EN

Təhsil tariximizdə silinməz imza: Mehdi bəy İsmayılov

Qafqazdakı ən fundamental tədris mərkəzlərindən sayılan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bu il iyunun 19-da 94 yaşı tamam oldu. UNEC-in ölkənin yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətləri var. Bura ölkədə sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və sair ixtisaslar üzrə kadr hazırlığı və elmi-tədqiqat mərkəzinə çevrilib.

94 illiyi tamam olan bu universitetə vaxtilə bir çox nüfuzlu ziyalılar rəhbərlik ediblər. Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in ilk rektoru isə Mehdi bəy Əsəd bəy oğlu İsmayılov olub. O, 1887-ci ildə Şəkidə zadəgan ailəsində doğulub. Onun 29 iyul 1910-cu ildə yazdığı tərcümeyi-halında 1887-ci ildə Şəkidə anadan olduğu qeyd edilib. Bəzi məlumatlarda isə 1888-ci ildə İrəvan şəhərində anadan olduğu göstərilir. Mehdi bəy 1895-ci ildə Şəki şəhər məktəbində təhsil almağa başlayıb. Çar hökumətinin həyata keçirdiyi 1860-cı illərin məktəb islahatı nəticəsində qəza məktəblərinin bazasında şəhər məktəbləri yaradıldı. Şəhər məktəblərinin bir, iki, üç və ya dörd sinif olması nəzərdə tutulurdu. Təhsil müddəti isə 6 il idi. Şəkidə bu tipli şəhər məktəbi 1877-ci ildə yaradılıb. Həmin məktəbdə 6 il təhsil alandan sonra Mehdi bəy 1901-ci ildə Bakı Kommersiya Məktəbinə daxil olub, 1910-cu ildə "əla" və "yaxşı" qiymətlərlə təhsilini başa vurub.

Kommersiya məktəbində aldığı təhsil və hesabdar ixtisası Mehdi bəy İsmayılovun gələcək həyat yolunun, ixtisasının müəyyənləşməsində mühüm rol oynayıb. Elə bu səbəbdən də Kommersiya məktəbini bitirdikdən sonra Moskvada iqtisadçı ixtisasını davam etdirmək qərarına gəlir. 25 iyul 1910-cu il tarixdə Moskva Kommersiya İnstitutunun rektoruna yazdığı ərizəsinə əsasən institutun İqtisad bölməsinin tələbələri sırasına daxil olub.

Mehdi bəy İnstitutda özündən böyük qardaşı Rəşid bəyin yardımı ilə oxuyub. Mehdi İsmayılov 1914-cü ildə təhsil haqqını verə bilmədiyinə görə 8 semestr oxuduqdan sonra bir il müddətinə təhsilini dayandırıb. Bundan sonra Tehrana qardaşı Rəşid bəyin yanma gedib. Görünür qardaşı Rəşid bəyin yardımı ilə yenidən təhsilini davam etdirmək qərarına gəlir. Tehrandakı Rusiya Baş Konsulluğunun 1914-cü il dekabrın 28-də verdiyi vəsiqədə bildirilir ki, İsmayılov 1914-cü ilin mayından noyabr ayına qədər Tehranda olarkən heç bir arzuolunmaz siyasi işə qarışmayıb və kimsədən onunla bağlı Baş Konsulluğa şikayət və irad gəlməyib. Tehrandakı rus progimnaziyasından 27 may 1914-cü ildə Moskva Kommersiya İnstitutunun rektoruna yenidən ərizə göndərərək apreldəki ərizəsinin nəzərə alınmamasını, artıq təhsil haqqını ödəmək imkanında olduğunu və institutda təhsilini davam etdirmək istədiyini bildirib. Beləliklə təhsilini davam etdirməyə başlayıb. Lakin Azərbaycan Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Tarixi Arxivində saxlanılan sənədlərdə onun natamam ali təhsilə malik olması göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti Maarif Nazirliyinin 8 oktyabr 1919-cu il 399 saylı əmrində isə Moskva Kommersiya İnsitutunu bitirdiyi göstərilib.

1918-ci ilin yazında o, N.Nərimanovun dəvətilə Bakıya gəlir, fəal bir sürətdə bolşevik hərəkatına qoşulur. Bolşeviklər partiyasının tapşırığı ilə Quba qəzasına göndərilən İsmayılov partiyanın və sovet hökumətinin ideya və vəzifələrini kənd əhalisi arasında təbliğ edib, eyni zamanda, Qusar şəhərindəki axşam məktəbində müəllimlik edir, Nuru Paşanın başçılığı altında Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra Bakıya gəlir, 1 oktyabr 1919-cu ildən Bakı Kommersiya Məktəbinin müfəttişi işləyir.

Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra 1920-ci ildə Bakı Qəzası Torpaq Komitəsinin sədri, həmin ilin sonundan 1921-ci ilin sonunadək Azərbaycan Sovet Respublikası Baş Siyasi-Maarif İdarəsinin sədri təyin edilib. Respublikada mədəni-maarif müəssilərinin açılması və inkişaf etdirilməsi işinə bacarıqla rəhbərlik edib. l923-1925-ci illərdə AK(b)P MK təbliğat-təşviqat şöbəsinin müdiri, eyni zamanda AK(b)P MK yanında Partiya Məktəbinin (Kənd Partiya Məktəbi) direktoru işləyib.

1925-ci ilin aprel ayından 1928-ci ilin noyabr ayına qədər Tiflisdə Ümumittifaq K(b)P Zaqafqaziyta Ölkə Komitəsinin təlimatçısı, 1928-ci ilin noyabrından 1930-cu ilin sentyabrınadək Zaqafqaziya Kommunist Universitetinin mühazirəçisi vəzifəsində çalışıb.

Məlumdur ki, 1920-ci illərin sonunda qısa bir zamanda Bakı Dövlət Universitetinə intellektual səviyyəsi çox yüksək olan milli ziyalıların toplanması, Azərbaycanın gələcəyini fikirləşən aydın düşüncəli insanların yığışması Universitetin həyatında mürəkkəb və qaranlıq dövrün başlanmasına səbəb oldu. Azərbaycan Xalq Komissarları Sovetinin "Ali məktəblərin və texnikumların yenidən təşkil edilməsi haqqında" 1930-ci il 5 may tarixli qərarı, həmin qərara 1930-cu il 9 may tarxli əlavə və düzəlişdən sonra 19 iyun 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin fəaliyyəti ləğv olundu və onun fakültələri bazasında müstəqil institutların yaradılması haqqında qərar qəbul edildi. Həmin qərara əsasən Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsinin bazasında, ölkədə geniş profilli iqtisadçı kadrlar hazırlamalı olan Azərbaycan Ticarət-Kooperativ İnstitutu təsis edildi. Azərbaycan Dövlət Universitetinin fəaliyyəti dayandırıldı, onun ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar yaradıldı. İmperiya qüvvələri bu addımı Azərbaycanın düşünən beyinlərindən, milli ruhlu ziyalılarından qorxduqları, onları parçalayaraq ayrı-ayrı yerlərə göndərmək üçün atsalar da, respublikada yeni institutların açılması ölkənin həyatında ali təhsilin inkişafında irəliyə doğru atılmış bir addım oldu.

Beləliklə, 1930-cu ildə yeni yaranan ali təhsil müəssisələrindən biri də respublika üçün iqtisadçı mütəxəssislər hazırlayacaq Azərbaycan Ticarət-Kooperativ İnstitutu oldu. Həmin dövrdə yüksək intellektual səviyyəsi ilə tanınan, müxtəlif maarif və partiya işlərində formalaşmış, fransız, alman, fars, türk və rus dillərini mükəmməl bilən ziyalı Mehdi bəy İsmayılov yeni yaranan Azərbaycan Ticarət-Kooperativ İnstitutuna direktor təyin edildi.

Azərbaycan Xalq Komissarları Sovetinin qərarına əsasən, 1930-1931-ci tədris ili 1930-cu il sentyabrın 1-dən başlamalı idi. Mehdi İsmayılovun rəhbərliyi ilə ciddi hazırlıq işləri aparılıb, institutun müəllim heyətinin köməkçi personalın seçilməsi və yerləşdirilməsinə xüsusi diqqət yetirilib, gələcək iqtisadçı kadrların hazırlanması üçün çox işlər görülüb. İnstitut rəhbərliyinin diqqət mərkəzində duran problemlər içərisində dərslik və dərs vəsaitlərinin, proqram və metodik göstərişlərin hazırlanması xüsusi yer tuturdu. Tədrisin ana dilində aparılması nəzərə alınaraq, tələbələrin Azərbaycan dilində ədəbiyyatla təmin olunması mühüm əhəmiyyət kəsb edirdi. Bu məqsədlə institutun təcrübəli müəllimlərinin təcrübəsindən səmərəli istifadə olunurdu. Qısa müddət ərzində uzun müddət mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili üzrə əvəzsiz və qiymətli dərsliklər kimi öz əhəmiyyətini saxlamış "Hesabdarlıq kursu" (1930-cu il), "İkili sistem və onun büdcə təsərrüfatında tətbiqi" dərslikləri və bir sıra dərs vəsaitləri, proqram və metodik göstərişlər nəşr olunaraq tələbələrin istifadəsinə verilib.

Azərbaycan Dövlət Univeristetinin tərkibində adi fakültələrdən biri kimi fəlaiyyət göstərməsindən fərqli olaraq, müstəqil təhsil mərkəzi kimi artıq yeni Azərbaycan Ticarət Kooperativ İnstitutuna tələbə qəbulu isə bir neçə ixtisası özündə ehtiva etmişdi. Direktiv orqanların müəyyən etdiyi qəbul planının yerinə yetirilməsi üçün Mehdi İsmayılovun rəhbərliyi ilə institutun azsaylı, lakin fədakar kollektivi var gücü ilə çalışıb. Elə ilk vaxtdan instituta qəbul prosesinə ciddi diqqət yetirilib, qəbul olunan tələbələrin sayı artırılıb. Faktlar göstərir ki, tədris olunan fənlərin kəmiyyət və keyfiyyət baxımından mütənasibləşdirilməsinə də yetərincə diqqət yetirilib. Tədrisin ana dilində aparılmasının ön plana çəkilməsi ilə əlarədar olaraq rus dilində olan dərslik, metodik vəsait, proqramların tərcüməsi ilə yanaşı, habelə Azərbaycan dilində dərslik və digər vəsaitlərin yazılması və nəşri təşkil edilib.

Tədrisin lazımi səviyyədə təşkil olunması üçün auditoriyaların, tədris laboratoriyalarının dövrünə görə ləvazimatlarla təchiz olunması da institut rəhbərliyinin diqqətində olub. Bununla yanaşı, tədrisin ayrılmaz tərkib hissəsi kimi nəzəri və praktiki işin vəhdət halında təşkili qarşıda duran vacib məsələlərdən sayılıb. Bu prosesin üzvi surətdə əlaqələndirilməsi kollektiv qarşısında duran ümdə vəzifələrdən idi. Direktorluq və müəllim heyəti, institutun özünün imkanları daxilində təşkil olunan fənn kabinetləri və laboratoriyalarla yanaşı, tələbələrin müəssisə və idarələrdə təcrübə keçmələrini də lazımi səviyyədə təşkil ediblər.

Azərbaycan Ticarət-Kooperativ İnstitutu 1933-cü ilin əvvəllərinə qədər müstəqil fəaliyyət göstərmiş və müxtəlif ixtisaslar üzrə kadr hazırlanmasında mühüm rol oynayıb.

M.İsmayılovun Azərbaycan Ticarət-Kooperativ İnstitutuna rəhbərliyi dövtründə İnstitunun tərkibində fəaliyyət göstərən müvafik fakültələrin bazasında ayrı-ayrı kiçik institutlar yaradılıb. 1932-cu ildə Maliyyə fakültəsinin bazasında Maliyyə İnstitutu, Planlaşma fakültəsi əsasında Plan-İqtisad İnstitutu, müvafiq ixtisaslar bazasında formalaşmış Azərbaycan istehlak Kooperasiyası İnstitutu təsis edilib.

1932-ci ilin sonu - 1933-cü ilin əvvəlllərində vahid və müstəqil institutun kiçik təhsil müəssisələrinə parçalanmasının səmərəli olmaması və təhsildə yaratdığı əlavə çətinliklər yaratması nəzərə alınaraq 1933-cü ildə Azərbaycan Ticarət-Kooperativ İnstitutunun fakültələri əsasında yaranmış kiçikinstitutlar yenidən fakültələr formasında onun tərkibinə qatılaraq Karl Marks adına Sosial-İqtisad İnstitutu yaradıldı. Karl Marks adına Azərbaycan Dövlət Sosial (İctimai) İqtisad İnstitutunda plan-iqtisad, maliyyə-iqtisad, xalq təsərrüfatı uçotu, məhkəmə və prokurororluq işçiləri ixtisasları üzrə mütəxəssislər hazırlanırdı. 1933-cü ildə Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılarkən onun ilk direktoru Mehdi İsmayılov təyin edilibr. O, bu instituta 1934-cu ilin aprel ayına qədər rəhbərlik edib.

Sonralar Mehdi bəy İsmayılov AK(b)P MK-da müxtəlif vəzifələrdə çalışıb.

M.İsmayılov öz həyatının bir çox illərini siyasi iqtisaddan dərs verməyə həsr edib. O, ictimai elmlərin müxtəlif sahələrinə dair bir çox məqalələrin müəllifidir.

Mehdi bəy İsmayılov daha sonralar M.F.Axundov adına Respublika Kitabxanasında şöbə müdiri işləyib. 1951-ci ildə Bakı şəhərində vəfat edib.

Sevinc QARAYEVA























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
525.az

1Sources