EN

Sabah Baydenlə Tramp arasında ilk teledebat keçiriləcək

ABŞ prezidentliyinə potensial namizədlər - keçmiş dövlət başçısı, respublikaçı Donald Tramp və indiki Vaşinqton aparatının rəhbəri demokrat Co Bayden arasında Atlantada (Corciya ştatı) ilk seçkiqabağı televiziya debatı baş tutacaq.

Turkustan.az xəbər verir ki, namizədlər ilk dəfə noyabrda keçiriləcək prezident seçkilərinə 4 ay qalmış CNN-in studiyasında görüşəcəklər.

Teledebat yerli vaxtla iyunun 27-si saat 21:00-da (Bakı vaxtı ilə 28 iyun saat 05:00) başlayacaq. Teledebatın moderatorları CNN-in jurnalistləri Ceyk Tapper və Dana Baş olacaq.

Debatda tamaşaçılar iştirak etməyəcək. Veriliş CNN-ə məxsus kanallarda canlı yayımlanacaq.

Debat zamanı yalnız çıxış haqqı olan namizədin mikrofonu açıq olacaq. Moderatorlara vaxtı müəyyən etmək və müzakirəni təmin etmək üçün bütün vasitələrdən istifadə etmək səlahiyyəti veriləcək.

Bayden və Tramp debata yalnız kağız, qələm və bir şüşə su gətirə biləcəklər. Onlara tezislər, qeydlər və ya əvvəlcədən yazılmış nitq mətnləri götürmək qadağan ediləcək. Debata ilk Bayden başlayacaq.

Növbəti debat ABC telekanalı tərəfindən sentyabrın 10-da təşkil olunacaq.

Qeyd edək ki, siyasətçilər sonuncu dəfə teledebatda 22 oktyabr 2020-ci ildə görüşüblər.

Xatırladaq ki, Amerikanın “Rasmussen Reports” tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların 47%-i qarşıdakı debatda Trampın qalib gələcəyinə inanır. /yeniavaz.com/

Chosen
51
29
turkustan.az

10Sources