Bir neçə gün öncə "Turan Tovuz"a yeni baş məşqçi təyin olundu.

Belə ki, bölgə klubunu bundan sonra rusiyalı mütəxəssis Kurban Berdıyev çalışdıracaq. Onunla "2+1" illik müqavilə imzalanıb. Maraqlıdır, 71 yaşlı mütəxəssisin Azərbaycan klubuna təyinatını Rusiya mətbuatı və futbol camiəsi necə qarşılayıb?

Şimal qonşumuzda çalışan idman jurnalisti Anar İbrahimov məsələ ilə bağlı Offsideplus.az-a açıqlamasında bunları dedi:

"Məlum olduğu kimi, Berdiyevin adı Azərbaycan milli komandası ilə hallanırdı. Lakin gözlənilənlərin əksi olaraq Santuş yığmaya baş məşqçi kimi gətirildi. Rusiyalı çalışdırıcının "Turan Tovuz"a təyinatı anidən oldu. Ona uğurlar arzu edirəm. Bu məsələ Rusiya mətbuatında geniş işaqlandırıldı. Yerli mütəxəssislər bununla bağlı maraqlı müzakirələr apardılar. İnanıram ki, çalışdırıcı güclü komanda formalaşdıracaq. Onun təyinatı düşünürəm ki, olduqca uğurludur. Çünki mentalitet baxımından da uyğundur. Qafqaz adamıdır, müsəlmandır. Azərbaycanda ona çətinlik olmayacaq".

Həmkarımız Berdiyevin bir neçə rusiyalı oyunçu transfer edəcəyini bildirdi:

"Onun ölkəsində çıxış edən bir neçə oyunçunu Azərbaycana gətirəcəyini təxmin edirəm. Berdiyevin hədəfləri hər zaman yüksək olur. Tək əsas komandanı yox, digər yaş qruplarının da, həmçinin akademiyanın da inkişafı Berdiyevin diqqətində olan məsələlərdəndir. Lakin, "Turan Tovuz"un "Neftçi", "Qarabağ", "Sabah" və "Zirə" kimi komandalarla mübarizə aparmağı asan olmayacaq".