EN

“Bu qədər resursun müqabilində nəyə görə oxuma-yazma bilməyən uşaqlar görməliyik” - Təhsil eksperti

2023-cü ildəki imtahan nəticələrinə əsasən, 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfərin oxuyub yazmaqda çətinlik çəkdiyi məlum olub. Bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib. Məlumata əsasən, rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir: Qazax, Şuşa, Ağstafa, Şahbuz rayonlarının və Bakı şəhərinin hərəsində 1 nəfər. 11-ci sinif şagirdlərindən oxumağı və yazmağı bacarmayanlar isə Cəlilabad və Qobustan rayonlarından olub.

Təhsil eksperti Rizvan Fikrətoğlu Herbiand.az-a bildirib ki, 2023-cü ildə 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfərin oxuma-yazma bilməməsi onların imtahanda verilən sualların cavab kartına adlarını, soyadlarını, oxuduğu məktəblərin adını yaza bilməməsindən aydın olur ki, ümumiyyətlə oxuma-yazma bilmirlər:

“Amma deyim ki, ümumrespublika üzrə cəmi 7 nəfərin olması çox sevindirici rəqəmdir. Niyə? Çünki, əvvəlki rəqəmlərin sayı ümumilikdə 100-ü keçirdi”.

Ekspertin sözlərinə görə, məktəbə gedən şagird mümkün deyil ki, aşağı sinif səviyyəsində oxuma-yazma bilməsin:

“Bu uşaqları araşdırsaq bəlkə də görərik ki, məktəbdən yayındırılmış uşaqlardır. Bu gün məktəbdən yayındırılmış uşaqların böyük bir qismi məsələn, rayonda məktəbdə oxuyur, amma özü Bakıda yaşayır, repetitor yanına gedir. Belə hallar direktora müəyyən rüşvət müqabilində həyata keçirilir. Qeyri-qanuni də olsa bunu hardasa, bəlkə də keçmək olar. Amma bəzi uşaqlar var ki, çayxanalarda, qeyri-sağlam yerlərdə işləyirlər. Araşdırsaq görərik ki, onlar da məktəbdən yayındırılmış uşaqlardır. Bu hallar dövlət səviyyəsində araşdırılmalıdır. Amma araşdırılsa kökü gedib yaxşı yerlərə çıxmayacaq. Çayxanalarda işləyən məktəblilər oxuma-yazmanı bilirlər, amma bu, əslində çətinlik çəkilən səviyyədə olmamalıdır. Dövlət bu qədər resurs sərf edir. Müəllimləri diaqnostikadan, sertifikasiyadan keçirir, imtahanlar aparılır. Müəllimlərə yaxşı maaş verir, məktəblərə savadlı kadrlar göndərir, şəraitlərinin təmin olunması üçün əlavə ödənişlər edilir, kitablar çap olunur və s. Bu qədər resursun müqabilində nəyə görə oxuma-yazma bilməyən uşaqlar görməliyik. Bu kimi məsələlər ciddi araşdırılmalı, diqqətdən yayınmamalıdır”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
herbiand.az

1Sources