EN

Qarabağ və Şərqi Zəngəzurun “yaşıl dünya”sı...

Regionun iqtisadi potensialı yüksəkdir

Yeganə BAYRAMOVA

İşğaldan azad olunmuş rayonlarımız enerji təminatında mühüm rol oynayır. Bu fakt təbii olaraq müxtəlif xarici şirkətlərin marağındadır. Ümumiyyətlə, hazırda regionlarımızda sosial-iqtisadi inkişafın təşviq edilməsi üçün mühüm addımlar atılır. Həmin addımlardan biri Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” elan edilməsidir. Təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edib.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Bu bölgələrin bərpaolunan enerji istehsalı üçün imkanları çox genişdir. Belə ki, Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi - Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Həmin ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə potensialın daha dəqiq hesablanması həyata keçiriləcək.

Azərbaycan 2030-cu ilədək...

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən iqtisadçı Fuad İbrahimov bildirib ki, Qarabağ və Şərqi Zəngəzur alternativ mənbələrdən əldə edilən enerji hesabına enerji təminatını, istehlakını həyata keçirəcək. Bu il COP29-a ev sahibliyi edəcək Azərbaycanın “yaşıl zona”nın yaradılmasını dəstəkləyən ölkələrdən olduğunu diqqətə çatdıran ekspert qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə işlər davam etdirilir: “Digər bölgələrimizdə də alternativ mənbələrdən əldə edilən enerji istehlakının artırılması prioritet olaraq qalır. Azərbaycan bütövlükdə ətraf mühitin qorunması və “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi istiqamətində mövqelərini daha da möhkəmləndirəcək. COP29-un əsas istiqamətlərindən biri də “yaşıl enerji”nin dəstəklənməsi və bu sahədə innovasiya və texnologiyaların daha sıx şəkildə istifadəsinə nail olmaqdan ibarətdir. Praktik olaraq COP29-a ev sahibliyi edəcək Azərbaycan həm də “yaşıl enerji”nin inkişafına regionda ən çox töhfə verən ölkələrdən biridir. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda günəş enerjisinin istehsalı 6 dəfə artıb və 50,2 MVt-dən artıq günəş enerjisi istehsal olunub. Bərpa olunan mənbələrdən enerji istehsalında artımlar var. Bu artımlar Azərbaycan üçün 2030-cu il hədəflərinə nail olunması baxımdan vacibdir. Yəni Azərbaycan 2030-cu ilədək ümumi istehlakın 30 faizini “yaşıl enerji” hesabına ödəmək niyyətindədir”.   

İqtisadçı qeyd edib ki, digər tərəfdən bu, Azərbaycan üçün “yaşıl enerji” ixrac imkanları deməkdir: “2027-ci ildən Azərbaycanın Avropa İttifaqı ölkələrinə öz “yaşıl enerji”sini çıxaracağı gözlənilir. “Yaşıl enerji” ixracının artması Azərbaycan üçün ixracın şaxələndirilməsi və enerji ixracının strukturunun keyfiyyətcə dəyişməsi baxımından vacib bir addımdır”.

Termal mənbələrdən enerji məqsədli istifadə...

F.İbrahimov qeyd edib ki, adını çəkdiyimiz rayonlarda eləcə də külək enerjisini istehsal etmək mümkündür: “Çünki regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə bu sahənin də dəqiq potensialı hesablanacaq.

Bunlardan əlavə, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Qarşıda dayanan vəzifələrdən biri də termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir”.

İnvestorlarla müzakirələr aparılır

İqtisadçının sözlərinə görə, bu gün dünyanın ən böyük enerji şirkətləri də Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır: “İşğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır. Bir sözlə, bu rayonları “yaşıl enerji” məkanına çevirmək üçün imkanlardan səmərəli istifadə olunur. Bu da deməyə əsas verir ki, həmin istiqamətdə görülən işlər ölkəmizin daha böyük sosial-iqtisadi inkişafına xidmət edəcək”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources