EN

Paytaxtda təhsilin inkişafı: yeni addımlar, vacib layihələr

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2023-2024-cü tədris ilində keyfiyyətli tədris, məktəblərin idarəolunması, səmərəli təhsil mühitinin formalaşdırılması, təhsil sahəsindəki islahatların uğurla reallaşdırılması və digər müvafiq dəyərləri təbliğ etmək məqsədilə il ərzində çoxsaylı layihələr, müsabiqələr həyata keçirilib, təlimlər, tədbirlər və görüşlər təşkil edilib.

Tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi və təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi istiqamətində səmərəli sayılan işlər görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, 2023-2024-cü tədris ilində İdarənin tabeliyindəki 196 təhsil müəssisəsində təşkil edilən 798 təmayül sinifdə 17021 şagird təhsil alıb. Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.

2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 46736 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb. Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

2023-2024-cü tədris ilində Bakı şəhəri üzrə 18 ümumi təhsil müəssisəsində 160-a yaxın şagird inklüziv təhsilə cəlb edilib.

İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.

2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 16 ümumi təhsil məktəbində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilib.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki 34 icma əsaslı məktəbəqədər təhsil qrupuna 676 uşaq cəlb olunub.

2023-2024-cü tədris ili ərzində paytaxt üzrə 108 şagird fərdi təhsilə cəlb olunub.

Qeyd edək ki, ümumilikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 179 təhsil müəssisəsində 416 fərdi qrup üzrə 595 şagird təhsil alır.  

Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.

Bildirilib ki, respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 2023-2024-cü tədris ilində 67 paytaxt məktəblisi qalib olub. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 16 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb.

2023-2024-cü tədris ili ərzində paytaxtdakı 200-dən çox ümumi təhsil müəssisəsində rəqəmsal summativ qiymətləndirmələr aparılıb.

Qeyd edək ki, rəqəmsal summativ qiymətləndirmələr tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində texniki təminat və internet olduğu təqdirdə IV-XI siniflərdə bütün fənlər üzrə (fiziki tərbiyə, təsviri incəsənət, musiqi, çağırışaqədərki hazırlıq, texnologiya istisna olmaqla) aparılır. 2023-2024-cü tədris ilində paytaxtdakı 36 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunub. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 1, 10, 44, 64, 87, 88, 97, 117, 120, 123, 138, 142, 166, 172, 171,179, 181,185, 194, 208, 209, 213, 228, 234, 262, 265, 266, 274, 293, 301, 302, 306, 318, 321, 327 və 329 nömrəli təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.

Məlumata görə, 2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 210 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib.

Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.

2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 175 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib.

Monitorinqlərin keçirilməsində əsas məqsəd rəhbərlik və nəzarətin yerinə yetirilməsi, uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu, davamiyyəti, qidalanması, tərbiyə prosesinin təşkili vəziyyətinin öyrənilməsi, həmçinin tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və icra intizamının, təchizat, təsərrüfat fəaliyyətinin real vəziyyətinin təhlil edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsindən ibarətdir.

Monitorinq aparılan məktəbəqədər təhsil müəssisələrinə fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq təkliflər verilib, nəticəyönlü idarəetmə modelini formalaşdırmaq üçün analitik hesabatlar hazırlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2023-2024-cü tədris ili ərzində təhsil müəssisələrində 16 layihə həyata keçirilib.

“Məktəbdə...”, “Yaşıl layihə: Təbiəti qoruyanlar”, “Ailəm və məktəbim”, “7-dən 17-yə vətənpərvər!”, “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi”, “Dəyərlərimizi qoruyaq!”, “Onlayn kitab klubu”, “Zərərli vərdişlərə birlikdə yox deyək”, “Yeniləşən məktəb”, “Bir məktəb-bir klub”, “İdmansevərlər”, “Məktəblilər “Ədibin Evi”ndə”, “Valideyn-müəllim-şagird üçbucağı”, “Məktəblərin əməkdaşlığı ilə 45 dəqiqəlik dərs nümayişi”, “Valideyn-müəllim-şagird üçbucağı” və Valideynlər üçün “Payız məktəbi” adlı layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Rəqəmsal bacarıqlar”, “eTwinning Plus”, STEAM,  “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihələri də fəal iştirak edib.

