EN

Güclü, Peşəkar və Qalib

Azərbaycan Ordusu paradlar ordusu deyil, güclü, peşəkar, müharibədə, real döyüş əməliyyatlarında öz sözünü demiş, özünü təsdiqləmiş ordudur

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, taleyüklü məsələlərinin həlli naminə göstərdiyi xidmətlərin alternativi yoxdur. SSRİ miqyasında heç bir müttəfiq respublikada olmayan, heç bir dövlət başçısının cəsarət etməyəcəyi təşəbbüsü ilə hələ o illərdə sayılıb-seçilən Ulu Öndər Heydər Əliyev həmkarlarından fərqlənirdi. Hərbi təcrübəsini dövlətçilik məharəti ilə vəhdətdə həyata keçirən müdrik şəxsiyyətin adı sağlığında belə əbədiləşmişdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmaqla uzaqgörən siyasətçi olduğunu təsdiqləyən Ulu Öndər ordu quruculuğu istiqamətində apardığı siyasəti, milli kadrların yetişdirilməsi istəyini sonrakı illərdə daha geniş miqyasda davam etdirdi. Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi müddətdə ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları arasında yer almasıdır.

Amma 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan üzərində Zəfər qazanan Silahlı Qüvvələrimizin keçdiyi yol asan olmamışdır. Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi müddətdə muxtar respublikanı Ermənistanın işğalından qorumaq üçün mümkün bütün variantlardan müdrikcəsinə istifadə edən Ulu Öndər ilk növbədə diqqəti sərhədlərin qorunmasına yönəltdi. 1992-ci ildə muxtar respublika rəhbərliyinin, Rusiya Sərhəd Qoşunları Baş İdarəsinin və Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin nümayəndələrinin iştirakı ilə Naxçıvanda yerləşən 41-ci sərhəd dəstəsinin ləğvi, «yaşıl papaq»lıların funksiyalarının, bütün hərbi və təsərrüfat əmlaklarının Azərbaycan Respublikasının I Sərhəd Dəstəsinə verilməsi ilə bağlı sənədlər imzalandı. SSRİ-nin ucqar cənub bölgəsi sayılan Naxçıvanda uzun illərdən bəri məskən salmış 75-ci motoatıcı diviziyanın bütün silahları, texnikası, hərbi ləvazimatları, əmlakı Azərbaycan xalqının milli sərvəti kimi muxtar respublikada yaradılan Dövlət Müdafiə Komitəsinin sərəncamına verildi. O ağır illərdə müdrik siyasəti ilə Naxçıvanı Ermənistanın təcavüzündən qoruyan Ulu Öndər Heydər Əliyev fəxrlə bildirirdi ki, Naxçıvanda artıq formalaşan Milli Orduda və Sərhəd Dəstəsində vaxtilə yaratdığı Cəmşid Naxçıvanski adına məktəbin məzunları təcrübəli hərbçi kimi Vətənə xidmət edirlər.

1992-ci ilin oktyabr ayında Naxçıvan şəhərindəki Azadlıq meydanında keçirilən hərbi paradda müstəqil Azərbaycanın dövlətçilik atributlarının əsas hissəsi olan və milli kadrlardan formalaşan Silahlı Qüvvələrimizin yaradılmasını böyük qürur hissi ilə diqqətə çatdıran Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycan xalqının qəhrəmanlıq tarixini layiqincə davam etdirəcək, dövlətçiliyimizi qoruyacaq əsgər və zabitlərimiz onlara göstərilən etimadı doğruldacaqlar. Əsas odur ki, artıq Naxçıvanda nizami milli ordu mövcuddur. «Biz tam əminik ki, bu keçid dövründə, Ermənistanla gedən müharibə şəraitində yaradılmış Milli Ordumuzun əsgər və zabitləri, bölmə və hissə komandirləri öz döyüş məharətlərini durmadan yüksəldəcək, müasir hərbi elmə inadla yiyələnəcək, torpaqlarımızın etibarlı surətdə müdafiə olunmasını yüksək səviyyədə təmin edəcəklər» sözləri ilə hərbçilərə xeyir-dua verən Ulu Öndər torpaqlarımızın Ermənistanın işğalından azad olunacağına əminliyini ifadə edirdi. «Mən şübhəsiz ki, heç kimi arxayın salmaq, heç kəsi sayıqlıqdan çəkindirmək istəmirəm. Azərbaycan xalqı öz milli azadlığını əldə edib. Azərbaycan müstəqil dövlət kimi dünyada tanınıb və heç bir qüvvə xalqımızı bu yoldan geri döndərə bilməz. Lakin biz müstəqil Azərbaycan dövlətini möhkəmləndirmək, onun hərbi qüdrətini daha da yüksəltmək üçün çox böyük çətin yol keçməliyk» sözləri ilə torpaqlarımızın işğaldan azad ediləcəyini inamla bildirən Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Ali Baş Komandan olaraq Silahlı Qüvvələrimizin hazırlığını elmi əsaslarla təmin etdi. Xalqla ordu arasındakı əlaqələri daha da möhkəmləndirən, bu birliyin yenilməzliyinə inanan Ümummilli Lider Heydər Əliyev dövlətin və xalqın mənafelərinə cavab verən hərbi siyasəti müdrikcəsinə müəyyənləşdirdi, gənclərin hərb elminə marağı artırıldı.

2003-cü ildə respublikada keçirilən prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək Azərbaycanı özü qədər inandığı hazırlıqlı şəxsiyyətə etibar etdiyini bildirən Ulu Öndər bu şərəfli vəzifənin öhdəsindən gələcək qətiyyətli sərkərdənin siyasi iradəsinə, dövlətçilik təcrübəsinə də əmin idi. «Nəyin, necə, nə vaxt ediləcəyi» tezisini Azərbaycana rəhbərliyinin ilk günlərindən zərgər dəqiqliyi, konseptual proqramlar əsasında müəyyənləşdirən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da varislik məsuliyyətini layiqincə yerinə yetirdi. Ali Baş Komandan kimi ordu quruculuğu sahəsində müasir dövrün tələblərinə uyğun genişmiqyaslı islahatlar aparan Prezident, Ali Baş Komandan İlham Əliyev sərkərdəlik məharəti ilə Azərbaycan Silahlı Qüvvələrinin gücünü, peşəkarlığını artırdı. Əsgər və zabitlərimizin qarşıya qoyulan istənilən vəzifəni yüksək səviyyədə icra etmək bacarığının təkmilləşdirilməsi üçün hərbçilərimizin xarici ölkələrdə təhsil almaları, təcrübə qazanmaları təmin edildi. Bu müdrik siyasət nəticəsində Azərbaycanın Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusuna çevrildi.

2016-cı ilin Aprel döyüşlərində sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin minlərlə hektar hissəsini azad edən Silahlı Qüvvələrimizin döyüşçüləri Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən Günnüt əməliyyatı ilə Ermənistana daha ağır zərbələr vurdular.

«Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir» söyləyən Prezident İlham Əliyevin sözləri Silahlı Qüvvələrimizin 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığı Zəfərlə, 2023-cü ilin sentyabr ayında aparılan qısamüddətli antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpası ilə təsdiqləndi. Bütün bunlar açıq şəkildə bəyan etdi ki, Azərbaycan Ordusu paradlar ordusu deyil, güclü, peşəkar, müharibədə, real döyüş əməliyyatlarında öz sözünü demiş, özünü təsdiqləmiş ordudur.

Vətəninə, dövlətinə bağlılığı ilə seçilən çox güclü Silahlı Qüvvələrimizin rəşadəti sayəsində 44 gün davam edən Vətən müharibəsində Ermənistan ordusu haqqında uydurulan «mif»ə son qoyuldu. Şuşa əməliyyatı zamanı hərbi baxımdan ən çətin sayılan dağlıq ərazilərdə peşəkarlıq göstərən əsgər və zabitlərimizin göstərdikləri peşəkarlıq dünyanın müxtəlif hərb məktəblərinin dərsliklərinə salınıb, tədris edilir. Vətən müharibəsinin ilk saatlarından son anına qədər Silahlı Qüvvələrimizin bir fərdi belə döyüş mövqelərindən bir addım da geri çəkilmədi. Halbuki, darmadağın edilən «məğlubedilməz» erməni ordusunda on bir mindən artıq fərarinin olduğunu rəsmi İrəvan da etiraf edir. Hərbi sahədə ixtisaslaşmış, dünyanın ən nüfuzlu hərbi analitik mərkəzlərindən sayılan «Global Firepower» portalının 2023-cü il üçün reytinq siyahısına əsasən, Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sırada, Cənubi Qafqazda isə birinci yerdədir.

