EN

Şimal-Cənub Dəhlizi strateji əhəmiyyətini artırır

Azərbaycan, Rusiya və İran daşınmaları asanlaşdırmaq üçün yeni işçi qrupu yaradıb

Şimal-Cənub Nəqliyyat Dəhlizi region ölkələri üçün öz strateji əhəmiyyətini daha da artırmaqdadır. Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanmış bu dəhlizin böyük bir coğrafi şəbəkəsi artıq xeyli müddətdir ki, öz hərəkətliliyi ilə diqqəti cəlb edir. 13 ölkə bu layihədə iştirakını təsdiqləməklə bu tranizt ailəsini daha da böyütməyə çalışır. 

Qeyd edək ki, Şimal-Cənub dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir. Yəni bu nəqliyyat arteriyası dünya üçün ən əhəmiyyətli daşınma xətlərindən biri kimi aktullığını daha da artırır. 

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İrandan keçir. Azərbaycan Şərq-Qərb dəhlizi ilə yanaşı, bu marşrut xəttinə də xüsusi əhəmiyyət verir və bunu şərtləndirən əsas amil ölkəmizin ən sərfəli coğrafi kəsişmə nöqtəsində yerləşməsidir. Yəni ölkəmiz həm Yeni İpək Yolunun Orta Dəhlizində və Şimal-Cənub xəttində orta mövqe tutmaqla bütün beynəlxalq nəqliyyat marşrutlarının əsas mərkəzi nöqtəsidir.   

Son illərdə Azərbaycan öz nəqliyyat infrastrukturunu tam yeniləşdirməklə bu dəhlizin strateji əhəmiyyətinin artmasına öz töhfəsini verib. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin yaradılması da bu təşəbbüslərin nəticəsidir.

Eləcə də Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair xeyli işlər görüb, Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolu artıq inşa edilib. Hazırda dəhlizboyu daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir. Son illərdə bu 3 ölkənin dəhlizin axıcılıq gücünün artırılması istiqamətində atdığı addımlar və infrastruktur şəbəkəsinin yenidən qurulması “Şimal-Cənub”un həm də şaxələnməsinə imkanlar açıb. Belə ki, dəmir yolu ilə yanaşı, avtomobil yolunun da potensial ötürücülük qabiliyyəti yüksəlib.  

Bu günlərdə Azərbaycan, İran və Rusiyanın nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Şimal-Cənub bu dəhlizin rolu bir daha nəzərdən keçirilib və beynəlxalq yükdaşımalarında tələbatın artması nəzərə alınaraq yeni yol xəritəsinin hazırlanması müəyyənləşib. Bu məqsədlə tərəflər işçi qrupun yaradılması barədə razılığa gəliblər. Növbəti mərhələdə İran və Azərbaycan dəmir yollarının tam birləşdirilməsi uçun çatışmayan 167 km uzunluğundakı Astara-Rəşt dəmir yolunun tikintisi reallaşdırılacaq. Bütün işlər yekunlaşandan sonra, Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək və Şimaldan İran körfəzinə qədər vahid dəmir yolu formalaşacaq. Bu isə onu göstərir ki, Şimal-Cənub dəhlizi böyük coğrafi hüdudları əhatə etməklə əsas nəqliyyat arteriyalarından birinə çevriləcək. 

Bu layihə Orta-Mərkəzi Asiya ölkələri üçün də xüsusi maraq doğurur. Bu dəhlizin müəlliflərindən biri olan Hindistan əlavə daşınmalara inteqrasiya üçün yeni qovşaqlar inşa edir. Eləcə də Pakistan və digər ölkələrin də marağı böyükdür. Bir neçə gün əvvəl Azərbaycan, İran və Rusiya nümayəndələrinin keçirilən üçtərəfli görüşündə isə avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların artan tələbatları nəzərə alınmaqla, tranzit tariflərinin də səmərəliliyinə diqqən çəkilib. Həmin görüşdə gömrük xidmətinin, beynəlxalq yük daşıyıcıları assosiasiyalarının nümayəndələri, eləcə də logistika şirkətlərin rəhbərlərinin iştirakı bu dəhlizdə güzəştli ticarət rejiminin yaradılmasına işarədir. Eyni zamanda, sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin sərhəddən keçməsi prosesi, gömrük yoxlaması və sənədlərin rəsmiləşdirilməsi qaydasının asanlaşdırılması da əməkdaşlıqda əsas prinsiplərdəndir. Çünki nəzarət-buraxılış məntəqələrində yoxlamalar, nəqliyyat vasitələrinin keçidində ləngimələr dəhlizin işinə təsir etdiyindən gözləmə müddətinin azaldılması istiqamətində əlavə tədbirlərin görülməsinə ehtiyac vardır. 

Asiyanın enerji qovşaqlarında strateji yerlərdən birində qərarlaşan Pakistan da Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmağa hazır olduğunu bəyan edib. Pakistanın Rusiyadakı səfiri Məhəmməd Xalid Camali bildirib ki, sözügedən dəhlizə qoşulmaq üçün müvafiq iqtisadi-hüquqi prosedurlar başlayıb və sitrus meyvələrinin ilk partiyasının İran və Azərbaycan vasitəsilə Dağıstana çatdırılması bu dəhlizin rentabelliliyini və daşıyıcılıq gücünü artırır. Rəsmi İslamabad Şimal-Cənub dəhlizi ilə hazırda potensial 1 milyard dollar dəyərində ticarət daşınmalarını təmin etməkdədir, ticarət həcmlərinin isə daha da artırmaq imkanlarları nəzərdən keçirilir. Ümumiyyətlə Pakistan bölgədəki bütün trans-kommunikasiya xətlərinin iqtisadi səmərəliliyinə xüsusi önəm verir və İslamabad üçün qiymətləndirilir. Ölkə Böyük İpək Yolu marşrutunu canlandırmaq yönündə təşəbbüslərini də əsas dəstəkləyənlərdən biridir. 

Şübhəsiz, həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlziləri Azərbaycanı qonşu dövlətlərlə və beynəlxalq tərəfdaşlarla sıx birləşdirməklə geniş əməkdaşlıq formatları sayəsində ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək.  

ELBRUS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources