EN

İslamabad abadlıq üzrə Bakının təcrübəsindən faydalanacaq

Bakı, 27 iyun, AZƏRTAC

İslamabadda Pakistan paytaxtının abadlaşdırılması İdarəsinin (Country Development Authority – CDA) sədri Muhammed Ali Randhavanın Bakı meriyasının nümayəndə heyəti ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın ingilis dilində nəşr olunan gündəlik “The Nation” nəşri məlumat verib. Qəzetin məqaləsində qeyd edilir ki, iyunun 26-da CDA-da keçirilən görüşdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov da iştirak edib.

Məqalədə bildirilir: “Muhammed Ali Randhava qeyd edib ki, İslamabadda aparılan abadlıq işləri ənənəvi və müasir memarlığın sintezini yaratmaq məqsədi daşıyır. Onun sözlərinə görə, CDA bu fəaliyyətində İslamabadı daha da gözəlləşdirmək üçün qardaş Azərbaycanın təcrübəsindən istifadə edəcək”.

Azərbaycan nümayəndə heyətinin üzvləri üçgünlük səfər çərçivəsində Pakistan paytaxtının müxtəlif parklarına, prospektlərinə və attraksionlarına, o cümlədən məşhur “Melody Food” küçəsinə, restoranlar, yeməkxanalar və mağazaların olduğu və piyadalar üçün nəzərdə tutulmuş meydana baş çəkiblər. Bakının abadlaşdırılması və şəhər landşaftı üzrə mütəxəssislər pakistanlı həmkarlarına İslamabadın daha da gözəlləşdirilməsi üçün öz tövsiyə və təkliflərini verəcəklər.

Məqalədə qeyd olunur ki, azərbaycanlı və pakistanlı ekspertlər İslamabadın “Melody Food” küçəsinin və Şrinaqar şossesinin piyadalar üçün nəzərdə tutulmuş ərazilərinin abadlaşdırılması üçün Bakının landşaft dizayn elementlərindən istifadə imkanları ilə bağlı məsələləri də müzakirə ediblər.

“The Nation” yazır: “Bu məqsədlə qısa, orta və uzunmüddətli layihələr hazırlanacaq, onlar birgə həyata keçiriləcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
azertag.az

1Sources