EN

Ordumuz qürur, fəxr, inam yerimizdir- ÖZƏL

"Bu il 26 iyunda Azərbaycan xalqı Silahlı Qüvvələrinin 106-cı illiyini qeyd etdi. Son 4 ildə artıq bu bayramı zəfər, qələbə çalmış ordumuzun bayramı kimi qeyd edirik".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov deyib:

"Biz torpaqlarımızı itirəndə, bizim nizami silahlı qüvvələrimiz yox idi. Müdafiə Nazirliyi yeni yaranırdı. Müxtəlif təşkilatlardan cəlb olunurdu və sərhədlər qorunurdu. Ermənilər isə Rusiyanın 366-cı motoatıcı diviziyası ilə birlikdə bizə hücumlar etdi, torpaqlarımızı aldılar. Həmin illərdə mən özüm də şəxsən iştirak etmişəm. Təsəvvür edin, o zaman Milli Təhlükəsizlik Nazirliyinin indiki Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını cəbhəyə göndərdilər və onlar döyüşlərdə iştirak edirdilər. O zaman nizami qoşunumuz yox idi, ordu yaranmamışdı, pərakəndəlik, çətinlik idi. Müstəqillik qazanandan sonra, AXC-də, Müsavat hakimiyyəti dövründə bunları etmək mümkün olmadı. Rəhim Qaziyev kimi bizim müdafiə nazirimiz oldu. O da bu sahədən adamı deyildi. Yarada bilmədi və ordu quruculuğu pis gündə idi. Azərbaycan xalqının təkidi və tələbi ilə Ulu Öndər hakimiyyətə gələndən sonra-1993-cü il noyabrın 15-dən sonra sözün həqiqi mənasında Heydər Əliyevin sayəsində ordu quruculuğuna başlandı. Torpaqlarımız işğal olunurdu, öz nüfuzu və beynəlxalq güclərinin vasitəsilə atəşkəsə nail oldu. Ordu quruculuğuna başladı, iqtisadiyyatı qaldırdı, əsrin neft müqaviləsini bağladı və Azərbaycanın qara qızılı-neftdən, qazdan gələn gəliri məhz ordu quruculuğuna, insan kapitalına yönəltdi. Bunun sayəsində ordumuz inkişaf etməyə başladı. Həm Silahlı Qüvvələrin, həm Hərbi Hava Qüvvələri, həm Hərbi Dəniz Qüvvələri, həm Xüsusi Təyinatlı Qüvvələr inkişaf etməyə başladı. Yeni bir reallıq yaranmağa başladı. Müasir silah-sursat alınmağa başladı. Bu işlər Ulu Öndərdən sonra onun layiqli varisi İlham Əliyev tərəfindən aparıldı. İlham Əliyev cənabları neftdən, qazdan gələn vəsaitləri həm silah-sursat alınmasına, həm də orduda döyüşəcək əsgər, zabitlərin hazırlanmasına yönəltdi. Bizim çoxlu əsgər, zabitlərimiz Türkiyədə NATO standartlarına uyğun öyrədildi. Digər xarici ölkələrdə təlimlər keçdilər. Biz, gecə-gündüz çalışdıq, torpaqlarımızın azad olunması uğrunda mücadilə apardıq. Bunun üçün yeni ordu yaratdıq. Məhz bu ordunun sayəsində güclü liderimiz İlham Əliyev xalqı öz ətrafına topladı, orduya böyük dəstək oldu, bütün xalq ordunu dəstəklədi və müzəffər Ali Baş Komandanın ətrafında ordu öz torpaqlarını yağı düşməndən azad etdi. Çox qısa müddətdə- 44 gün ərzində. Bu, doğrudan da hərb tarixinə qızıl hərflərlə yazılmış zəfər qələbəmizdir. Düzü, qətiyyən bizim düşmənimiz Azərbaycanın belə qısamüddətli həmləsini gözləmirdi. Azərbaycanı həmişə təhdid edirdilər. "Biz, Gəncəni, Yevlaxı da alacağıq. Yolu təmiz kəsəcəyik" deyə təhdid edirdilər. "Biz, gəlib Bakıda Xəzəri də sahiblənəcəyik" deyə bizə qorxulu siqnallar verirdilər. Azərbaycan Prezidenti öz dəmir iradəsinə, öz güclü siyasətinə, öz