EN

Salyan xəstəxanasında ilk dəfə qamış sümüyünün osteosintez əməliyyatı icra olunub

Salyan, 28 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Salyan xəstəxanasında bölgədə ilk dəfə olaraq sol qamış sümüyünün intramedulyar kilidli ştiftlə osteosintez əməliyyatı icra olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu İlqar Ağabəyov tərəfindən ilk dəfə həyata keçirilən bu əməliyyat indiyədək bud sümüyündə bir neçə dəfə aparılıb. Baldır qamış sümüyündə isə ilk dəfə icra olunub.

Tibb müəssisəsinə müraciət edən Qarabağ qazisi, 27 yaşlı Rəşad Şahverdiyev sol baldır sümüklərinin diafizinin açıq, yerini dəyişən sınığı ilə xəstəxanaya daxil olub. Uğurlu əməliyyatdan sonra stasionar müalicə alan xəstə ambulator müalicəyə buraxılıb.

Həkim-tavmatoloq İlqar Ağabəyov bildirib ki, icra olunan əməliyyatın bir sıra üstünlükləri var. Ən əsası sınıqda stabil fiksasiya yaranır ki, bunun sayəsində xəstə tez aktivləşir, əməliyyatın ertəsi günü ayaqlarını yerə qoyaraq oturur, əməliyyatın 2-ci günündən qoltuq ağacları ilə gəzir.

Az invaziv olduğu üçün, yəni geniş sahədə kəsik aparılmır və az travmatikdir, qan itkisi çox az olur, qan və qan əvəzedicilərinə ehtiyac olmur, bu da xəstənin ümumi vəziyyətinə müsbət təsir göstərir. Sağalma (reabilitasiya) müddəti digər üsullarla müqayisədə 3-4 dəfə az olur. Başqa sözlə, nəticə 4-6 ay müddətinə yox, 1,5-2 aya alınır. Xəstənin stasionarda qalma müddəti xeyli azalır ki, bu da xəstənin özü, yaxınları üçün daha münasibdir və tibbi sığortanın tələblərinə uyğundur. Digər tərəfdən bu əməliyyatdan sonra xarici fiksasiya gips longeti, ortez qoyulmur və xəstələrdə gips sarğısının yaratdığı yan təsirlər - diskomfort hissi, venoz durğunluq olmur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
azertag.az

1Sources