EN

“Neftçi” rəhbərliyinin Roman Qriqorçuk TƏYİNATI: “Onunla çalışmaq böyük şansdır”

“Neftçi” rəhbərliyi səbrli olmalı, məşqçinin istəklərini yerinə yetirməli, onun işinə mane olmamalı, müdaxilələr etməməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Neftçi” futbol klubuna baş məşqçi postuna Roman Qriqorçukun gətirilməsinin müsbət tərəfləri haqda danışan idman jurnalisti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, Roman Qriqorçukun “Neftçi”yə təyinatı çox yaxşı təyinatdır.

“Hətta deyərdim, son 10 ilin ən yaxşı təyinatıdır. Roman Qriqorçuk çox yaxşı, özünü sübut etmiş, prinsipial, öz dəst-xətti olan, güclü mütəxəssisdir. Onun “Qəbələ” ilə etdikləri Azərbaycan futbol tarixinin önəmli bir hissəsidir. Onu “Neftçi”yə gətirmək asan deyildi. Gəlibsə, razılıq veribsə, deməli, yaxşı nəsə layihə görüb. Qalır bu layihəni həyata keçirmək. Bunun üçün “Neftçi” rəhbərliyi səbrli olmalı, məşqçinin istəklərini yerinə yetirməli, onun işinə mane olmamalı, müdaxilələr etməməlidir”, – deyə o əlavə edib.

Mütəxəssis qeyd edib ki, avrokuboklarda olmadığından məşqçinin komandanı hazırlamağa xeyli vaxtı var:

“Qriqorçuk getdiyi hər yerdə nəticə verən məşqçidir. Onunla çalışmaq böyük şansdır və bu şansı itirmək olmaz. Düşünürəm ki, avrokuboklar olmadığından yaxşı heyət qurmağa vaxtı var. Bu vaxtdan səmərəli istifadə olunmalı, yaxşı transferlər edilməlidir. Klubun büdcəsi böyükdür. Qriqorçuk bu büdcə ilə çempionluğa oynaya bilər, oynamalıdır da. Hər şey yaxşı getsə, bu il də olmasa, gələn il köhnə “Neftçi”nin qayıdışını izləyə bilərik”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
yenicag.az

1Sources