EN

Problemli kreditlərin məbləği niyə artır? - Açıqlama

Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 466,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib ki, bu, mayın 1-i ilə müqayisədə 0,9 faiz çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 6,6 faiz artıb, son 1 ildə isə 7,1 faiz azalıb.




Bakupost.az -a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib ki, problem 2024-cü ildə müşahidə edilən alıcılıq gücü ilə ortaya çıxıb.

Onun sözlərinə görə, bu gün statistik rəqəmlərin təhlili problemli kreditlərin nominal ifadədə artdığını deməyə əsas verir:

"Belə ki, ilin əvvəli ilə müqayisədə 13 milyon manata yaxın artım var. Düşünürəm ki, bu, 2024-cü ildə müşahidə edilən alıcılıq gücü və bu kimi problemlərlə ortaya çıxıb”.

İqtisadçı bu artımın risk yaradacaq səviyyədə olmadığını bildirib:

“Nəzərə almaq lazımdır ki, portfelin özündə də genişlənmə olur. Əgər ilin əvvəlli və yaxud da ki, ötən ilin sonuyla müqayisə aparmış olsaq, həmin dövrdə 1,8 faizdən daha artıq hissəsi portfelin problemi idisə, amma günümüzdə bu göstərici 1,8 faizdən aşağı düşüb. Beynəlxalq maliyyə standartlarına görə təxminən portfelin 3 faizdən artığı problemli, vaxtı keçmiş olursa, bu, riskli hesab edilir. Bu günki şərtlər daxilində Azərbaycanda bu göstərici 1,8 faizdən aşağıdır. Bu onu deməyə əsas verir ki, artım daha çox miqyasın böyüməsindən qaynaqlanır. Yəni mövcud portfelin xüsusi çəkisində problemli kreditlər artmır, yalnız portfelin böyüməsi problemli, vaxtı keçmiş kreditlərin də həcminin artımına gətirib çıxarır. Ona görə də indiki şərtlər daxilində bu tendensiya ciddi risklərin olmadığını deməyə əsas verir”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
1
bakupost.az

2Sources