EN

Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması haqqında danışıqlar başlayıb

 
"Prosesin başlanması hər iki ölkənin Avropaya inteqrasiya yolunda nail olduqları tərəqqinin sübutudur..."
 
"Ukrayna mütləq Avropa İttifaqının tamhüquqlu üzvü olacaq, məsələ Avropa layihəsini həqiqətən mükəmməl etməkdədir..."
 
Dünən Lüksemburqda Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması barədə danışıqlar başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" telekanalı məlumat yayıb.
 
Bu hadisə ilə bağlı hökumətlərarası konfransda çıxış edən Avropa Şurasının rəhbəri Şarl Mişel bəyan edib ki, prosesin başlanması hər iki tərəfin qarşılaşdığı çətinliklərə baxmayaraq Avropaya inteqrasiya yolunda nail olduqları böyük tərəqqinin sübutudur. 
 
"Ukraynanın səyləri Rusiyanın qəsbkarlıq müharibəsinin ona gətirdiyi misli görünməyən çətinliklər və fəlakətlər nəzərə alınmaqla daha çox heyrət doğurur. Ukrayna xalqı öz suverenliyinin və öz Avropa gələcəyinin müdafiəsində fövqəladə igidlik və həmrəylik göstərib", - Şarl Mişel vurğulayıb.
 
Lakin o, qeyd edib ki, Avropa İttifaqına daxil olmaq prosesi asan olmayacaq. Onun sözlərinə görə, namizəd ölkələrin qarşısında duran yol onlardan daimi səylər, fədakarlıq və bundan sonra da əhəmiyyətli islahatlar tələb edəcək.
 
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyen oxşar ruhda çıxış edib.
 
"Ukrayna və Moldova xalqları bu layihənin bir hissəsi olmaq üçün sarsılmaz sədaqət və qətiyyət nümayiş etdirib. Hətta müharibə və qarışıqlıq dönəmində onlar miqyaslı islahatlara başlayıb. Onlar bilir ki, yolları ağır və məşəqqətli olacaq. Birliyə daxil olmaq haqqında danışıqlar namizəd ölkələrin üzvlülüklə bağlı öhdəliklərinin icrasına hazırlığa yönəlib. Məhz buna görə də qısa yollar mövcud deyil", - o, bəyan edib.
 
Konfransda Avropa İttifaqından birliyin bütün 27 ölkəsindən nazirlər iştirak edir, nümayəndə heyətinə Avropa İttifaqına sədrlik edən Belçikanın XİN rəhbəri  Xadja Labib  rəhbərlik edir.
 
13 nəfərdən ibarət Ukrayna nümayəndə heyətinə baş nazirin müavini Olqa Stefanişina rəhbərlik edir. O, qeyd edib ki, bu gün başlanan proses Rusiya təcavüzünə "müqavimət göstərməkdə davam etmək üçün mənəvi güc verəcək".
 
Öz növbəsində Ukrayna prezidenti Vladimir Zelenski danışıqların başlanması ilə bağlı müraciətlə çıxış edib.
 
O, qeyd edib ki, bu günə kimi Ukrayna birliyə daxil olmağa namizədlik statusu alan dövlət olub,  "lakin bu statusu gerçəkləşdirə biləcəyimizə tam əminlik olmayıb".
 
"Bu gündən sonra isə artıq dəqiq əminlik var ki, Ukrayna mütləq Avropa İttifaqının tamhüquqlu üzvü olacaq. Məsələ Ukraynanın Avropa İttifaqı ilə texniki işində, bizim sistemin Avropa İttifaqına uyğunlaşmasında və Avropanın siyasi iradəsindədir. Məsələ Avropa layihəsini həqiqətən mükəmməl etməkdədir", - Zelenski deyib.
 
O, Avropa İttifaqına aparan yolda Ukraynaya dəstək verən, "Ukraynaya kömək edən və Ukrayna naminə çarpışan hər kəsə" minnətdarlıq edib.
 
Lüksemburqda konfransdan sonra iyul ayında danışıqların əsas hissəsinə hazırlıq prosesi başlanacaq.
 
Bu, ikitərəfli görüşlər olacaq, bu görüşlər zamanı Ukrayna və Moldova 35 fəsil üzrə öz qanunvericiliyinin Avropa hüququna yaxınlaşması səviyyəsini tədqim edəcək. Proses Avropa Komissiyasının hesabatı ilə bitəcək.
 
Proses bir il çəkməlidir, lakin Avropa İttifaqının bəzi məmurlarının dəyərləndirməsinə görə, Ukrayna və Moldova üçün proses daha tez başa çata bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources