muradyanın qrupunun iştirakı ilə İrəvanda “Qarabağ komitəsi” yaradıldı. Dağlıq Qarabağdakı kiçik qrupların bazasında 1988-ci ilin martında “Krunk” (Durna) təşkilatı yaradıldı, Arkadi Manuçarov sədr, Robert Koçaryan rəhbərlərindən biri oldu [30]. Ermənistanda bu dövr üçün ən iddialı təşkilat – Milli Müqəddəratı Təyinetmə Birliyi  Paruyr Ayrikyanın rəhbərliyi alıtnda 1987-ci ildə yaradıldı. Bu qrup bir sıra ərazilər, o cümlədən Dağlıq Qarabağın hesabına “Ermənistanın ərazi bütövlüyünün” bərpa olunması tələbini qoyurdu. Ermənistan bu və digər təşkilatları yaratmaqla müharibəyə ideoloji hazırlıq işlərini həyata keçirirdi.
 
Azərbaycanda  isə hələlik təşkilati və ideoloji işlər yeni-yeni formalaşırdı. 1987-ci ilin yayından başlayaraq Azərbaycanın ermənilər yaşayan bəzi yaşayış məntəqələrində, məsələn Şəmkirin Çardaxlı kəndində qarşıdurmalar baş verir, gərginlik artırdı. İrəvanda ilk aksiya 1987-ci ilin oktyabrında İ.Muradyanın təşkilatçılığı ilə Puşkin adına parkda keçirildi. Təxminən 250 nəfərin iştirak etdiyi mitinqdə antiazərbaycan tələbləri səsləndirildi [35]. Ermənilər kütləvi şəkildə Ermənistan və Dağlıq Qarabağda imzalar toplayıb Moskvaya göndərdilər, bir neçə heyət Moskvaya gedərək yüksək vəzifəli şəxslərlə görüşdülər. Bütün bu proseslərin mərkəzində Dağlıq Qarabağın Azərbaycandan allınaraq Ermənistana birləşdirilməsi tələbi dayanırdı.
 
Bu vaxt iftiralarla dolu “Ocaq” (İrəvan, 1981; Moskva, 1984) kitabının müəllifi Zori Balayan, tarixçi Sergey Mikoyan (Anastas Mikoyanın oğlu) və digərləri həm daxildə, həm də xaricdə təbliğat aparır, saxta məlumatları yayırdılar. Onların təsiri altında M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik Abel Aqanbekyan da prosesə qoşuldu, və 1987-ci il noyabrın 16-da Parisdə erməni icması ilə görüşdə bəyanatla çıxış edərək, Dağlıq Qarabağın Ermənistana verilməsinin vacibliyni əsasladırmağa çalışdı [35]. Bu açıqlama dünya erməniləri tərəfindən M.Qorbaçovun mövqeyi kimi qəbul olundu və onların geniş fəaliyyəti üçün siqnal oldu.
1987-ci ilin ikinci yarısından başlayaraq azərbaycanlılar Ermənistan və Dağlıq Qarabağda açıq şəkildə sıxışdırılır və çıxıb getməyə məcbur edilirdi. 1987-ci ilin sonunda ilk qaçqın dəstələri Ermənistanın Qafan və Mehri rayonlarından Azərbaycana gəldi, 1988-ci ilin fevralında onların sayı artıq 4 min nəfərə çatmışdı [27, s.190-212].  Qaçqınların əksəriyyəti Sumqayıt şəhərinə yerləşdirildi. 1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi meydanında ermənilərin ilk mitinqi keçirilidi. Mitinqin təşkilatçılarından biri İrəvandan gəlmiş İ.Muradyan idi [35]. Bunun ardınca, fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) xalq deputatları soveti növbədənkənar iclasını keçirərək Azərbaycan, Ermənistan və SSRİ rəhbərliklərinə Dağlıq Qarabağın Ermənistana birləşdirlməsinə dair müraciət qəbul etdi. Azərbaycanlı deputatlar səsvermədə iştirak etmədi, iclasda iştirak edən Azərbaycan KP-nın rəhbəri Kamran Bağırov qərarın qəbul olunmasının qarşısını ala bilmədi  [16].
 
Ermənilərin təxribatlarına, aksiyalarına cavab olaraq azərbaycanlılar da əks addımlar atmağa başladılar. 1988-ci il 19 fevralda Bakıda ilk etiraz aksiyası keçirildi, bir neçə gün sonra Şuşa və Ağdamda etiraz aksiyaları keçirildi, mitinq və yığıncaqlar təşkil olundu, Ermənistanın ərazi iddiaları rədd edildi. Fevralın 22-də Ağdamdan böyük izdiham yürüşlə Xankəndi istiqamətində hərəkət etdi, məqsəd Dağlıq Qarabağın mərkəzi şəhərindəki təxribatçı çıxışlara, mitinq və toplantılara son qoymaq, erməni millətçilərini təxribatçı hərəkətlərindən çəkindirmək idi. Erməni silahlıları Əsgəran qəsəbəsi yaxınlığında dinc yürüş iştirakçılarını gülləboran etdi, nəticədə 2 azərbaycanlı -Əli Hacıyev və Bəxtiyar Quliyev öldürüldü, xeyli sayda adam yaralandı [8, s.31; 29]. Fevralın 22-23-də Bakı və digər bölgələrdə əsassız erməni iddialarına qarşı mitinqlər keçirilirdi. Azərbaycan xalqı ciddi hazırlıq olmadan da müqavimət gücünü göstərdi, iradəsini ortaya qoymağa başladı. Fevralın 23-də Dağlıq Qarabağın Bakıya loyal mövqeyi ilə seçilən rəhbəri Boris Gevorkov millətçilər tərəfindən vəzifədən uzaqlaşdırıldı,  qatı erməni şovinisti Henrix Poqosyanı onun yerinə gətirdilər.
 
Hadisələr artıq geriyə dönməz xarakter alırdı. 1988-ci il fevralın 28-də Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən Sumqayıtda qanlı hadisələr törədildi, erməni əhalinin evlərinə basqınlar təşkil edildi. Nəticədə 32 nəfər, o cümlədən, 26 erməni, 6 azərbaycanlı öldürüldü. İstintaq nəticəsində ixtişaşlara erməni əsilli Azərbaycan vətəndaşı Eduard Qriqoryanın rəhbərlik etdiyi məlum oldu. Qərəzli yanaşma nəticəsində azərbaycanlı Əhməd Əhmədov da ixtişaşların digər “rəhbəri” kimi təqdim olundu. Məhkəmə Əhməd Əhmədov barəsində ölüm hökmü çıxardı, hökm dərhal yerinə yetirildi. E.Qriqoryana isə 12 il azadlıqdan məhrumetmə cəzası verildi, bir müddətdən sonra azadlığa buraxıldı [26; 16; 33].
SSRİ rəhbərliyi Ermənistanın təcavüzkar hərəkətlərinin qarşısını almaq üçün təsirli addım atmadı, yalnız mənasız qərarlar verməklə kifayətləndi, bölgəyə gətirliən əlavə milis (polis) və hərbi qüvvələr erməniləri himayə edirdi. Ermənistan qarşıya qoyduğu vəzifələri ardıcıllıqla yerinə yetirirdi. 1988-ci ilin noyabr-dekabr ayları ərzində Ermənistandan 250 min azərbaycanlı zorla deportasiya edildi (bəzi yerlədə qalmış azərbaycanlılar 1991-ci ildə çıxarıldı, azərbaycanlıların yaşadıqları sonuncu kənd -Nüvədi 1991-ci ilin 8 avqustunda boşaldıldı). Erməni hakimiyyəti və terror qrupları azərbaycanlılara divan tutdular, deportasiya zamanı 216 nəfər, o cümlədən 57 qadın, 23 uşaq xüsusi qəddarlıqla qətlə yetirildi [24].
 
Moskva bir sıra təşkilati məslələlərlə bağlı təşəbbüs etdi, 1988-ci ilin mayında Azərbaycan və Ermənistan rəhbərləri dəyişdirildi, Əbdürrəhman Vəzirov və Suren Arutyunyan rəhbərliyə gətirildilər. İyun ayında Arkadi Volski Kremlin xüsusi nümayəndəsi olaraq Xankəndinə göndərildi. O, çox tezliklə açıq ermənipərəst mövqedə olduğunu göstərdi, onun regiona təsadüfən göndərilmədiyi məlum oldu. Ermənistan xüsusi nümayəndənin himayəsi altında Dağlıq Qarabağda fəaliyyətini genişləndirdi, o cümlədən, Şuşa yaxınlığındakı Topxana meşəsində qanunsuz tikinti işlərinə başladı. Bu, Azərbaycanda sərt reaksiya doğurdu, izdihamlı mitinqlər  keçirildi.
 
Ermənistanda əsas aparıcı təşkilat olan “Qarabağ komitəsi”nin  rəhbərliyində dəyişiklik baş verdi. 1988-ci ilin ortalarında Levon Ter-Petrosyan İ.Muradyan və Z.Balayanı kənarlaşdıraraq rəhbərliyi öz üzərinə götürdü. L.Ter-Petrosyan əvvəlki rəhbərlikdən fərqli olaraq yalnız Qarabağ məsələsini deyil, eyni zamanda SSRİ-nin tərkibindən çıxmaq kimi məsələləri gündəmə gətirdi [34].
 
