EN

Bakıda gənc oğlan nişanlısını döydü— TƏFƏRRÜAT

Bakının Nərimanov rayonunda 1996-cı il təvəllüdlü Tural şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı nişanlısı Fidana (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 8-də baş verib. Tural həmin gün saat 09:00-da nişanlısı Fidanı yaşadığı evin qonaq otağında olarkən aralarında baş vermiş şəxsi münasibətlər zəminində onun baş nahiyəsindən bir dəfə yumruq ilə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli  bilib. O bildirib ki, Fidan ilə 1 ilə yaxın nişanlı olublar: “Əvvəllər nişanlım ilə münasibətlərimiz yaxşı olub. Amma sonradan isə münasibətlərimiz pisləşdi. Hadisə günü, səhər saat 09:00-da Fidanın yaşadığı evə gəldim. Evin qonaq otağında Fidan ilə söhbət edən zaman ona vaxt ayırmamağımı əsas gətirərək mübahisə etməyə başladı. Bu zaman əsəblərimi cilovlaya bilməyərək yumruq ilə bir dəfə Fidanın baş nahiyyəsinə vurdum. Daha sonra Fidanın yaşadığı evdən getdim”.

İş üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, hadisə günü Tural onun yaşadığı evə gəlib, evdə aralarında mübahisə yaranıb: “Mübahisə zamanı Tural ünvanıma nalayiq ifadələr işlətdi, məni təhqir etdi. Daha sonra isə yumruqla baş nahiyyəmdən vurdu. Mən hadisə barədə polisə müraciət etdim”.

Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 

Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.


Təqsirləndirilən şəxsə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib. 

Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
10
demokrat.az

10Sources