Həmçinin paytaxt məktəblərində Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə OCEP layihəsi (Olimpiya Mədəniyyəti və Təhsili Proqramı) həyata keçirilib. Layihəyə BŞTİ-nin tabeliyindəki 43 məktəb cəlb olunub.

2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 28128 müəllimi əhatə edən təlimlər keçirilib.

Təlimlər fənlər üzrə elektron tədris resurslarının hazırlanması, müasir tədris modelləri, məktəbdaxili monitorinqlərin təşkili, şagirdlərin sosial emosional sağlamlığı və təhlükəsizliyi, istedadlı şagirdlərlə işin təşkili, şagirdlərdə yaradıcı təfəkkürün inkişafı, problem həllinə kreativ yanaşma, inklüziv sinifdə təlimin təşkili metodikası, uşaq psixologiyasının əsasları, sinfin idarə olunması, İKT vasitəsilə kommunikasiya, beynəlxalq öyrənmə platformalarından istifadə üzrə bacarıqların formalaşdırılması və digər mövzulara həsr olunub, həmçinin fənn müəllimlərini əhatə edən ixtisasartırma və metodiki seminarlar baş tutub.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 20 məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Estoniya və Finlandiyada təcrübə mübadiləsində iştirak edib.

Eyni zamanda BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən təhsil müəssisələrinin psixoloqları üçün “İmtahan həyəcanın səbəbləri və aradan qaldırılması yolları” və tərbiyəçi-müəllimlər üçün “Məktəbəqədər yaşlı uşaqlarda nitq inkişafı” mövzusunda seminarlar, həmçinin Dünya Autizm Maarifləndirmə ayı çərçivəsində “Mavi dünyam” adlı praktik təlimlər keçirilib.

İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təlimlər və sertifikasiya prosesi ilə bağlı maarifləndirici görüşlər keçirilib.

2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtın təhsil müəssisələri arasında 10 müsabiqə və olimpiada təşkil edilib.

Paytaxt məktəbləri arasında keçirilən III Bakı Elm Olimpiadası, “Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya” mövzularında təqdimat müsabiqəsi, “Düşünən şagird”, “Ən yaxşı məktəb saytı”, “Sağlam təhsil mühiti - kreativ yanaşmalar”, “Məktəb virtual məkanda” müsabiqələri, “Şahin” hərbi-idman oyunu, “Böyük qayıdışın başlanğıcı” adlı hərbi bilik yarışı, “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışı, “Fövqəladə hallar uşaqların gözü ilə” Xl respublika uşaq yaradıcılıq müsabiqələrinin əsas məqsədi şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün inkişaf etdirilməsi, həmçinin onlarda sağlam rəqabət hissinin formalaşdırılmasından ibarətdir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Mütəfəkkir və Şair Məhtimqulu Fəraqi” mövzusunda inşa müsabiqəsi, “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi, “Məktəblilərin respublika çempionatı”, İqtisadiyyat müsabiqəsi, “Sabahın alimləri”, “Ən yaxşı təqdimat”, SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı, “Qərbi Azərbaycana qayıdış” və Lütfi Zadə adına Məntiq Olimpiadası, fənn müsabiqələri və fənn olimpiadalarında iştirak edərək qaliblər sırasında yer alıblar. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IV, VI, VII və VIII siniflərində təhsil alan 125 mindən çox şagird üçün Azərbaycan dili fənni üzrə monitorinq keçirilib.

Tədris ili ərzində 2 dəfə keçirilən monitorinqin nəticələri təhsil müəssisələrinə həm bal, həm də məzmun təhlili olaraq təqdim olunub.

Yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxuyub-anlama və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasından ibarətdir. 2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə imtahan və müsahibələrdə uğur qazanmış 42 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 14 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 4 nəfər psixoloq, 34 nəfər laborant, 4 nəfər kitabxanaçı, 2 nəfər kitabxana müdiri, 6 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 20 nəfər çağırışaqədərki hazırlıq rəhbəri və 4 nəfər təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə təyin edilib.

Sevinc QARAYEVA






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
525.az

1Sources