Sovet rəhbərliyi növbəti yanlış addım ataraq, 1989-cu il yanvarın 12-də Xankəndində A.Volskinin rəhbərliyi altında Xüsusi İdarə Komitəsi yaratdı, Dağlıq Qarabağı Azərbaycanın tabeliyindən çıxararaq, birbaşa Moskvaya tabe etdi. Bu ermənilərin hələ on illərlə əvvəl səsləndirdikləri aralıq variantlarından biri idi. Tam aydın oldu ki, M. Qorbaçov birbaşa ermənilərin sifarişi ilə hərəkət edir. Lakin Azərbaycanın etirazlarından sonra A.Volski regionu tərk etməli oldu, Xüsusi İdarə Komitəsi ləğv edildi. Bu qurumun əvəzinə həmin il 28 noyabrda SSRİ Ali Sovetinin qərarı ilə “Respublika təşkilat komitəsi” yaradıldı. Moskvanın emissarı Viktor Polyaniçko ona rəhbər təyin edildi [6].
 
1988-ci ilin payızından etibarən Azərbaycan Xalq Cəbhəsi əvvəlcə təşəbbüs qrupu, 1989-cu ilin yayından isə mütəşəkkil təşkilat kimi mühüm mövqeyə nail olur, proseslərə nəzarət edirdi. Hakimiyyətin təşəbbüsü ilə 1989-cu ilin avqustunda daha bir ictimai təşkilat-Qarabağa Xalq Yardımı Komitəsi yaradıldı. İctimai-siyasi xadim Bayram Bayramovun rəhbərlik etdiyi Komitəyə tanınmış şəxslərdən Sabir Rüstəmxanlı, Firidun Cəlilov, Dadaş Rzayev və digərləri daxil oldu. Komitə əsasən qaçqın və məcburi köçkünlərə yardım, münaqişə zonasında tikinti, təbliğat və sair işlərlə məşğul olurdu. Ən vacib işlərindən biri “Azərbaycan” qəzetinin nəşrindən ibarət oldu [3].  Hakimiyyətin zəifliyi şəraitində Dağlıq Qarabağın müdafiəsi əsasən AXC tərəfindən həyata keçirilirdi. 1989-cu il dekabrın sonu-1990-cı il yanvarın əvvəlində AXC Sovet hakimiyyətini bəzi yerlərdə devirməyə cəhd göstərdi, məsələn, Cəlilabad, Lənkəran rayonlarında istəklərinə nail oldu. Həmçinin Naxçıvan ərazisində İranla dövlət sərhəddi açıldı, Cənubi Azərbaycanla birbaşa əlaqə yaradıldı (bu hadisə ilə bağlı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur). Azərbaycan bu hərəkatla SSRİ-nin süqutu prosesinin başlanğıcını qoydu. Moskva proseslərin qarşısının alınması, Azərbaycanda xalq hərəkatının məhv edilməsi məqsədi ilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə qanlı qırğın törətdi, müvəqqəti nəticələrə nail oldu, lakin tarixin təkərini geri çevirə bilmədi.
 
Ermənistan Dağlıq Qarabağa iddialarını tam rəsmləşdirdi, 1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair qərar qəbul etdi. L.Ter-Petrosyan hələ tam şəkildə hakimiyyətə gəlməmişdi, amma 1989-cu ilin noyabrında Ermənistan Milli Hərəkatına (EMH) rəhbər gəldikdən, 1990-cı ilin avqustunda Ermənistan Ali Sovetinə sədr seçildikdən sonra ölkəni faktiki olaraq idarə edirdi (o, 1991-ci ilin oktyabrında ölkənin prezidenti oldu). O, prezident seçilmədən öncə də Erməni milli ordusuna  nəzarət edirdi. Ermənistanın işğalçı ordusu 1990-cı il yanvarın 18-də Naxçıvanın Kərki kəndini, mart ayında isə Qazax rayonunun Bağaniz Ayrım kəndini (Qazaxın digər kəndləri sonrakı illərdə işğal olundu) işğal etdi [18, s.58].
 
(Davamı var)

 

Ədəbiyyat:

 

1. Anjey Kaspşik 23-cü dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təyin edilib.- report.az/qarabag/anjey-kaspsik-23-cu-defe-atet-sedrinin-sexsi-numayendesi-teyin-edilib/.

2. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər.- lib.aliyevheritage. org/ az/5874742.html.

3. Azərbaycanın dönüşü.- novator.az/2019/10/04/az-rbaycanin-donusu/.

4. Azərbaycan tarixi. Yeddi cilddə. VII cild. Bakı, “Elm”, 2008.

5. Qarabağ danışıqlarına görə güllələnmiş Karen Dəmirçyanın oğlu Bakıya gəlir. 2014-cü il, 23 iyun.- modern.az/az/news/59628.

6. Qarabağ tarixi. sumlib.az/ Qarabağ Tarixi/11.pdf.

7. Qarabağ tarixinin səlnaməsi (1994-cü il).- web.archive.org/web/ 20121217054943/http: //azerbaycanli.org/az/page 646.html.

8. Nağı A. Qarabağ müharibəsi. Qısa tarix. Bakı, “Namiq Həbibov”, 2015.

9. Rzalı R. Qaradağlı faciəsi.- “Azərbaycan” qəzeti, 2011, 17 fevral, s. 6.

10. Sultanov Z. “Horadiz əməliyyatı”: azad olunan doğma torpaq. “Xalq qəzeti”, 2015, 6 yanvar, s.5.

11. Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. “İlay MMC”, Bakı, 2008.

12. Armenian aggression-Qazax.- qazax.net.

13. “By Giving Karabakh Lands to Azerbaijan, Conflict Would Have Ended in 97, Says Ter-Petrosian”. Asbarez. 19 April 2011.

14. Cohen, Ariel (ed). Eurasia in Balance: US and the Regional Power Shift. Aldershot, England: Ashgate. 2005.

15. Cornell Svante E. Small nations and great powers: a study of ethnopolitical conflict in the Caucasus. Routledge, 2001. 

16. Cornell Svante E. The Nagorno-Karabakh Conflict.Report N 46, departament of East European Studies, Uppsala University, 1999. 

17. Goble P. “How The “Goble Plan” Was Born”. RFE/RL. Caucasus Report 3, no.23, 8.06.2000.

18. Gullen R., A .Reprter at large, “ROOTS”. THE NEW York, aprel 15, 1991.

19. Human Rights Watch/Helsinki.Azerbaijan: Seven Years of Conflict in Nagorno-Karabakh.- New York.Washington. Los Angeles. London/ Brussel, 1994.-C.6.-archive.org/ details/azerbaiyansevenyoohuma/ page/6mode/2up.

20. Muradzade N. “Can economic cooperation contribute to sustainable peace in Karabakh?”, moderndiplomacy.eu. Modern Diplomacy Journal. 27 noyabr 2020. Moderndiplomacy.eu/2020/11/27/can-economic- cooperation-contribute-to-sustainable-peace-in-karabakh/.

21. Nagorno-Karabakh: Remembering the victims of Khojaly.- web.archive. org/web/20220925181411/ //www.bbc.com/news/world-europe-17179904.

22. Uhlig M.A.The Karabakh War World Policy Journal №4, 1993, s.47-52.

23. Агдабанская трагедия.- 1905.az/ru/агдабанская-трагедия.

24. “Бакинскими армянами пожертвовали ради сохранения власти КПСС”:азербайджанский эксперт о годовщине чернего января.-UA REGNUM, 22.01.2007.-old.memo.ru/hr /hotpoints/caucas1/msg /2007/01/ m80784.htm.

25. Бекарян К. Европейские инициативы в карабахском конфликте.- web.archive.org/web/ 20160602204451/http: //uames.orgua/php/art.php?id=76.

26. “Воздушная война в Карабахе”. Журнал «АвиаМастер», N6/2000q.

27. В Прокуратуре Союза ССР (ТАСС). Голос Армении (Коммунист) N68(16347), 22 марта, 1998г.-press.karabakh.info.

28. Дашдамиров А. Карабахский конфликт в контексте перестройки.// Вестник аналитики, №3 (21), 2005.  

29. Казимиров В. Кто искал силового решения в Карабахе?- web.archive.org/ web/20120111231033/ htpp://www.arev.ru/var19.php.

30. Мемориал. Хроника конфликта.-old.memo.ru/hr/hotpoints/karabah/ getashen/chapter1.htm.

31. Начало конфликта.-supremecourt.az/ru/static/vilw/10 .

32. Правозашитный центр общество “Мемориал”.-web.archive.org/ web/20050109000816///www.memo.ru/hr/hotpoints/karabah/Getashen/index.htm.

33. Рохлин Л. «Спецоперация или коммерческая афера?».-журн. «Независимое военное обозрение», №13, 1997 г.

34. Сумгаитский палачь Григорян найден. vestikavkaza.ru/articles/ Sumgaitskiy-palach-Griqoryan-nayden.-29.11.2013.

35. Том де Ваал. Глава 4.1988-1989гг. Кризис в Армении. Русская служба Би-би-си (8 июля 2005).-newsbbc.co.uk/hi/russia/in-depth/newsid-4658000/4658961.stm.

36. Том де Ваал. Черный сад. Глава I, февраль 1988 года.- news.bbs.сo.uk/ ni/russian/ in-depth/ newsid-4640000 /4640183.stm.

 

 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
moderator.az

1Sources