EN

Aurelio De Laurentis: “Haqlılar da var, qələt edənlər də”

“Napoli”nin prezidenti Aurelio De Laurentis gürcü vinger Xviça Kvaratsxeliyanın PSJ-yə mümkün keçidi haqda xəbərlərə münasibətini açıqlayıb.

Arena.az İtaliya klubunun rəhbərinin bu barədə fikirlərini təqdim edir:

“Mən Kvaratsxeliya ilə bağlı heç bir fəsad görmürəm. Onunla və agentləri ilə müqavilənin müddətinin uzadılmasını müzakirə edib, ona təklif edəcəyik. Amma Avropa Klublar Assosiasiyasının sədri (yəqin ki, PSJ-nin prezidenti Nasser Əl-Xelaifini nəzərdə tutur – redaktorun qeydi) olan biri var ki, mənsub olduğu klubun icazəsi olmadan futbolçu ilə əlaqə saxlayır. Haqlılar da var, qələt edənlər də”, deyə Aurelio De Laurentis vurğulayıb.

Xatırladaq ki, Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. İtaliya klubu gürcü vingeri 13,3 milyon avro müqabilində Batumi “Dinamo”sundan transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Kvaratsxeliya “Napoli”nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. O, İtaliya klubunun heyətində bütövlükdə 88 oyuna çıxıb, 25 qol və 26 məhsuldar ötürmə müəllifi olub. 2022/2023 mövsümündə Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 30 oyuna 15 qol vurub, 8 məhsuldar ötürmə verib

Gürcü futbolçu klub karyerası ərzində “Rubin” (Kazan), “Rustavi”, “Dinamo” (Batumi), “Lokomotiv” (Moskva), “Dinamo” (Tiflis) kimi komandalarda da oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü vingerin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” klublarında çıxış edib. O, həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
arena.az

1Sources