EN

Yan Vanmin: Çin-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri zənginləşərək strateji səviyyəyə yüksəlib

Pekin, 28 iyun, AZƏRTAC

Tarixi qədim İpək Yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. Müasir dövrdə Azərbaycan-Çin münasibətlərinin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının daimi üzvü, iqtisadiyyatın həcminə görə dünyada ikinci dövlət olan Çin ilə münasibətlərin inkişafını daim diqqət mərkəzində saxlayır. Hazırda dövlət başçıları İlham Əliyevin və Si Cinpinin səyləri nəticəsində iki ölkə arasında münasibətlər dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır, ölkələrimizin siyasi, iqtisadi-ticari, humanitar sahələrdə əməkdaşlığı gündən-günə möhkəmlənir.

Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin bu yaxınlarda Azərbaycanda səfərdə olub, Prezident İlham Əliyev, Milli Məclisin Sədri Sahibə Qafarova və digər şəxslərlə görüşlər keçirib. Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin Azərbaycana səfərinə, iki ölkə arasında münasibətlərin inkişafına dair AZƏRTAC-ın xüsusi müxbirinə müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab Yan Vanmin, bu yaxınlarda Azərbaycanda səfərdə olmusunuz. Səfərdən hansı təəssüratlarla qayıtmısınız və onun nəticələrini necə qiymətləndirirsiniz?

- Heydər Əliyev Fondunun dəvəti ilə aprelin 28-30-da Azərbaycanda dostluq səfərində olduq. Bu, mənim Azərbaycana ilk səfərim idi və məndə dərin, xoş təəssüratlar yaratdı.

Səfərimin əsas məqsədi Azərbaycanda müxtəlif dairələrdən olan dostlarla geniş və səmimi ünsiyyət qurmaq, konsensus yaratmaq və əməkdaşlığı dərinləşdirməkdir. Səfər çərçivəsində mən Prezident İlham Əliyev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşmək şərəfinə nail oldum, həmçinin mədəniyyət naziri, Bakı şəhər meri, Heydər Əliyev Fondunun icraçı direktoru və digər müvafiq qurumların rəhbərləri ilə görüşdüm. Görüşlər zamanı mən Çin lideri Si Cinpin ilə Prezident İlham Əliyevin sıx və dərin şəxsi dostluğunun mövcud olduğunu, onların siyasi liderliyi sayəsində Çin-Azərbaycan münasibətlərinin yüksək səviyyəyə çatmasını hiss etdim. Çin-Azərbaycan əlaqələrinin inkişafı yüksək qiymətləndirildi, dövlət başçılarının əldə etdikləri konsensusun həyata keçirilməsi və xalq diplomatiyası yolu ilə iki ölkə arasında humanitar, gənclər, media və regional sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı ortaq fikirlər ifadə olundu. Səfər tamamilə uğurla keçdi.

Bakı çox müasir, gözəl şəhərdir və məndə dərin təəssüratlar oyatdı. Şəhər təmiz və səliqəlidir. Klassik və müasir arxitektura, qədimlik və müasirlik burada vəhdət təşkil edir. İnsanlar əmin-amanlıq şəraitində yaşayırlar, cəmiyyətdə sabit mühit hökm sürür. İnsanları çox mehriban, qonaqpərvərdirlər və bizi səmimi, mehriban qarşıladılar.

Azərbaycan Çinin önəmli tərəfdaşdır. Son illər Çin lideri Si Cinpinin və Azərbaycan Prezidenti İlham Əliyevin strateji rəhbərliyi ilə Çin–Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə zənginləşərək strateji səviyyəyə yüksəlib, müxtəlif istiqamətlərdə əməkdaşlığın məzmunu davamlı olaraq zənginləşib. Hazırda iki ölkə arasında əlaqələr yüksəliş mərhələsindədir. Bu kontekstdə beynəlxalq birliyin üzvləri olaraq, Çin və Azərbaycan bir çox digər ölkələr kimi həm imkanlarla, həm də çağırışlarla üzləşirlər. İki ölkə arasında mövcud olan yaxşı siyasi əlaqələr müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası Çində xalq diplomatiyası ilə məşğul olan ilk ümumçin ictimai təşkilatı olaraq gələcəkdə də Heydər Əliyev Fondu və Azərbaycanın müvafiq qurumları ilə əlaqələri və əməkdaşlığı möhkəmləndirməyə, iki tərəf arasında humanitar, gənclər, beynəlxalq, regional, media və digər sahələrdə əlaqələri daha da inkişaf etdirməyə, Çin-Azərbaycan münasibətlərinin keyfiyyət və səviyyəsinin artırılmasına hazırdır.

- Bu il Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20-ci ildönümüdür. Rəhbərlik etdiyiniz təşkilatla Fond arasında əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Mən Heydər Əliyev Fondunun son 20 ildə verdiyi töhfələri yüksək qiymətləndirirəm. Fondun fəaliyyətindən öyrənməli çox məsələ var. Heydər Əliyev Fondu yarandığı 20 ildən bəri Prezident İlham Əliyevin qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə rəhbərliyi ilə dövlət və hökumətə mədəniyyət, təhsil, səhiyyə, ətraf mühitin qorunması, idman və digər sosial, həyati sahələri əhatə edən məsələlərin reallaşmasında dəstək göstərərək, vətəndaşlara yardım edərək, praktik və xeyirxah işlər görüb. Bununla da Azərbaycan xalqının etimadını qazanmış, hörmət və dəstəyini almışdır ki, bu münasibətlə Fonda səmimi təbrikimizi çatdırırıq.

