EN

Son Qarabağ müharibəsində özünü doğrultmayan silahlar tam əvəzləndi...

Image

Ramil Məmmədli: “Düşünürəm ki, bu, əsasən yerüstü əməliyyatların həyata keçirilməsi üçün təyinatı olan silahlara aiddir”

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC-a və AzTV-yə müsahibəsində deyib ki, biz  müharibə vaxtı əldə etdiyimiz təcrübəni də, nöqsanları da öyrənirik:

“İstifadə etdiyimiz silahları da öyrənirik - onların hansının tətbiqi bizə daha çox fayda gətirdi, hansılar döyüşlərdə özünü çox da yaxşı göstərmədi, təbii ki, biz nəticələr çıxardıq və onları dəyişdik. Bütün bu təhlillər göstərdi ki, müharibədəki bütün o təcrübənin tətbiqindən sonra artıq antiterror əməliyyatı zamanı qısa müddətdə düşmən darmadağın edildi. Bu antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar, onunla maraqlanırlar. Çox sevindirici haldır ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əməliyyatları bu gün bütün dünyada dərindən öyrənilir”.

Göründüyü kimi, müdafiə naziri deyir ki, bəzi silahlar müharibədə özünü doğrultmayıb və biz onları dəyişmişik. Bu kontekstdə söhbət hansı silahlardan gedə bilər?

Hərbi-siyasi şərhçi Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 

silahların satın alınması prosesində bir çox parametrlər nəzərə alınır: “Döyüşlərin keçiriləcəyi ərazinin təyinatına uyğun silahlar daha çox əldə edilir. Azərbaycan ordusu silahların satın alınması prosesini kifayət qədər diqqət və hesablamalarla həyata keçirib. Ancaq bəzi silah növlərinin satın alınması prosesində müəyyən nöqsanlar olub ki, bu da  açıq etiraf edilir. Prezident Əliyevin özü və hazırda müdafiə naziri bunu edir. Düşünürəm ki, bu, əsasən yerüstü əməliyyatların həyata keçirilməsi  üçün təyinatı olan silahlara aiddir. Bəzi texnikalar var ki, onların satın alınmasına o qədər də ehtiyac yox idi. Daha praktik və reallığa uyğun silahlara zərürət vardı. Hesab edirəm ki, özünü doğrultmayan silahların birmənalı adlarını çəkmək mümkün deyil. Lazım bilinsəydi ölkə başçısı və ya müdafiə naziri bunu edərdi. Gələcək satınalmalardan bilinəcək ki, hansı ölkənin istehsalı  olan və hansı növ silahlara üstünlük veriləcək. Azərbaycan silah tədarükü ilə bağlı məsələlərə daha qlobal yanaşmağa  başlayıb. Yalnız bir neçə ölkə üzərində dayanmır. Bilirsiniz ki, biz daha çox Rusiya, İsrail və Türkiyədən silah idxal edirdik. Hazırda isə bir çox başqa ölkələrlə də satınalma prosesini həyata keçiririk. Bu da Azərbaycan ordusunun silah parkının daha geniş və kefiyyətli olacağından xəbər verir”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources