EN

Şəkidə güclü külək əsib, infrastruktura ciddi ziyan dəyib

Şəki, 26 iyun, AZƏRTAC

Bir neçə gün ərzində şimal-qərb bölgəsində davam edən qeyri-sabit hava şəraiti bu dəfə Şəkidə fəsadlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, güclü külək Şəki şəhəri ərazisində ağacları aşırıb, elektrik şəbəkəsinə ziyan vurub. Yağış suları asfalt örtüyünü sıradan çıxarıb. Küləkli və yağıntılı hava şəhərdə yol infrastrukturuna, işıq dirəklərinə, şəxsi təsərrüfatlara ziyan vurub.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, şəhərin Calğalıbulaq, Sabit Rəhman, 20 Yanvar, Aydın Məmmədov və Rasim Ocaqov küçələrində ağaclar aşıb. Nəticədə ətrafdakı infrastruktura elektrik, rabitə xətlərinə ciddi ziyan dəyib. yağış suları M.Rəsulzadə prospektində, 20 Yanvar küçəsində, Rasim Ocaqov küçələrində asfalt örtüyünü yuyub, bəzi hissələrdə isə yol örtüyü çöküb.

Komissiyanın üzvü Cahangir Nəbiyev bildirib ki, ərazilərdə baş vermiş hadisə səbəbindən yaranmış gərginlik aradan qaldırılmaqdadır. Şəhərin bütün infrastruktur obyektlərinin rəhbərləri hadisə yerinə cəlb edilir, fəsadların aradan qaldırılması üçün iş aparılır.

Qeyd edilib ki, şəhərlə yanaşı, rayonun Baş Göynük, Baş Şabalıd, İnçə, Zunud, eləcə də Qırxbulaq və Baş Zəyzid kəndlərində sel suları küçələri tamamilə keçilməz edib. Şəhər icra hakimiyyətinin köməyi sayəsində həmin kəndlərə texnikalar verilib, həmçinin kəndlərarası avtomobil yollarına dəymiş ziyanın aradan qaldırılması üçün yol işçiləri tərəfindən bərpa işləri hazırda davam etdirilir.

Komissiyanın məlumatına görə, son on gün ərzində Şəki şəhəri və kəndlərində güclü yağışlar və külək səbəbindən fəsadlar meydana gəlir. Onların aradan qaldırılması üçün komissiyanın əməkdaşları və aidiyyəti qurum rəhbərləri hadisə yerinə cəlb edilir, mütəmadi iş aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
35
azertag.az

10Sources