EN

“Pezeşkianın qalib gələ biləcəyi ehtimalları səslənir“ - Politoloq

"Pezeşkianın qalib gələ biləcəyi ehtimalları səslənir."

Politoloq Akşin Kərimov bunu News365.az-a açıqlamasında deyib.

"İranda prezidentliyə namizədlərdən 3-ü favoritdir, onlar Məhəmməd Qalibaf, Səid Cəlili və Məsud Pezeşkiandır. Məhəmməd Qalibaf praqmatik mühafizəkar, Səid Cəlili ultramühafizəkar, Pezeşkian isə reformistdir.

Hər üç namizəd İran ali rəhbəri Seyid Əli Xameneinin ideologiyası və xəttinə sadiqdir və onlardan birinin prezident seçilməsi belə ölkədə davam edən sərt məhdudiyyətlərin sürpriz yumşaldılmasına gətirib çıxaran deyil. Fərq daha çox iqtisadi-sosial proqramlarda görünür ki, bu da prezidentlik institutunun funksiyalarını özündə cəmləşdirir.

İranın xarici siyasətdə, o cümlədən Yaxın Şərq regionundakı maraq və ambisiyalarından geri çəkiləcəyi gözlənilmir, prezident isə ümumiyyətlə bu məsələlərdə söz sahibi deyil.

Prezidentlik institutu sadəcə olaraq başqa dövlətlərlə əlaqələrdə iqtisadi dinamikanı qaldırmağa, Xarici İşlər Nazirliyi isə diplomatik-siyasi münasibətləri saxlamağa çalışır.

Son söz isə ali rəhbərin və nəhəng güc imperiyası yaratmış SEPAH-a məxsusdur. Hərçənd ki, artıq SEPAH ali rəhbər üzərində belə nəzarəti hiss edilməkdədir, bunun səbəbi Xameneinin mövqelərinin zəifləməsi və İran elitasında gərginləşən rəqabətdir.

Bu rəqabətdə əli güclənən qüvvə yalnız SEPAH-dır və o, prosesləri yönləndirən aktor kimi güclənib. Buna görə də, İranda prezidentlik kürsüsündə kimin əyləşməsi daxili və xarici siyasətdə sürprizlərlə nəticələnməyəcək.

Nəticə etibarı ilə SEPAH-ın filtrindən keçən proseslər yenə qalacaq. Ola bilər ki, uzağı gələcək prezident iqtisadi-sosial paketlərlə xalqın rəğbətini qazansın, amma İran kimi sanksiyalar tətbiq edilmiş, problemləri çox olan ölkədə buna necə nail olunacağı da sual altındadır.

Hansı namizədin prezident seçiləcəyinə gəlincə, fikirlər və mövqelər müxtəlifdir. Maraqlı burasıdır ki, bu zamana qədər favoritlər Cəlili və Qalibaf sayılırdısa, artıq İran ictimai-siyasi mühitində Pezeşkianın qalib gələ biləcəyi ehtimalları səslənir.

Burada mühafizəkarlarla islahatçıların rəqabəti gedir, amma mühafizəkarlar arasında da mövqelərin bir cəbhədə birləşdirilməməsi müşahidə edilir. Ən azından Cəlili və Qalibafın timsalında bunlar görünməkdədir. Bununla belə, İranda sərt xətt tərəfdarları elitada daha üstün mövqedədirlər."

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
50
news365.az

10Sources