özgüvənliyinə inanaraq xalqı ətrafında toplaya bildi, güclü ordu yaratdı, bu ordunu yüksək təlimlərə cəlb etdirdi və ən əsası da orduya lazım olan ən müasir, sonuncu nəsil silah-sursat alındı. Bütün bunlar Azərbaycan torpaqlarının azad olunmasına yönəldi. Məhz bunun sayəsində bizə qarşı təxribat olanda biz ermənilərə qarşı cavab verdik və 44 gün ərzində torpaqlarımızı azad etdik. Bu, doğrudan da heç kimin gözlənilmədiyi bir hadisə oldu. Beynəlxalq güclərin Ermənistanı dəstəkləməsi və bizə qarşı təhdidlər etməsi yenə də Ali Baş Komandanın dəmir iradəsini sarsıda bilmədi. Nəhayət, noyabrın 10-da Azərbaycan ordusu Xankəndinə girən zaman Paşinyan Putinə yalvardı və müharibənin dayandırılmasını xahiş etdi. Putin Azərbaycan Prezidentinə xahiş, minnət etdi, müharibənin dayandırılmasını rica etdi və Azərbaycan ordusu qələbə çaldı. Ermənistan kapitulyasiya oldu. Kapitulyasiya aktına qol çəkən Paşinyan, 10 noyabr bəyannaməsinin maddələrindən ikisini yerinə yetirmədi. İlk növbədə Zəngəzur dəhlizinin açılmasını həyata keçirmədi və Qarabağ iqtisadi zonasında olan qeyri-qanuni erməni silahlı dəstələrini oradan çıxartmadılar. Əslində həmin bəyannamədə göstərilmişdi ki, Rusiya sülhməramlı qüvvələri əraziyə daxil olan zaman onlar oradan çıxarılacaq və bunu da Rusiya sülhməramlıları etməli idi. Təəssüf ki, bu edilmədi. Açıq demək lazımdır, Rusiyanın da məqsədi, məramı vardı ki, Qarabağda ermənilər yaşasınlar və Rusiya özünü orada möhkəmləndirsin və buna görə də onlar orda Rusiya icması yaratdılar. Saxarova heykəl qoydular, ermənilər üçün hərbi hospitallar, iş yerləri açdılar. Ancaq zaman bizim zaman idi. Zamanı geri döndərmək mümkün deyildi.  Azərbaycan Prezidenti lazımi işləri gördü, nəyi necə, nə vaxt etməyi bildi.  2020-ci ildən sonra 2023-cü ilin sentyabrın 19-dan 20-nə keçən gecə 23 saat ərzində də Qarabağ iqtisadi zonasında olan qeyri-qanuni silahlı erməni dəstələri məhv edildi. Onlar təslim oldu, silah-sursatını təhlil edib rədd olub getdilər. Bunu da xüsusilə qeyd etmək lazımdır ki, həmin döyüşlərdə bizim orduya, Xüsusi təyinatlılara, Dövlət Təhlükəsizlik Xidmətinin bölmələrinə tapşırıq verilmişdi ki, qətiyyən erməni mülki əhalisinə, obyektinə ziyan dəyməsin. Elə də oldu. Ancaq qeyri-qanuni silahlı dəstələrin üzvləri məhv edildi. Qalanları da rədd olub getdilər və sonrakı dövrdə də. Azərbaycan Prezidentinin apardığı çox böyük iş idi ki, ordunun belə bir şücaətindən sonra orada qalan erməni separatçı qüvvələri özlərini buraxdılar, istefa verdilər. Mən onu da deməyi özümə borc bilirəm ki, orda olan hər bir erməninin əli azərbaycanlıların qanına batmışdı. Onlar cinayət törətmişlər, ona görə də həmin separatçı rejimin rəhbərliyinin sözü ilə hamısı köçüb getdilər. Hətta biz onlardan qabaq, saytlar yaratdıq, onlara müraciət etdik ki, Azərbaycan qanunlarını, Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etsinlər və qalsınlar, yaşasınlar. Onlar bunu etmədilər və çıxıb getdilər. Bir güllə ilə iki dovşan vurduq. Onları qovmadıq, özləri getdi. Bunu dünya ictimaiyyəti bilir. BMT-nin komissiyası gəldi, bunu təsdiq etdi. Beynəlxalq Qırmızı Xaç Komitəsi gəldi, araşdırma apardı və təsdiq etdi. Ordumuzun güclü olması, ordumuzun belə cəsarətli olması bizim torpaqlarımızın azad olmasına gətirib çıxartdı. Bir daha qeyd edirəm ki, güclü ordu o zaman olur ki, güclü dövlət olur. Güclü dövlət o zaman olur ki, o dövlətin güclü lideri olur. Məhz Azərbaycan Prezidentinin, Ali Baş Komandanın şücaəti nəticəsində bizim ordumuz güclü ordu oldu. Bu gün dünyanın əlli ən güclü ordusu sırasında Azərbaycan ordusu dayanır. Bu, doğrudan çox böyük göstəricidir, böyük qiymətdir. Azərbaycan kiçik, 10 milyonluq əhalisi olan bir ölkədir. Ölkələr var ki, Azərbaycandan 10 qat böyükdür, amma onların ordusu həmin əlilliyə daxil deyillər. Bu mənada ordumuz qürur, fəxr, inam yerimizdir. Hazırda dünyada vəziyyət çox gərgindir, beynəlxalq vəziyyət çox acınacaqlı vəziyyətdədir, dünya yenidən bölünür, amma Azərbaycan ordusu bu gün də öz işini görür, daha da güclənir. Daha artıq təlimlər keçir. Biz müharibə dövründən sonrakı dövrdə də çox böyük işlər görmüşük. Baxmayaraq ki, ordumuz qalibdir, Cənubi Qafqazın güclü ordusudur, bununla dayanmalı deyilik. Bizim ətrafımızda düşmənlərimiz, Azərbaycanı istəməyən beynəlxalq qüvvələr var. Onların başında duranlardan biri Fransadır. Fransa bu gün də Ermənistan qoşunlarını gücləndirməyə çalışır. Ermənistanın əsgər zabitlərini aparıb Fransada təlimlər keçirlər. Öz təlimatçilərini Ermənistana göndərirlər, həmin təlimçilər onlara təlim keçirlər. ABŞ-nin də hərbçiləri Ermənistanda təlimlər keçirlər və onlara yeni silah-sursatlar, o cümlədən hücum silahları verirlər. Son günlər Suren Papikyanın Parisdə Fransanın müdafiə naziri Lekorne Sebastian Lekornu ilə görüşdü və Ermənistan Müdafiə Nazirliyi ilə Fransanın hərbi-sənaye şirkəti hücum silahları ilə bağlı müvafiq saziş imzaladı. Son illərdə Fransanın onlara verdiyi zirehli maşınlar, Hindistandan aldığı 285 milyonluq zenit qurğuları. eyni zamanda Fransa ilə bağladığı 350-400 milyon civarında hərbi sursatların alınması haqqında müqavilə hamısı onu göstərir ki, onlar Ermənistanı silahlandırırlar. Buna görə də Azərbaycan ordusu hər zaman hər şeyə hazır olmalıdır. Ordu nə qədər güclü olsa, o zaman xalqımız da rahat yata bilər, rahat çalışa bilər və öz yaradıcılıq, quruculuq işləri ilə məşğul olar. Mən inanıram ki, bizim bu il də büdcəmizdə ordu quruculuğuna çox böyük vəsait ayrılıb və inanıram ki, bizim bundan sonra da amalımız Azərbaycan Prezidentinin dediyi kimi ordumuz güclü olmalıdır ki, bizə heç kim yaxınlaşmasın. Bizim ordumuz bu il 106 yaşını qeyd edir. Mən orduda xidmət edən əsgər, zabitlərimizi təbrik edirəm. Onlara can sağlığı, uğurlar arzulayıram. Vətən uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirəm. Qazilərimizə Allah şəfa versin deyirəm və inanıram ki, Azərbaycana bir daha erməni ayağı dəyməyəcək və torpaqlarımız ordumuz sayəsində daim qorunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
olaylar.az

1Sources