EN

İslam dininə görə haram olan qidaların sağlamlığa zərəri varmı? - ARAŞDIRMA

Bildiyimiz kimi, İslam dinində “halal” və “haram” deyə qəbul olunan qidalar var. “Haram” olaraq bildirilən qidaya əsas donuz ətini misal göstərə bilərik. Bəs başqa dinlərdə də belə “haram” sayılan qidalar varmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən dinşünas Elşad Miri bildirib ki, hər bir dinin özünə görə qadağaları var:

 

“İslam dinində “halal” və “haram” sözləri müvafiq olaraq “qadağan olunmayan” və “qadağan olunan” mənasında işlədilən terminlərdir. Xristian dinində ağızdan daxil olan hər bir şeyin qəbul olunduğu bildirilir. Onlarda “halal” və “haram” termini işlədilməsə də, hər şeyin qəbul edildiyi deyilir. Bu məsələyə daha həssas yanaşan yəhudilik dinidir – İudaizm. Onlar “kaşer” anlayışı və “şabbat” məsələsinə çox əhəmiyyət verirlər. Digər dinlərdə də müxtəlif sözlərlə ifadə olunan belə anlayışlar var. Məsələn, Hinduzim dini vegeterianlığı əsas alır. Ət və s. kimi vegetarian olmayan qidaları qəbul etmirlər”. 

 

E.Miri sonda qeyd edib ki, Quranda bildirilən “haram” ancaq qida ilə bağlı deyil:

 

“Belə ki, sadəcə donuz əti yeməməyi bu gün insanlar “haram” olaraq qəbul edirlərsə, digər tərəfdən, başqasının haqqına girməyin, yalançı şahidliyin və bu kimi şeylərin də “haram” olduğunu bilməlidirlər”. 


Dinşünasın dediklərinə əsasən digər dinlərdə də “haram” sayılan qida növləri var.

 

İslam dininə görə qadağan olunan qidaların sağlamlığa nə dərəcədə təsir etdiyini tibbi cəhətdən nəzərdən keçirək:


Donuz əti – İslamda bu qida haram sayılır. Elə bu qida haqqında qadağa kimi ilk dəfə “Bibliya”da məlumat verilib. Müsəlmanlar bu qidadan istifadə etməsə də, donuz əti ən çox istifadə olunan qidalar siyahısında yer tutur (Çin əhalisi 2015-ci ildə 56.668 ton donuz əti istehlak edib). Lakin elm adamları donuz ətinin insan üçün olduqca təhlükəli olduğunu bildirirlər. Donuz ilk növbədə tullantılarla, heyvan və quş leşləri ilə qidalandığı üçün infeksion və parazitar xəstəliklərin əsas daşıyıcısına çevrilir. Donuz əti asan həzm edilir, iştahaçan görüntüsü var. Amma böyük miqdarda xolesterin, lipid, antigen daşıdığına görə piylənmə yaradır ki, bu da xoş olmayan görüntüyə və ən əsası, orqanizm üçün xüsusi təhlükələrə (hipertoniya, insult, stenokardiya) yol açır. Donuz ətinin fəsadları bununla bitmir. Trixinoz xəstəliyini törədən trixinella parazitinin az bişmiş donuz ətindən insana keçməsi riski çox yüksəkdir. Trixinella paraziti bağırsağın divarlarına yapışır. Daha sonra qana keçərək ürək əzələsində iltihab əmələ gətirir, gözlərdə zəiflik yaradır. Elə məhz buna görə, Çində donuz ətindən sarımsaqla birlikdə istifadə edirlər.

