EN

Arif Əsədov: “Ən çətin rəqib “Sabah”a düşüb”

Azərbaycan yığmasının məşqçisi Arif Əsədovun futbolinfo.az saytına müsahibəsi

– Avrokuboklara vəsiqə qazanan klublarımızdan mübarizəyə ilk olaraq “Zirə” qoşulacaq. Sizcə, Rəşad Sadıqovun komandası “Şerif” səddini keçəcək?

– “Zirə” hazırlıq dönəminə ən tez başlayan komandamızdır. Bu da avrokubok mübarizəsinə ilk olaraq onların başlayacağı ilə əlaqədardır. “Zirə” ötən mövsümün son dövrəsində yaxşı, stabil oyun göstərərək vacib xallar topladı və sezonu ikinci pillədə başa çatdırdı. Bu baxımdan hazırda Rəşad Sadıqovun komandasının yaxşı durumda olduğunu düşünürəm. Düzdür, komandadan gedənlər və yeni gələn oyunçular oldu. “Zirə” Türkiyədəki təlim-məşq toplanışında keçirdiyi yoxlama matçlarından birində qalib gəlib, digərində uduzub. Nəzərə alaq ki, “Şerif” də əvvəlki “Şerif” deyil, onlarda maliyyə problemi var. Hazırkı komanda Çempionlar Liqasının qrupunda oynamış “Şerif” olmasa da, rəqibin adı üstündədir. Şanslar bərabərdir. Hətta mən deyərdim ki, 60 faiz “Zirə” şanslıdır. İlk oyundan çox şey asılıdır. “Zirə” bu səddi keçə bilər.

– Necə düşünürsünüz, “Qarabağ” bu mövsüm tarixi uğurunu təkrarlaya – Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazana biləcək?

– Artıq neçə ildir ki, “Qarabağ”ın avrokubokların qrup mərhələsində oynamasına öyrəşmişik. Düşünürəm ki, builki “Qarabağ” daha güclüdür. Üstəlik, heyəti bir qədər də gücləndirəcəklər. İstədikləri transferləri həyata keçirə bilsələr, Çempionlar Liqasının qrupuna düşmək şansları bir qədər də artacaq.

– Konfrans Liqasında iştirak edəcək “Sabah”ın “Makkabi” (Hayfa) önündə şanslarını necə qiymətləndirirsiniz?

– Ən çətin rəqib “Sabah”a düşüb. Təbii ki, təcrübə baxımdan üstünlük “Makkabi”nin tərəfindədir. Amma “Sabah”ın keçən il olduğu kimi, yenə ilk mərhələni keçməyə qadir olduğunu düşünürəm. Hər şey komandanın hazırlıq dönəmindən və etdiyi transferlərdən asılı olacaq.

– “Sabah”la müqayisədə “Sumqayıt”a daha münasib rəqib düşüb. Samir Abasovun komandası “Fehervar”ı mübarizədən kənarlaşdırmağı bacaracaq?

– “Sumqayıt”ın rəqibi bizə tanışdır. “Fehervar” 2 il öncə “Qəbələ”nin rəqibi olub. Düzdür, səfərdəki oyunda “Qəbələ” 1:4 hesabı ilə məğlub olmuşdu, amma cavab matçında komandamız rəqibə 2:1 hesabı ilə qalib gəlmişdi. “Sumqayıt” da istəkli komandadır. Mətbuatdan izləyirik ki, bir çox futbolçuları gedib. Gedənlərin yerini doldura bilib-bilməyəcəklərindən çox şey asılıdır. Tez bir zamanda transferlərini bitirib, təlim-məşq toplanışına hazır komanda kimi yollanmalıdırlar. “Sumqayıt” yoldaşlıq matçlarında optimal heyətini müəyyənləşdirməlidir. Bunları edə bilsələr, “Sumqayıt”ın növbəti mərhələyə adlamaq üçün yaxşı şansı olacaq. İndiki halda şansların bərabər olduğunu düşünürəm.

– Yay “transfer pəncərəsi”ndən hansı komandamızın daha səmərəli istifadə etdiyini düşünürsünüz?

– Aktiv komandalarımızdan biri “Zirə” oldu. Tez bir zamanda heyəti komplektləşdirib Türkiyəyə təlim-məşq toplanışına yollandılar. “Qarabağ” istədiyi futbolçuları transfer edə bilsə, bu, komandaya müsbət təsirini göstərəcək. “Səbail”dən bir çox futbolçu gedib. “Araz-Naxçıvan” qısa zamanda heyətinə xeyli futbolçu qatdı, özü də yerli oyunçularla anlaşdı. Transferlər baxımından durğunluq dövrü “Neftçi”dədir. Dünən Roman Qriqorçuk komandanın baş məşqçisi təyin edildi. “Neftçi”nin transferlərə vaxtı var, çünki komanda avrokuboklarda yer almayacaq.

– “Neftçi”nin baş məşqçisi postuna Roman Qriqorçukun gətirilməsi ilə bağlı nə deyə bilərsiniz? Sizcə, “Qəbələ”dən yaxşı tanıdığımız Qriqorçuk “Neftçi”yə əvvəlki əzəmətini qaytara biləcək?

– Azərbaycan çempionatını, klublarımızı tanıyan məşqçidir. Bu baxımdan yaxşı təyinat olduğunu düşünürəm. Qriqorçuk ambisiyalı, nəticəyə oynayan mütəxəssisdir. Fikrimcə, “Neftçi”yə xeyri dəyəcək. Təbii ki, bunun üçün istədiyi futbolçular transfer edilməlidir.

AĞA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources