EN

Nur üzlü şəhid - İki bacının tək qardaşı idi 

Ot kökü üstə bitər, deyiblər. Nurlan da öz kökü üstə böyüdü. Onun kökü qəhrəmanlar yetişdirmişdi. Nurlan da onların yolu ilə getdi. Bu yol qəhrəmanlıq yoludur. Bu yolu ancaq Vətəni canından çox sevən Nurlan kimi igidlər gedə bilər... 

Nurlan Ağakişiyev 2002-ci il iyulun 22-də Sumqayıt şəhərində Birinci Qarabağ Müharibəsinin qazisi Etibar Ağakişiyevin ailəsində anadan olub. O Etibar Ağakişiyev ki, Birinci Qarabağ Müharibəsinin ağırı-acısını hələ də canında gəzdirir. O Eribar Ağakişiyev ki, neçə-neçə qanlı döyüşlərdən keçib, neçə dəfə ölümüm nəfəsini canında, ruhunda hiss edib. 

Nurlan atasından vətənpərvərlik əxz etmişdi. Nurlanın mayası Vətən eşqi, torpaq məhəbbəti ilə yoğrulmuşdu...

Nurlan Atakişiyev Abşeron rayonunun Mehdiabad qəsəbəsində 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-2019-cu illərdə isə Bakı İdarəetmə və Texnologiya Kollecində oxuyub. İdmanın müxtəlif növləri ilə məşğul olub. 

Nurlan 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə çağırılıb. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ Müharibəsi zamanı Ağdam rayonu istiqamətində gedən qanlı döyüşlərdə şəhid olub.

44 günlük Vətən Müharibəsinin ilk şəhidlərindən idi Nurlan. 

Məzarı II Fəxri Xiyabandadır. 

Nurlanın şəklini görənlər həmişə eyni sözləri deyirlər: "Nur üzlü şəhid..." 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Ağakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Nurlan həmçinin Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunub. 

Nurlan Azərbaycanın igid oğullarını tanıyır, onlarla fəxr edirdi. Bu sevgini onda Birinci Qarabağ Müharibəsinin veteranı olan atası yaratmışdı. 

Hələ 8 yaşı olanda atası onu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsi ilə görüşə aparmışdı. O görüşdən qayıdanda Nurlan atasına belə demişdi: "Mən də mübariz kimi şəhid olacağam..." 

Nurlan sözünün üstündə durdu və şəhid oldu! Onun kimi neçə-neçə igidin canı, qanı bahasına Azərbaycan torpaqları azad oldu. 

İndi Nurlan bizə soyuq məzar daşından baxır. Yazda da, yayda da, qışda da, payızda da o gülümsəyir. Axı uğrunda vuruşduğu Vətən torpağı azad olub. 

Nurlanın vuruşduğu torpaqlara indi bahar gəlib. Şəhidlərimizin qanı ilə suvarılan torpaqlarda indi çiçəklər açıb. Uşaqlar o çiçəkləri dərib şəhid məzarlarının üstünə düzürlər. Beləcə, həm də şəhid məzarları çiçək açır....

 Ruhunuz şad olsun, balalar! 

Sizin sayənizdə həm də Azərbaycan xalqının arzuları çiçək açır... 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources