2 gün öncə qarşıma qəribə bir toy videosu çıxdı. Toyu olan gəlin öz toyundan ləzzət almaq əvəzinə oturub, masada imtahan suallarını cavablayır. Gəlin müəllimədir və sertifikasiya imtahanlarına çalışırdı.
Yay başlayandan müəllimlərin günü, güzəranı elə o gəlinin günündədir.
Ya müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə, ya da sertifikasiya imtahanlarına hazırlaşırlar.
Çoxunun 20-30 il iş təcrübəsi var. Gülməli görünsə də bütün müəllimlər də bu testlərə hazırlıq üçün müəllim yanına gedirlər. Hətta bu proseslə bağlı kurslar açılıb. Riyaziyyat müəllimi, riyaziyyat müəlliminin yanına hazırlığa gedir. Dövlət ya öz müəlliminə, ya verdiyi diploma inanmır. Təhsilin keyfiyyəti adı altında yaradılan bu çətinlik nəyə xidmət edir? Müəllim bilmir dərs versin, yoxsa dərs alsın.
Ölkədə neçə-neçə pedaqoji universitet var və məzunlara müəllimliklə bağlı diplom verir. Yenidən imtahan keçiriləcəkdisə, bu diplomun mənası nədir? Kurslarda tədris alacaqdıqsa məktəblər nəyə lazım idi?
“Doğulandan qəbir evinə qədər oxuyun” sözünü deyəsən Təhsil Nazirliyində hərfi mənada anlayıblar. Müəllimləri öldürənə qədər oxudurlar.
Murad