EN

İcra hakimiyyətində DTX əməliyyatının Əhəd Abıyevlə də əlaqəsi ola bilər...

Image

İlqar Hüseynli: “Əksər icra başçıları eyni ssenari ilə dövlətin varidatını, əmlakını mənimsəyiblər”

Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyev   Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən korrupsiya əməliyyatına münasibət bildirib. 

Əhəd Abıyev əməliyyat nəticəsində saxlanılan məmurları vəzifəyə onun təyin etmədiyini deyib: "Bu işin mənə nə dəxli var? Mənim dövrümdə belə hallar olmayıb.

Məsələn, mənim dövrümdə qazi icra hakimiyyətinin qarşısında özünü yandıraraq ölürdü? Xeyr. Bu hadisələr məndən sonra olub.

13 il işləmişəm, rayon da 1-ci yerdə olub. Bir dənə də olsun ərizə, şikayət yox idi. 

Mən özüm ərizə yazıb təqaüdə çıxmışam. Hazırda Bakıda yaşayıram. Hər gün 5 saat yarım yolu gedib-gəlməməliyəm ki...

Bəziləri yazır ki, Əhəd müəllimi də istintaqa çağırıblar. Bunlar yalandır.

Mən 1 ildir Daşkəsənin icra başçısı vəzifəsindən kənarlaşmışam. Çox adam vəzifədən gedir. Məgər hamısını çağırırlar ki, filankəs, sən belə eləmisən? Mənim adımı niyə çəkməlidirlər?

Kim nə hərəkət edirsə, nə cinayət törədirsə, öz cəzasını da alır. Özləri bilər. Saxlanılan şəxslərlə bağlı qanuni tədbir görəcəklər".

Qeyd edək ki,  Daşkəsən İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb. 

Maraqlıdır ki, Əhəd Abıyev ciddi-cəhdlə Dəşkəsəndə  həyata keçirilən anti-korrupsiya addımları ilə bağlı özünün günahının olmadığına dair fikir yaratmaq istəyir. Ancaq bəllidir ki, bu əməliyyata illər əvvəl baş verən cinayətlərin izi ilə gedib çıxıma ehtimalı daha çoxdur. Çünki bir illik fəaliyyətə görə bu həcmdə anti-korrupsiya əməliyyatının keçirilməsi inandırcı görünmür. Əhəd Abıyevin bu narahatlığı nə ilə əsaslandırıla bilər?

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin sədri İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, bizim bununla bağlı dəfələrlə müzakirəmiz olub:  “Məsələ ondadır ki, bu gün rayon icra hakimiyyəti başçılarının əmlaklarını, varidatını manata çevirsək bunun  həcmi hər bir icra hakimiyyətində bəlkə də  bir milyarddır. Hətta bir neçə milyard manata belə yaxınlaşa bilər. Biz bunu həbs edilən icra başçılarından müsadirə olunan əmlakların siyahılarından daha aydın görürük. Məmur maaşı, icra maaşı ilə bu insanlar necə varlanır? Əgər varlanmaq leqal olaraq belə asandırsa, nə üçün siz və ya digər oxumuş, ali təhsilli insanlar bu qədər fantastik varlana bilmir? Burada söhbət  yalnız Əhəd Abıyevin şəxsiyyətindən getmir. Fərdi yanaşmanı bir kənara qoysaq, əksər icra başçıları eyni ssenari ilə dövlətin varidatını, əmlakını mənimsəyiblər. Təsəvvür edin ki, tutulan  icra başçılarını digər rayon icra başçıları ilə müqayisə etsək eyni yeyintini görəcəyik. Bütün bunlar hamısı dövlətin icra strukturlarına ayırdığı vəsaitin, Prezidentin ehtiyat fondundan rayonların abadlaşdırılmasına ayrılan pulların mənimsənilməsindən, rayonda keçirilən hər hansı tenderi öz yaxın adamlarının adına sənədləşdirməkdən ibarətdir. 16 - 18 il bir rayona başçılıq edən adamın bütün bunlardan xəbərsiz olması mümkünsüzdür. Tək Abıyev yox, ümumilikdə bütün rayon icra başçılarına eyni fikri şamil edə bilərəm. Əgər güc strukturlarının ciddi siyasi, qətiyyətli iradəsi olsa, bu icra başçılarının hamısının aqibəti belə olacaq. Eyni zamanda xüsusi vurğulamaq istəyirəm ki, onlar cəmiyyətdə çox qəribə manipulyasiya yaradırlar. Bu manupilyasiya nədən ibarətdir? Hər çıxışlarında “ cənab Prezident “  ifadəsi işlədərək prezidentə özlərini yaxın kimi göstərmək istəyirlər. O ifadə altında istədikləri oyunu oynayırlar. Ancaq düşünürəm ki, daha çox  belə  ifadə işlədən insanların özlərini araşdırsaq, əksəriyyətinin korrupsiya oyunlarına qoşulmuş, dövləti talan edən şəxslər olduqlarını görərik”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources