EN

MSK seçki qrafikini elan edəcək – Seçki dövrü qanunla necə tənzimlənir?

Azərbaycan Prezidenti İlham Əliyev 1- sentyabrda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək və Milli Məclisə seçkilərin qrafiki elan olunacaq.

Konstitusiyanın 85-ci maddəsinə əsasən, yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisin deputatı seçilə bilər. Həmin maddənin II bəndinə əsasən isə "İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Milli Məclisə deputat seçilə bilməzlər.

Seçki Məcəlləsinin (SM) tələbinə əsasən parlament seçkilərini Mərkəzi Seçki Komissiyası (MSK) təşkil edir və yekunlaşdırır. Seçkilərin nəticələrinin düzgünlüyünü isə qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

Parlament seçkilərinə namizədlər birmandatlı seçki dairələri üzrə irəli sürülürlər. Namizədlər seçki dairəsində daimi yaşayan, seçki hüququ olan Azərbaycan vətəndaşları, namizədin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülürlər. SM-in 53.1-ci maddəsinə əsasən namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən o şərtlə irəli sürülə bilər ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin.

SM-in 54-cü maddəsinə əsasən siyasi partiya və siyasi partiyaların bloku tərəfindən namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd isə bloka daxil olan hər bir partiya tərəfindən təsdiq edilir.

Milli Məclisə seçkilər zamanı namizədlərin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bu zaman bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər. Namizədlər SM-in 60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar. Maddənin tələbinə əsasən, müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizədi irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməlidir. Qeydiyyatdan imtina olunubsa, bunun əsasları göstərilməlidir.

SM-in 58-ci maddəsinə uyğun olaraq irəli sürülmüş namizədin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyaların blokunun səlahiyyətli nümayəndəsi toplanmış sənədləri səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək müvafiq seçki komissiyasına təqdim etməlidir. İmza vərəqələrinin, imzaların toplanması zamanı SM-in 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün sənədləşdirilməməsi, qanunla müəyyən edilmiş sənədlərin olmaması və məlumatların düzgün olmaması imtina üçün əsas ola bilər.

Qeydə alınmış namizədlərin fəaliyyəti SM-in 69-71-ci maddələri ilə tənzimlənir. Qeydə alınmış bütün namizədlər onların statusları nəzərə alınmaqla bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar.

SM-in tələbinə əsasən, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd isə müvafiq seçki komissiyasına və seçki dairəsinin ərazisində yerləşən hər bir məntəqə seçki komissiyasına bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilər. Bundan başqa, birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin 10-a qədər vəkil edilmiş şəxs təyin etmək hüququ var. Qeyd olunan vəkil edilmiş şəxslər müvafiq olaraq dairə seçki komissiyası tərəfindən qeydə alınırlar.

Seçkiqabağı təşviqat kütləvi informasiya vasitələri ilə, kütləvi tədbirlərin (yığıncaqlar, və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) formada keçirilməsi yolu ilə, cap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu və qanunla qadağan edilməyən digər üsullarla aparılır.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

2Sources