EN

Paşinyandan atəşkəs araşdırması: Rəsmi Bakının cavabı necə OLACAQ? - ŞƏRH

Paşinyandan atəşkəs araşdırması: Rəsmi Bakının cavabı necə OLACAQ? - ŞƏRH

Ermənistan baş naziri Nikol Paşinyanın daha bir bəyanatı mediada gündəm olub. Paşinyan gərginliyin yaranmasının qarşısını almaq istədiklərini əsas gətirərək, Azərbaycan hökumətinə atəşkəs rejiminin pozulmasının araşdırılması üçün ikitərəfli mexanizmin yaradılmasını təklif edib. Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq polkovniki Mikael Ambartsumyan deyib. Paşinyanın bu təklifinə rəsmi Bakının cavabı necə olacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, bu təklif əsasən rəsmi İrəvanın üstünlük qazanmaq məqsədin irəli gəlir. Qazax-Tavuş istiqamətində sərhədlər delimitasiya edildikdən sonra digər ərazilərin delimitasiya məsələsi var. Ermənistan tərəfi çalışır ki, digər hissədə olan delimitasiya prosesi Alma-Ata bəyannaməsinə uyğun olaraq aparılsın:

"Bu o deməkdir ki, SSRİ dağılanda mövcud olan xətlər var idi. Həmin xətlər əsas götürüləcək. Azərbaycan tərəfi bunu qəbul etmir. Hətta Qazax-Tavuş istiqamətində sərhədlərin delimitasiyası ilə bağlı əldə edilən razılaşmada var idi ki, digər ərazilərin delimitasiyası ilə bağlı tərəflər başqa prinsiplər irəli sürərsə, sülh sazişində bu prinsiplər razılaşdırılarsa, əsas prinsiplər dəyişdiriləcək. Azərbaycan Qazax və Tavuş istiqamətində Alma-Ata bəyannaməsinə uyğun delimitasiyanı qəbul etsə də, digər ərazilərdə bu məntiqi qəbul etmir. Təbii ki, bu uzunmüddətli prosesdir. Burada daha əvvəlki illərin xəritələri əsas götürülməlidir. Azərbaycanın bu istəyi var. Ona görə də hələ ki bu məsələni saxlayıb. Ermənistan isə çalışır ki, bütöv sərhədlərin delimitasiyası SSRİ dövründə mövcud olan xəritələr ilə müəyyənləşsin. Bununla da SSRİ dövründə ermənilərə bağışlanan Azərbaycan torpaqları var. O torpaqlar üzərində legitimlik qazanmaq istəyirlər. İki ölkə arasında delimitasiya və sülh sazişi olmadığı üçün bu ərazilərdə Ermənistanın legitimliyi tam deyil. Ona görə də Ermənistan və Azərbaycan arasında delimitasiya şərti sayılır".

Asif Nərimanlının sözlərinə görə, bu o deməkdir ki, Azərbaycan tərəfi sonrakı dövrdə SSRİ dövrünün əvvəlki xəritələrini əsas götürərək ermənilərə qanunsuz yolla verilən bu torpaqların geri alınmasını irəli sürə bilər:

"Digər tərəfdən situasiya dəyişə bilər. Azərbaycan bunu danışıqlar yolu ilə deyil, ordunun irəliləməsi ilə edə bilər. Gələcəkdə belə perspektivlər var. Bu həm situasiyadan, həm də diplomatik danışıqlardan asılıdır. Ermənistanın tərəfinin məhz ikitərəfli nəzarət mexanizminin yaratmaq istəyi o deməkdir ki, bu perspektivin qarşısını alsın. Sərhəd mexanizmi yaradılarsa, bu Azərbaycanın əl-qolunu bağlayır. Yəni Azərbaycanın hərbi müstəvidə addım atmasını bağlayır. Digər tərəfdən Ermənistanın əsas məqsədi belə bir mexanizm yaratmaqla sonrakı dövrdə beynəlxalq mexanizmə çevirməyə çalışacaq. Belə bir plan Qarabağ münaqişəsi olduğu dövrdə təmas xəttində var idi. Amerikada erməni lobbisi bunu gündəmə gətirmişdi. Burada əsas məqsəd Qarabağın işğal statusunu qorumaq idi. Bu icra edilmədi. Artıq münaqişə bitdiyi üçün Ermənistan həmin planı sərhəddə etməyə çalışır. Yəni mövcud şərti sərhədi qorumaq məqsədi daşıyır. Artıq Avropa İttifaqının Cənubi Qafqaz nümayəndəsi bildirib ki, Avropa İttifaqı öz təcrübəsini bölüşə bilər. Bu o deməkdir ki, sonrakı dövrdə qərb qüvvələrinin nəzarəti etdiyi bir mexanizm olacaq. Onlar delimitasiya prosesində Ermənistanın maraqlarını müdafiə etməyə çalışırlar. Azərbaycan tərəfi bu məqsədi yaxşı bilir ve heç bir cavab verməyib. Rəsmi Bakı bu təklifə cavab verməyəcək. Ən azından iki ölkə arasında sülh sazişi ilə bağlı anlaşma əldə edilməlidir. Ondan sonra bu haqda danışmaq olar və bu cür olmalıdır. Mən Paşinyanın bu təklifinin qəbul edəcəyini düşünmürəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
sonxeber.az

1Sources