EN

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

Tbilisi, 26 iyun, AZƏRTAC

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə təntənəli şəkildə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və səfirliyin Hərbi Attaşe aparatının təşkilatçılığı ilə Tbilisidə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Tədbirdə Azərbaycanın və Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlamentin deputatları, Türkiyə, Qazaxıstan və Türkmənistanın səfirləri, xarici ölkələrin Gürcüstanda akkreditə olunmuş səfirklərinin hərbi attaşeləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gürcüstan Müdafiə Nazirliyini Hərbi Orkestri Azərbaycanın və Gürcüstanın Dövlət himnlərini, Azərbaycan Hərbi Marşını ifa edib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbirdə çıxış edərək 1918-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin - Milli Ordunun yaradılması tarixi və zərurəti barədə ətraflı məlumat verib.

Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələri Günü elan edilərək hər il təntənə ilə qeyd olunur. Ulu Öndərin dövlətçilik məktəbinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin misilsiz səyləri nəticəsində ordumuz daha da güclənib və dünyanın ən güclü orduları sırasında öz yerini tutub.

Gürcüstan Müdafiə Nazirinin birinci müavini Paata Patriaşvili çıxış edərək Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib. Azərbaycan Ordusunun hər ötən il daha da modernləşdiyini və gücləndiyi qeyd edən P.Patriaşvili deyib ki, güclü Azərbaycan ilə əməkdaşlıq Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin Hərbi Attaşe aparatının rəhbəri polkovnik Fuad İbrahimov çıxış edərək bildirib ki, ötən illər ərzində Azərbaycan özünü etibarlı beynəlxalq tərəfdaş kimi sübut edib. O, NATO-nun Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Ordusunun Alyansın standartlarına uyğunlaşdırıldığını, hərbçilərimizin NATO çərçivəsində müvafiq təlimlərdə, o cümlədən sülhməramlı qüvvələrin tərkibində Kosovo, İraq və Əfqanıstanda iştirak etdiyini vurğulayıb.

Sonda xarici ölkələrin Gürcüstandakı səfirliklərinin və nümayəndəliklərinin hərbi attaşeləri Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib, Azərbaycan səfirliyinin hərbi attaşe aparatının rəhbəri polkovnik Fuad İbrahimova xatirə hədiyyəsi təqdim ediblər.

Tədbir Azərbaycan müğənnilərinin ifası ilə davam edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
3
azertag.az

5Sources