EN

Deputatlar Ali Baş Komandanı, ordumuzun qəhrəman əsgər və zabitlərini təbrik ediblər

VI çağırış Milli Məclisin sonuncu plenar iclası iyunun 28-də keçiriləcək

İyunun 25-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 17 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə bildirib ki,  Azərbaycan Ordusu şərəfli inkişaf yolu keçərək, bu gün dünyanın ən güclü orduları sırasında yer alır. O qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində, birgünlük antiterror tədbirlərində milli hərb tariximizə yazdıqları şanlı səhifələr xalqımızın qürur mənbəyidir: “Qəhrəman Ordumuzun döyüş meydanlarındakı hünəri qarşıya qoyulan hədəflərə çatmaq üçün onun ən mürəkkəb tapşırıqları yerinə yetirməyə qadir olduğunu göstərib”. Spiker özünün və deputatların adından Silahlı Qüvvələr Günü  münasibəti ilə Ali Baş Komandanı, ordumuzun qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı təbrik edib, Azərbaycanın milli maraqlarının və hərbi təhlükəsizliyinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayıb.

Sonra iclasda cari məsələlər müzakirə olunub. Komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, Fazil Mustafa, deputatlar Bəhruz Məhərrəmov, Elşad Mirbəşir oğlu, Sahib Alıyev, Ceyhun Məmmədov, Etibar Əliyev, Vüqar Bayramov və Tural Gəncəliyev çıxış ediblər. Deputatlar Silahlı Qüvvələr Günü münasibəti ilə təbriklərini çatdırıblar, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində, lokal xarakterli antiterror tədbirlərində, suverenliyimizin və ərazi bütövlüyümüzün tam  bərpa edilməsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaəti qürur hissi ilə qeyd ediblər. Çıxışlarda son illərdə Azərbaycanda ordu quruculuğu və hərbi potensialın möhkəmləndirilməsi, müdafiə və milli təhlükəsizliklə bağlı məsələlərin həlli istiqamətində atılan addımlar təqdirəlayiq hesab olunub. Hərbçilərin, habelə şəhid ailələri və qazilərin sosial təminatının daha da gücləndirilməsi sahəsində həyata keçirilən islahatların, dövlət dəstəyinin  əhəmiyyətindən bəhs edilib.

Müzakirələr zamanı, həmçinin bəzi dövlətlərin Cənubi Qafqazda sülhü və təhlükəsizliyi təhdid edən destruktiv fəaliyyəti pislənilib. Azərbaycanın regionda sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında səyləri vurğulanıb. Millət vəkilləri bir sıra digər aktual mövzularda da öz fikirlərini bölüşüblər.

Daha sonra gündəlikdəki məsələlər müzakirə edilib. İlk üç məsələnin 2024-cü ilin dövlət büdcəsində və büdcə zərfinə daxil olan digər sənədlərdə  dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin olduğu  diqqətə çatdırılıb. Bu məsələlərin müzakirəsi ilə əlaqədar olaraq iclasda hökumət üzvləri də iştirak ediblər. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Tahir Mirkişili komitə iclasında üçüncü oxunuşda müzakirə edilən qanun layihəsinə dair layihə təşəbbüskarları tərəfindən dəyişiklik irəli sürüldüyünü deyib. Bildirilib ki, təklif olunan dəyişikliyə əsasən, dövlət büdcəsinə Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların həcmi 500 milyon manat əvəzinə 535 milyon manat artırılaraq, 6 milyard 435 milyon manata çatdırılır. Qeyd edilib ki, əlavə 35 milyon manat daxilolmaların Əlavə Dəyər Vergisinin (ƏDV) həcminin artması hesabına təmin olunacağı ilə izah edilir. Dəyişiklik nəticəsində dövlət büdcəsinin qeyri-neft/qaz gəlirləri 18 milyard 619 milyon manat təşkil edəcək. Bununla yanaşı, dövlət büdcəsinin xərclərində də Dövlət Gömrük Komitəsinin xərclərinin 35 milyon manat artırılması təklif olunur.

Diqqətə çatdırılıb ki, nəticədə, ilkin təqdim olunmuş rəqəmə nisbətən, dövlət büdcəsinin gəlirləri 0,1 faiz artırılaraq 36 milyard 388 milyon manat, dövlət büdcəsinin xərcləri 0,1 faiz artırılaraq 39 milyard 742,3 milyon manat, dövlət büdcəsinin cari xərcləri 0,1 faiz artırılaraq 23 milyard 59,4 milyon manat təşkil edəcək. İcmal büdcənin gəlirləri, ilkin təqdim olunmuş rəqəmə nisbətən 0,1 faiz artırılaraq 43 milyard 515 milyon manat, xərcləri isə 0,1 faiz artırılaraq 45 milyard 626,8 milyon manat təşkil edəcək. Komitə sədri bildirib ki, dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsi 2024-cü ildə ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini uğurla həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaq.

Sonra iclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair məlumat verib. Hər iki sənəd barədə birinci və ikinci oxunuş zamanı geniş məlumat verildiyini deyən komitə sədri bir daha xatırladıb ki, təqdim edilmiş sənədlərə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üçün dürüstləşdirilmiş gəlir və xərcləri bərabər olaraq 30 milyon manat artırılaraq 6 milyard 949 milyon 860 min manat təşkil edəcək. Qeyd olunub ki, İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün dürüstləşdirilmiş büdcəsi 4,7 milyon manat artırılacaq və bu artım qeyri-büdcə sektoru üzrə baş verəcək. Musa Quliyev qanun layihələrinin ikinci oxunuşda müzakirələri zamanı deputatlar tərəfindən bəzi sosial problemlərlə əlaqədar qaldırılan məsələlərlə bağlı araşdırmaların aparıldığını və nəticələri barədə onlara məlumat verildiyini də söyləyib.

Müzakirələrdən sonra qanun layihələri üçüncü oxunuşda qəbul olunub. 

Sonra  “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq olunub. Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Millət vəkilləri daha sonra “Məşğulluq haqqında” qanuna, Ailə Məcəlləsinə, Vergi Məcəlləsinə, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlara üçüncü oxunuşda dəyişikliklər ediblər. Deputatlar Torpaq Məcəlləsinə, Əmək Məcəlləsinə dəyişiklikləri və gündəlikdə olan digər qanun layihələrini də qəbul ediblər.

İclasın sonunda spiker Sahibə Qafarova parlamentin növbəti iclasının iyunun 28-də keçiriləcəyini bildirib. Həmin iclasın gündəliyinə 14 məsələnin daxil edilməsi nəzərdə tutulur. Qeyd edək ki, bu iclasın VI çağırış Milli Məclisin sonuncu toplantısı olacağı bildirilir.

Nardar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources