EN

"Vaşinqtonun Ukrayna müharibəsi ilə bağlı mövqeyi dəyişməz qalır" - Con Kirbi

 
"ABŞ Ukraynanı ərazi güzəştlərə məcbur etmək niyyətində deyil, çünki Putinə Ukraynanı fəth etməyə imkan verilərsə, nəticələri ağır olacaq..."
 
Ağ Ev Trampın Ukrayna üçün "sülh planı" ilə bağlı şayiələrə münasibət bildirib
 
Rusiya ilə döyüş əməliyyatlarının dayandırılması üzrə danışıqlara başlamaqla bağlı qərarı Ukrayna qəbul edəcək.
 
Moderator.az xəbər verir ki, bu barə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi brifinqdə Donald Trampın müşavirlərinin təklif etdiyi "sülh planı" barədə məlumatı şərh edərkən bəyan edib. Məlumatı "rbc.ua" nəşri yayıb.
 
Onun sözlərinə görə, prezident Co Bayden ardıcıl olaraq və qətiyyətlə Ukraynaya dəstək verir.
 
"Biz Ukraynanın müdafiə olunmasına dəstək verən 50-dən artıq ölkədən ibarət qlobal koalisiya yaratmışıq. Bayden bu yaxınlarda İtaliyada G7 sammitində Ukrayna ilə təhlükəsizlik üzrə tarixi ikitərəfli saziş imzalayıb.
 
O, anlayır ki, Ukraynanın döyüş meydanında mövqeyi nə qədər güclü olarsa, zamanı gələndə danışıqlar masası arxasında bir o qədər güclü olacaq. Bu zamanın nə vaxt yetişdiyinə isə prezident Zelenski qərar verəcək".
 
O, diqqəti ona yönəldib ki, Vaşinqtonun mövqeyi dəyişməz olaraq qalır- Ukraynasız Ukrayna haqqında heç nə etmək mümkün deyil.
 
"Biz prezident Zelenskinin hazır olduğu zaman güc mövqeyindən danışıqlar aparması üçün bütün zəruri olanları təmin etməyə çalışırıq. O, bizim dəstəyimizi və 50-dən artıq ölkənin Ukraynaya dəstək verməsini bilir", - o, deyib.
 
Kirbinin sözlərinə görə, Ağ Ev Ukraynanı ərazi güzəştlərinə məcbur etmək niyyətində deyil, çünki Putinə Ukraynanı fəth etməyə imkan verilərsə, nəticələri ağır olacaq.
 
Trampın müşavirlərinin "sülh planı" - bəlli olanlar
 
Bu günlərdə "Reuters" agentliyi yazıb ki, Donald Trampın iki əsas müşaviri olan Kit Kelloqq və Fred Flyayts Ukraynada müharibənin başa çatması barədə ona plan təqdim edib.
 
Qeyd edilib ki, bu plana görə, Ukrayna sülh danışıqlarına gedəcəyi halda daha çox Amerika silahını əldə edə biləcək. 
 
Sonradan Trampın seçki qərargahı dəqiqləşdirib ki, əgər o, yenidən ABŞ prezidenti seçilərsə, onun üçün prioritet məsələ Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə başa çatdırılması olacaq, lakin bu zaman Avropa ölkələri təhlükəsizliyə dəstək üçün daha çox tövhə verməlidir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
moderator.az

1Sources