EN

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Bakı, 28 iyun, AZƏRTAC

Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində geniş tərkibdə iclas keçirilib.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyinə Nəzarət İdarəsinin rəisinin rəhbərliyi ilə keçirilən iclasda Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar, Daxili İşlər və Müdafiə nazirlikləri, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, BP şirkəti, Dövlət Neft Şirkətinin səlahiyyətli nümayəndələrinin və Agentliyin müvafiq idarə və şöbələrinin rəisləri iştirak ediblər.

Agentliyin İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyinə Nəzarət İdarəsinin rəisi, polkovnik Nail Dadaşov çıxışında bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra irimiqyaslı neft və qaz ehtiyatlarının hasilatı və dünya bazarına çıxarılması ölkə iqtisadiyyatının ən mühüm sahələrindən biri olub. Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib. Ulu Öndər Heydər Əliyevin uğurlu neft və qaz strategiyası bu gün Prezident İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində uğurla davam etdirilir.

Qeyd edilib ki, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mühafizəsini həyata keçirdiyi ixrac boru kəmərləri ilə Azərbaycandan dünya bazarına çıxarılan xam neftin və qazın təhlükəsiz nəqli tam təmin edilib və ötən müddətdə əvvəlki illərdə olduğu kimi ixrac boru kəmərlərinə qarşı heç bir terror-təxribat hərəkətləri baş verməyib, kənar müdaxilələr qeydə alınmayıb. İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planının icrası Agentlik tərəfindən ciddi nəzarətdə saxlanılıb.

İdarə rəisi, polkovnik Nail Dadaşov tərəfindən “Tədbirlər Planı"nın bəndlərinin icrası ilə əlaqədar 2024-cü ilin birinci yarımilliyində görülmüş tədbirlər diqqətə çatdırılıb, qarşıda duran vəzifələr və atılacaq addımlar barədə iclas iştirakçıları məlumatlandırılıb.

İclasda aidiyyəti qurumların səlahiyyətli nümayəndələrinin təklif və məruzələri dinlənilərək ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinə təsir göstərə biləcək yeni tendensiyalar, əməliyyat şəraitində baş vermiş dəyişikliklər, potensial təhlükəsizlik riskləri və qazanılmış nəticələr barədə informasiya mübadiləsinin aparılması və digər məsələlər ətrafında müzakirələr olub, müvafiq qərarlar qəbul edilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
azertag.az

1Sources