EN

Türkiyə və Ermənistan arasında əlaqələr inkişaf edir: Yeni reallıqlar yaranacaq

 Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tallində estoniyalı həmkarı Marqus Tsahkna ilə birgə mətbuat konfransında bildirib ki, İrəvan Ankara ilə diplomatik əlaqələr qurmağa hazırdır.

Ermənistan tərəfi həmçinin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün də sərhədi açmağa hazırdır:

“Türkiyə ilə münasibətlərin mərhələli şəkildə tənzimlənməsi, üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olanlar üçün sərhədlərin açılması ilə bağlı razılaşmalarımız var. Düşünürəm ki, onları həyata keçirməyin vaxtı çatıb”.

Ermənistan əvvəllər də oxşar açıqlamar verib. Ümumiyyətlə, İrəvan Ankara ilə münasibətlərin normallaşmasında səmimi görünür. Çünki buna ehtiyacı olduğunu anlayır.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar yarandı. Bu reallıqların bir tərkib hissəsi də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasıdır. Məhz Azərbaycan öz ərazi bütövlüyünü təmin edəndən sonra tərəflər arasında normallaşma prosesinin əsası qoyuldu. Əslində Azərbaycan ərazilərinin işğalı Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına mane olan əsas məqam idi. İkinci Qarabağ müharibəsindən sonra isə bu əngəl aradan qalxdı.

Əvvəl də dediyimiz kimi, bu gün Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün strateji əhəmiyyətlidir. Çünki İrəvan həm Qərb, həm də Rusiya tərəfindən sıxılır. Ermənistan gələcəkdə iki tərəf arasında poliqona çevrilə bilər. Bu isə o deməkdir ki, Ermənistanın dövlətçiliyi faktiki olaraq təhdid altındadır.

Deməli, Ermənistana yeni təhlükəsizlik çətiri lazımdır. Bunun üçün ən yaxşı variant isə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, regional əməkdaşlıq mühitinin təmin olunmasıdır.

Üstəgəl, Ermənistanın iqtisadi cəhətdən inkişafı çox vacibdir. Bu inkişaf ölkəni həm də siyasi cəhətdən müstəqilləşdirə bilər. Regional əməkdaşlıq, o cümlədən Türkiyə ilə diplomatik münasibətlərin qurulması isə rəsmi İrəvanın iqtisadi cəhətdən inkişafı üçün unikal fürsətdir.

Son günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan və Türkiyə xarici işlər naziri Hakan Fidanla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı oldu. Tərəflər münasibətlərin normallaşmasını müzakirə etdilər. İntensivləşən təmaslar onu deməyə əsas verir ki, hər iki tərəf münasibətlərin normallaşmasında maraqlıdır. Bu proses perspektivdə həm də Bakı – İrəvan münasibətlərinə, o cümlədən yekun sülh sazişinin imzalanmasına təsir edə bilər.

Faktiki olaraq Ermənistanla Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşması paralel inkişaf edən prosesdir. Bu iki istiqamət bir- biri ilə birbaşa bağlıdır. Düşünmək olar ki, proses bundan sonra da uğurla davam edəcək. Beləliklə, regionda yeni reallıqlar yaranacaq.

Kənan Novruzov

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
herbiand.az

1Sources