 

İt və pişik əti – adı ikrah yaratsa belə, Çində hər il “İt əti” festivalında, 4 milyon pişik və 10 milyondan çox it öldürülərək istifadə edilir. Bu qədər etirazlara baxmayaraq, onlar hər il bu heyvanlara “insani” yolla qəsd edirlər. Dediklərinə görə, dadı yaxşı olsa da, bu ətlərdən istifadə olduqca təhlükəlidir. Bruselyoz, toksoplazmoz, toksokaroz ve exinokokkoz kimi qorxulu xəstəlikləri daşıdıqları üçün orqanizmdə xüsusi təhlükələrə yol açır. Bruselyoz sonsuzluğa, toksoplazmoz ana bətnində inkişaf edən döldə sinir sistemi pozuntularına və erkən doğuşa, toksokaroz pnevmoniyaya, qaraciyərin və dalağın böyüməsinə, exinokokkoz isə ağciyər, qaraciyər və beyin kimi orqanlarda törədici parazitin qovuq yaradaraq inkişafına və daha sonra o orqanları “yeyərək” ölümə yol açır.

 

Yırtıcı quşlar – Bunlara qartal, şahin, quzğun, qarğalar və bu kimi caynaqlı quşlar aiddir. Bu quşlar da tullantılar və heyvan qalıqları ilə qidalanır. Həm əzələ lifinin bərk olması, həm də daşıdıqları infeksiya bu quşları arzuolunmaz qidaya çevirir. Onlar quş qripi virusları, klostridilər, xlamidofillər, quduzluq virusları, qrip virusları kimi bir çox virus və bakteriyaların daşıyıcılarıdır. Qeyd edək ki, quş qripi virusu adı ilə tanıdığımız A(H5N1) virusu tənəffüs yollarının iltihabına, klostiridilər intoksikasiyaya (zəhərlənnəyə), xlamidofillər dəri və daxili orqanlarda iltihaba, qızarıqlığa, quduzluq virusları tənəffüs yollarının iltihabına və qrip virusları halsızlığa, başağrısına və zökəmə səbəb olur.

 

Qan və dalaq – Qanı, əlbəttə, çoxumuz ilk dəfə eşitsək də, Çində “qan sosisi” məşhur delikateslər sırasındadır. Amma buna baxmayaraq, bəzilərimiz ət qaynadarkən dəqiqələrlə suyun üzərinə yığılmış bişmiş qanı – kəfi yığırıq. Dalağa gəlincə isə, bəzilərinin ən sevdiyi orqandır. Çox yumşaq, həzmi rahat olan bir qidadır. Fəqət qan və dalaq əslində böyük təhlükələrə yol açan infeksion xəstəliklərin yuvasıdır. Təbii ki, qan bir sıra infeksiyaların; qurd və onların sürfələrinin daşıyıcısıdır. Buna misal kimi, Sibir yarası çöplərini, soliter qurdlarını göstərmək olar. Dalaq qanyaradıcı vacib orqanlardandır. Lakin infeksion proses səbəbilə pataloji hal baş verərsə, nəinki dövr edən qana təsir edər, hətta bu qidadan istifadə edən insanda da mənfi iz buraxar.

 

Alkoqollu içkilər – Bunlar İslam və İudaizm inanclarında çox pislənir. Eyni zamanda, şərabçılıq iqtisadiyyatın əsas sahələrindən biri hesab olunur. Amma bu içkilər psixoloji mənfiliklərlə yanaşı, orqan çatışmazlığına səbəb olaraq ölümə yol açır. Əqli zəifliyə səbəb olur. Bundan başqa, alkoqol aludələrində qeyri-iradi sidik və defekasiya aktına rast gəlinir. Alkoqolun oral, yəni ağızla qəbul edərkən müxtəlif sorulma proseslərində metobolik maddələr əmələ gəlir ki, bunların ən təhlükəlisi asetaldehiddir. Asetaldehid mutasiyalara səbəb olur, kanserogen proseslərə və DNT-yə zərər vurur. Alkoqol aludələrinin ölüm səbəbi ən çox mədə xorası, qaraciyər sirrozu, bağırsaq xərçəngi, xroniki böyrək çatışmazlığı xəstəlikləridir.

 

Firuzə Əliyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
2
sfera.az

3Sources