Heydər Əliyev Fondu Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının ən vacib strateji tərəfdaşlarından biridir. 2016-cı ildən Assosiasiyamız ilə Fond arasında əlaqələr qurulduqdan sonra iki tərəf arasında qarşılıqlı anlaşma və etimad davamlı olaraq möhkəmlənir. 2017-ci ildə iki təşkilat arasında əməkdaşlıq haqqında Memorandum imzalandıqdan sonra biz iki ölkənin xalqları arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmləndirilməsinə töhfə vermək üçün mədəniyyət və gənclər sahələrində mübadilənin inkişaf etdirilməsi, həmçinin insanlar arasında ünsiyyətin genişləndirilməsi, Çin-Azərbaycan dostluğunun nəsillərdən-nəsillərə ötürülməsi ilə bağlı müştərək tədbirlər keçirmişik.

Azərbaycana səfərim zamanı Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə bir sıra görüşlər keçirdik, geniş fikir mübadiləsi apardıq və gələcək əməkdaşlıqla bağlı razılaşmalar əldə etdik. Biz iki ölkə arasında humanitar, gənclər və digər sahələrdə mübadilələri daha da inkişaf etdirmək və Çin-Azərbaycan əlaqələrinin inkişafına yeni töhfələr vermək üçün birlikdə işləməyə hazır olduğumuzu ifadə etdik. Biz müəyyən əməkdaşlıq layihələrinin birgə planlaşdırması və həyata keçirilməsi barədə qərarlar qəbul etdik.

- “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrimiz arasında hazırki münasibətləri necə görürsünüz və gələcək əməkdaşlığı necə qiymətləndirirsiniz?

-Bu il Çinlə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 32 ili tamam olur. Bu münasibətlərin yaranmasının ilk dövründən etibarən hər iki tərəfin səyləri nəticəsində əlaqələr sağlam və sabit formada inkişaf etməyə, qarşılıqlı siyasi etimadla möhkəmlənməyə, müxtəlif sahələr üzrə praktiki əməkdaşlıq dərinləşməyə, humanitar əlaqələr isə daha sıx xarakter almağa başlayıb. İki ölkə arasında münasibətlər ən yaxşı tarixi dövrünü yaşayır, keyfiyyət və səviyyəsinin yeni mərhələsinə qədəm qoyur.

Hər iki ölkə bir-birini suverenlik, müstəqillik və ərazi bütövlüyü kimi əsas maraqları əhatə edən məsələlərdə qarşılıqlı dəstəkləyir, əsas beynəlxalq və regional məsələlərdə eyni və ya oxşar mövqelər nümayiş etdirir, ədaləti və haqqı qətiyyətlə müdafiə edir, təhdid və çağırışlara qarşı birgə durur.

Hər iki ölkə bir-birinin vacib iqtisadi və ticarət tərəfdaşıdır. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünə ilk dəstək verən və fəal iştirak edən ölkələrdən biridir. Prezident İlham Əliyev tərəfindən irəli sürülən “İpək yolunun dirçəldilməsi” milli inkişaf strategiyası Sədr Si Cinpinin irəli sürdüyü “Bir kəmər və yol” təşəbbüsü ilə yüksək səviyyədə uzlaşır.

İki ölkə “Bir kəmər, bir yol” təşəbbüsünün birgə qurulmasında səmərəli nəticələr əldə edib. Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı və ikinci ən böyük idxal mənbəyidir. Praktiki əməkdaşlıq hər iki ölkənin xalqlarına xeyli fayda gətirib.

Prezident İlham Əliyevlə görüşümüz zamanı o, həmçinin Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasına önəm verdiyini, Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin tikintisinin fəallaşdırılmasını, bu təşəbbüsə yüksəkkeyfiyyətli əməkdaşlıq səviyyəsində inteqrasiyanın davam etməyin vacibliyini ifadə etdi. Əminəm ki, “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” milli strategiyası ilə uzlaşdırılmasının gücləndirilməsi müxtəlif sahələrdə əməkdaşlığın və insanlar arasında münasibətlərin genişlənməsinə, ikitərəfli əlaqələrin inkişafına kömək edəcək, münasibətləri yeni zirvələrə qaldıracaq.

- Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. COP29 tədbirinin Azərbaycanda keçirilməsini necə qiymətləndirirsiniz və gözləntiləriniz nədir?

- Azərbaycana səfərim zamanı COP29 Əməliyyat Şirkətinin Məşvərət Şurasının rəhbərliyi ilə görüşdüm. Noyabrda Bakıda keçiriləcək COP29-la bağlı fikir mübadiləsi apardıq.

Əvvəla, biz COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərimizi çatdırdıq. Biz COP29 çərçivəsində müxtəlif ölkələrin yerli hökumətləri ilə iqlim dəyişikliyi problemlərinin həlli istiqamətində məsələləri müzakirə etmək, təcrübə mübadiləsi aparmaq, əməkdaşlığı inkişaf etdirmək üçün “Çin guşəsi”ndə tematik paralel tədbirlər keçirməyi planlaşdırırıq. Biz, həmçinin Bakının və eyni zamanda, Azərbaycanın müxtəlif yerli hakimiyyət orqanlarının assosiasiyamızın təşkil etdiyi bu paralel tədbirlərdə iştirakını da görməkdən məmnun olarıq.

Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, şübhəsiz, bütün dünyada nüfuzlu olan bu konfransı uğurla keçirəcək və iqlim dəyişmələrinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığa önəmli töhfə verəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
azertag.az

1Sources