EN

Şolts Putinin Ukrayna ilə bağlı sülh planını rədd etdi: “Rusiya sülh istəmir”

“Putin bütün diqqətini müharibə və yenidən silahlanmaya yönəltməyə davam edir”
Almaniya kansleri Olaf Şolts hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəyə son qoymağın “real” yolu adlandırdığı təklifi sülh planı adlandırmaq olmaz. Onun fikrincə, irəli sürülən şərtlər bunun tam əksini göstərir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Şolts Bundestaqda çıxışı zamanı deyib.
“Putin bütün diqqətini müharibə və yenidən silahlanmaya yönəltməyə davam edir və heç kimə məhəl qoymur. Bunu onun atəşkəs təklifində daha aydın görmək olar”, - kansler qeyd edib.
Şolts xatırladıb ki, Putin Ukraynanın bütün ilhaq edilmiş ərazilərini öz inzibati sərhədləri daxilində Rusiyaya verilməsini tələb edir, baxmayaraq ki, bu ərazilərin əksəriyyəti Kiyevin nəzarətindədir: “Rusiya Prezidenti həm də Ukraynanın neytral statusa malik olmasını istəyir ki, bu da gələcəkdə istənilən hərbi yardımdan imtina etmək deməkdir. Bu cür güzəştlərin Avropada davamlı sülhə səbəb olacağına inanan hər kəs görünür, “Russia Today”i çox izləyir”.
“Təəssüf ki, Rusiya sülh istəmir. Hücuma məruz qalan Ukraynadır ki, tabeçiliksiz və yeni təcavüz qorxusu olmadan ədalətli sülh istəyir”, - kansler bildirib.
Şolts “xəyali” nizamlanma təkliflərini deyil, İsveçrədə Sülh Sammiti kimi təşəbbüsləri dəstəkləməyə çağırış edib.
Qeyd edək ki, iyunun 14-də Putin Ukraynadan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən qoşunlarını çıxarmağı, NATO-ya üzv olmaq planlarından əl çəkməyi, Qərbdən isə işğaldan sonra tətbiq etdiyi bütün sanksiyaları ləğv etməyi tələb edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Putinin təklifini “qəbuledilməz ultimatum” adlandırıb və qeyd edib ki, Rusiya Prezidenti özünü İkinci Dünya müharibəsi ərəfəsində Çexoslovakiyanın bir hissəsinin ona verilməsini tələb edən nasist Almaniyasının lideri Adolf Hitler kimi aparır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
ayna.az

1Sources