Təbii ki, Silahlı Qüvvələrimizin peşəkarlıq səviyyəsinin artırılmasında qardaş Türkiyənin özünəməxsus rolu var. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının formalaşdırılmasında Türkiyə müdafiə sənayesinin imkanlarından geniş istifadə edilir. Dünyanın ən güclü orduları sırasında 10-cu, NATO-da isə 2-ci olan Türkiyə Silahlı Qüvvələri ilə birgə çoxsaylı hərbi təlimlərdə iştirak edən, təcrübə mübadiləsi aparan Silahlı Qüvvələrimiz müasir model əsasında yenidən qurulur. Yeni komando birlikləri yaradılır, xüsusi təyinatlı birləşmələrin sayı artırılır, institusional və struktur islahatları dərinləşdirilir. Dünyanın ən müasir hərb sənayesinə malik olan strateji müttəfiqimiz İsraillə müdafiə sahəsində əlaqələr daha da dərinləşdirilir, ordumuzun ehtiyacı olan və müasir çağırışlara cavab verən ən müasir hərbi texnikaların idxalı sürətlənir. Vətən müharibəsində mənəvi və siyasi dəstəyini əsirgəməyən müsəlman dünyasında yeganə nüvə dövləti adını qazanmış Pakistanla da hərbi-texniki əməkdaşlıq imkanları genişləndirilir.

Ata-baba yurdumuza sahibliyimizi təsdiqləyən və tarixi hadisə olan Laçın sərhəd keçid-buraxılış məntəqəsinin açılması,
«Fərrux», «Sarıbaba-Qırxqız», «Qisas» əməliyyatları Silahlı Qüvvələrimizin döyüş salnaməsinə qızıl hərflərlə yazıldı. 19-20 sentyabr lokal antiterror əməliyyatı ilə erməni separatizminə son qoyan Milli Ordumuz, təhlükəsizlik orqanları müharibənin humanizm şərtlərinə əməl edərək mülki ermənilərə insanlıq qanunları ilə rəftar etdilər. Separatçı rejimin «prezidenti»nin, «parlament sədri»nin, əli soydaşlarımızın, Xocalı soyqırımı qurbanlarının qanına batmış erməni cəlladlarının həbsində, zərərsizləşdirilməsində hərbçilərimiz əsl mənada qətiyyət göstərdilər. Xankəndidə dalğalanan Dövlət Bayrağımız isə Ermənistana, onun dəstəkçilərinə sağalmaz zərbə oldu. «Biz, ümumiyyətlə, deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən sonra Qarabağda nələr baş verdiyindən tam xəbərdar idik, həm vizual, həm operativ tam nəzarət edirdik. Yəni, bunu Ermənistana çatdırmağa çalışırdıq ki, bu, bizim nəzarətimizdədir və istənilən an biz əməliyyat keçirə bilərik. Həm Ermənistan rəhbərliyinə, həm beynəlxalq aktorlara deyirdim ki, bir dəqiqə ərzində mən düyməyə basıb bu əməliyyatı keçirəcəyəm, heç nə də edə bilməyəcəksiniz. Açıq deyirdim onlara. Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil» söyləri ilə Ermənistan revanşistlərinə xəbərdarlıq edən Prezident İlham Əliyev heç vaxt sakitləşməməyi də tövsiyə edir. İkinci Qarabağ müharibəsindən sonra daha da güclənən ordumuz alınan yeni texnika, yeni sursatlar, ən müasir avadanlıqlar hesabına daha da təkmilləşir, hərbçilərimizin əzmi, rəşadəti, döyüş qabiliyyəti artır.

Ermənistanla Azərbaycan arasında delimitasiya işlərinin aparıldığı , sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yarandığı indiki məqamda Fransanın qan qoxuyan saxta dəstəyinə arxalanaraq səmum yeli kimi istiqamətini dəyişdirən, «dəmir yumruğ»un zərbəsindən hələ də nəticə çıxarmayan rəsmi İrəvan gorbagor babaları daşnaklardan qalma börklərini deyil, əsl kişilərə məxsus papaqlarını (əgər varsa!) qarşılarına qoyub Prezident İlham Əliyevin «Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq «Bastion» maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik» sözlərindən nəticə çıxarmalarının son mərhələsindədirlər. Bizə qarşı təhdidləri, təxribatları artıranlar bilməlidirlər ki, Azərbaycan əsgəri nəyə qadir olduğunu döyüş meydanında göstərib. Ölkəmizdə ordu quruculuğu istiqamətində islahatlar bu gün də davam etdirilir. Sərhədlərimiz etibarlı əllərdədir. Ən əsası isə cəmiyyətimizdə hökm sürən xalq-lider-ordu birliyi sarsılmazdır. Prezident İlham Əliyevin «Bu birlik Azərbaycan əsgərinin ən böyük inamı və dayağıdır. Mən iki gün əvvəl Xankəndinin əsas, mərkəzi meydanında xalqa müraciət edərkən demişdim ki, bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək» sözləri, eyni zamanda, Ali Baş Komandanın Vətənimizin varlığını, müstəqilliyimizi, sərhədlərimizi əmanət etdiyimiz hərbçilərimizə inamının, etimadının ifadəsidir.

Xuraman İsmayılqızı, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
ikisahil.az

1Sources